Praqa şəhərində Xocalı faciəsi
ilə bağlı aksiya keçirilmişdir
Çexiyanın paytaxtı Praqa şəhərində "Azerbaijani Student Association in Prague" (ASAP) qeyri-hökumət təşkilatı "Xocalıya ədalət!" şüarı altında aksiya keçirmişdir.
ASAP-dan AzərTAc-a verilən məlumatda bildirilir ki, yerli icra orqanları ilə əvvəlcədən razılaşdırılmış tədbir şəhərin tarixi mərkəzi sayılan və insanların gur yeri olan "Respublika meydanı" adlanan ərazidə baş tutmuşdur.
Tədbirin məqsədi Xocalıda baş vermiş soyqırımı aktını Çexiya əhalisinə və əcnəbi vətəndaşlara çatdırmaqdan ibarət olmuşdur. Bu məqsədə nail olmaq üçün "ArtCouncil Azerbaijan" təşkilatı tərəfindən Xocalı qətliamını özünəməxsus tərzdə təsvir edən rəsmlərin sərgisi təşkil olunmuş, Azərbaycanın Çexiyadakı səfirliyinin maliyyə vəsaiti nəticəsində onadək xarici dildə audioyazılar səsləndirilmiş, bir neçə film nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə çıxış edərək 21 il əvvəl Azərbaycanda baş vermiş soyqırımı barədə geniş məlumat vermiş və yeni yaranmış ASAP təşkilatına uğurlar arzulamışdır.
Aksiyada, həmçinin Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycanın tarixini işıqlandıran müxtəlif kitablar, broşürlər, xəritə və digər təbliğat materialları gələn qonaqlara paylanılmışdır. Həmçinin tədbir iştirakçılarına milli şirniyyat və "Jalə" şirələrindən dadmaq imkanı yaradılmışdır.
Tədbir
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
düzülmüş şamların yandırılması ilə
başa çatmışdır.
Azərbaycan.-2013.- 27 fevral.- S.5.