Xocalının məhv edilən maddi-mədəniyyət
abidələri
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan bir ana idi sanki - fəryadı qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən!
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmış və buna müəyyən mənada nail olmuşlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişdir. Ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göyə sovrulmuşdur.
Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki zaman dəyişmiş, qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
Xocalı strateji mövqeyə malik idi. Erməni vandalları
isə bunu yaxşı bilirdilər.
Qədim
yurd yerlərimizdən
biri olduğu üçün Xocalı
tarixinin ululuğu, mədəniyyətinin zənginliyi
ilə də seçilirdi. Orada qədim
tarixə malik abidələr də işğal zamanı darmadağın edildi.
Bu isə o deməkdir
ki, vandalizm siyasəti yürüdən
ermənilər tariximizi
və mədəniyyətimizi
yer üzündən silməyi qarşılarına
əsas məqsəd qoyublar. Çünki bunun arxasında
"Böyük Ermənistan"
xülyası dayanır.
Yandırılıb külü
göylərə sovrulan
şəhərin yaxınlığında
bizim e.ə. XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy
mədəniyyəti abidələri
var idi. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən
abidələr - daş
qutular, kurqanlar və nekropollar tapılmışdı. Memarlıq abidələrindən
olan dairəvi qəbir (1356-1357-ci illər)
və mavzoley (XIV əsr) vardı. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük
bəzək, gildən
ev əşyaları aşkar
edilmişdi. Tapılmış muncuq dənələrinin
birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdı.
Biz ermənilərin törətdikləri
amansız soyqırımı
nəticəsində Xocalıda
yer üzündən silinən maddi-mədəniyyət
nümunələrinin, tarixi
və dini abidələrin siyahısına
nəzər salanda bir daha düşmənin
məkrli, çirkin siyasətinin şahidi olur və bunu
dünyanın sivil xalqlarının diqqətinə
çatdırmaq istəyirik. Budur adları mədəniyyət
tariximizin səhifələrinə yazılan və Xocalıda ermənilər
tərəfindən məhv
edilən maddi-mədəniyyət
nümunələrimiz, hansı
ki, bu gün
onların heç birindən əsər-əlamət
qalmayıb: daş qutu nekropolu - tunc dövrü (Xocalı şəhəri
Əsgəran dağı), nekropol - ilk tunc və orta
tunc dövrü (Xankəndidən cənubda), Xocalı kurqanları - ilk tunc və dəmir dövrü, küp qəbirləri nekropolu -
ilk orta əsrlər (Xankəndinin ərazisində),
kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında), Xankəndi
kurqanları - tunc dövrü (Xankəndidən
şimalda), Xaçınçay
nekropolu - ilk tunc və orta tunc
dövrü (Seyidşən
kəndindən şimal-şərqdə),
küp qəbirləri
nekropolu - tunc dövrü (Armudlu kəndindən 2 km İlis
kəndinə tərəf),
kurqan - tunc dövrü (Armudlu kəndindən 15 km aralı,
İlis çayının
sahilində), daş qutu nekropolu - dəmir dövrü (Armudlu kəndinin qəbiristanlığı yaxınlığında),
köhnə qəbiristanlıq
- tunc dövrü (Çanaqçı kəndi), daş qutu nekropolu - dəmir dövrü (Saruşen kəndi), daş qutu nekropolu
- dəmir dövrü
(Saruşen kəndi, dağın ətəyində),
alban məbədi -
905-ci il (Şuşa kəndi), dairəvi məbəd (1356-1357-ci illər,
Xocalı şəhərində),
türbə - XlV əsr (Xocalı şəhəri), alban məbədi - 1100-cü il
(Çanaxçı kəndi),
alban məbədi -
1065-ci il (Çanaxçı
kəndi), alban məbədi - 1122-ci il (Xansıx kəndi), alban məbədi -
1100-cü il (Xaçmaz
kəndi), alban məbədi - 1202-ci il (Armudlu kəndi), Qala - X əsr (Maşxmat kəndi), Qırxlar qalası - orta əsrlər (Badara kəndi), Məbəd kompleksi - VII əsr (Badara kəndi), Qala - IX əsr (Daşbaşı kəndi), Əsgəran qalası -
XVIII əsr (Əsgəran
qəsəbəsi), Aslan
qalası - IX əsr (Anabert kəndi), Məbəd - XIII əsr (Xanabad kəndi).
Məhvə məhkum edilən sərvət təkcə bu sadaladığımız
maddi-mədəniyyət nümunələri
deyildi. Əhalisi əsasən üzümçülük,
heyvandarlıq, arıçılıq
və əkinçiliklə
məşğul olan bu şəhərdə toxuculuq fabriki, 2 orta və 2 səkkizillik məktəb
fəaliyyət göstərib.
Son illər baş vermiş hadisələrlə
əlaqədar Fərqanədən
(Özbəkistan) qaçqın
düşmüş Məshəti türklərindən ibarət
54 ailə, həmçinin
indi Ermənistandan və Xankəndidən zorla çıxarılmış
soydaşlarımız da
bu şəhərdə
məskunlaşmışdılar.
Sonralar erməni
tərəfi "etiraf"
etmişdi ki, silahlı daşnak dəstələrinin əsas
məqsədi Xocalı
platsdarmının məhv
edilməsi, bu məntəqədən keçən
Əsgəran-Xankəndi yolunun
boşaldılması, hava
limanının ələ
keçirilməsi idi. Bunun üçünsə Xocalı
bir gecənin içərisində yerlə
yeksan edildi, xocalılılar süngülərə
taxıldı... Bütün bu
dəhşətlərdən dünya xalqlarının xəbəri olsa da, cinayətkarlar cəzalandırılmadı. Bəşəriyyət
hələ də susur, yaxud saxta
erməni soyqırımından
danışılır, müzakirələr
aparılır...
Azərbaycan xalqının XX əsrdə
üzləşdiyi dəhşətli
faciələrdən biri
olan Xocalı qətliamı Xatın, Xirosima, Lidsa, Oradur soyqırımları
ilə eyni dərəcədə qəbul
edilir. 1991-ci ilin oktyabrından mühasirə
şəraitində olan
Xocalıya əsas nəqliyyat xətti havadan idi. Sonuncu
dəfə vertolyot
1992-ci il yanvarın 28-də bu istiqamətə uçub.
Şuşa səmasında həmin
vertolyotun ermənilər
tərəfindən vurulması
nəticəsində 40 nəfərin
faciəli şəkildə
həlak olmasından sonra Xocalı havadan da mühasirəyə
alınıb. Şəhərə yanvar ayının 2-dən
elektrik enerjisi verilməyib. Xocalının müdafiəsi əsasən
yerli özünümüdafiə
dəstəsi və Milli Ordunun təlim
keçmədən ön
cəbhəyə yollanan
əsgərləri tərəfindən
həyata keçirilib.
Xocalıya hücum fevralın
25-də axşam Sovet
ordusunun 366-cı motoatıcı
alayının hərbi
texnikasının döyüş
mövqelərinə çıxması və toplardan, tanklardan, "Alazan" tipli "zenit"lərdən açılan
2 saatlıq atəşdən
sonra başlanıb. Şəhərə üç istiqamətdən
hücum edildiyi üçün əhali Əsgəran tərəfə
qaçmağa məcbur
olub. Amma bu, qurulmuş
bir tələ olduğundan Naxçıvanik
kəndi yaxınlığında
dinc əhalinin qarşısı erməni
silahlıları tərəfindən
kəsilərək gülləbarana
tutulub. Qarlı dağ aşırımlarında
və meşələrdə
onlar tamamilə əldən-ayaqdan düşənləri,
şaxta donduranları,
sağ qalanları xüsusi qəddarlıqla
qətlə yetiriblər.
Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının
meyiti gətirildiyi barədə məlumatlar verilib, həmin cəsədlərin amansızcasına
təhqirə məruz
qalması faktları aşkar edilib.
Fevral ayının
28-də tərkibində yerli
jurnalistlərdən olan
2 qrup vertolyotla azərbaycanlıların qətlə
yetirildikləri yerə
çatıb. Oradakı mənzərə hamını dəhşətə
gətirib. Meyitlərin
skalplarının götürülməsi,
cəsədlərin qulaq,
burun və digər orqanlarının
kəsilməsi, gözlərinin
oyularaq çıxarılması,
bədən əzələlərinin kəsilməsi, çoxsaylı
bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr,
yandırılmalar və
digər belə vəhşiliklər bir daha ermənilərin vandalizm siyasəti yeritdiyini təsdiqləyirdi.
Həmin qanlı-qırğınlı günlərdə
xocalılılar yalnız
qətlə yetirilmədilər. Onlardan 1275-i (qoca, qadın və uşaq) isə əsir aparılaraq dəhşətli
təhqir, zülm və həqarətlərə
məruz qalıb, min nəfər isə əlil və şikəst olub.
BMT Təhlükəsizlik Şurası
Dağlıq Qarabağ
münaqişəsinin tezliklə
sülh yolu, beynəlxalq norma
və prinsiplər əsasında həlli, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın
və məcburi köçkünlərin doğma
yurdlarına qaytarılması
haqqında hələ
1993-cü ildə dalbadal
822, 853, 874, 884 saylı qətnamələr
qəbul edib. Lakin Ermənistan nəinki həmin rəsmi qərarlara məhəl qoymayıb, üstəlik, Azərbaycanın
digər ərazilərini
də zəbt edərək oradakı soydaşlarımızı məcburi köçkünə
çevirməklə bu
çirkin siyasətindən
əl çəkməyib,
o yerlərdəki
tarixi, dini və mədəniyyət
abidələrinin izini
belə silib.
Bu qətliamı törədən
ermənilər isə
vəhşiliklərindən sanki öyünürmüşlər
kimi danışırdılar.
Qarabağ hadisələrinin
iştirakçışı, erməni ideoloqlarından olan Zori Balayan
"Ruhumuzun dirçəlişi"
adlı kitabında
1992-ci il fevralın
26-da Xocalıda törətdikləri
soyqırımı haqqında
belə yazır:
"Biz Xaçaturla ələ
keçirdiyimiz evə
girərkən əsgərlərimiz
13 yaşlı bir türk uşağını
pəncərəyə mismarlamışdılar.
Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının
kəsilmiş döşünü
onun ağzına soxdu. Daha sonra 13 yaşındakı
türkün başından,
sinəsindən və
qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə
sonra qan itirərək dünyasını
dəyişdi. Ruhum sevincdən
qürurlandı. Xaçatur daha
sonra ölmüş türk uşağının
cəsədini hissə-hissə
doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi
daha 3 türk uşağına etdik.
Mən bir erməni kimi öz vəzifəmi
yerinə yetirdim.
Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə
fəxr duyacaq".
Xocalı
soyqırımında iştirak etmiş ermənilərin və
onların köməkçilərinin hərəkətləri,
insan haqlarının kobudcasına pozulması beynəlxalq
hüquqi aktlara - Cenevrə Konvensiyası, Ümumdünya
İnsan Haqları Bəyannaməsi, Vətəndaş və
siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə
vəziyyətlərdə və hərbi münaqişələr
zamanı qadınların və uşaqların müdafiəsi
Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 27 fevral.- S.5.