Türkiyə Prezidenti
Abdullah Gülün
Sarkisyanı təbrik
etməsi Azərbaycanda acı təəssüf doğurdu
Ermənistanda
əli qana batmış Serj Sarkisyan saxta prezident seçkilərinin
qalibi hesab olunur. Seçkinin rəsmi nəticələri
açıqlanmamışdan, əvvəl qurulmuş ssenari
üzrə hərəkət edən terrorçu komanda
artıq rəhbərinin ünvanına təbrikləri qəbul
edirdi. İlk təbrik Rusiya Prezidenti Vladimir Putindən gəldi.
Bu, Azərbaycan ictimaiyyəti üçün
başadüşüləndir və burada elə bir qəribəlik
axtarmağa, heyrətlənməyə dəyməz. Ancaq
böyük qardaş saydığımız Türkiyə
Respublikasının Prezidenti Abdullah Gülün
terrorçunu, qondarma soyqırımından hər fürsətdə
istifadə edən, Türkiyəyə torpaq iddiasını
açıq-aşkar bildirən Serj Sarkisyanı təbrik etməsi
Azərbaycanda acı təəssüf doğurdu. Hətta buna
Milli Məclis səviyyəsində də etiraz olundu.
Qəzetimizə
açıqlamasında Milli Məclisin deputatı,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) sədri Qüdrət Həsənquliyev bildirdi ki,
Türkiyə prezidentinin bu hərəkəti təəssüf
hissi yaradır. BAXCP sədrinin qənaətinə görə,
on minlərlə insanın Ermənistanda keçirilən
prezident seçkilərinin nəticələrinə etiraz əlaməti
olaraq müddətsiz və oturaq etiraz aksiyasına
başladıqları bir zamanda demokratik dəyərlərə
sadiq olduğunu bəyan edən bir ölkənin prezidentinin Serj
Sarkisyanı təbrik etməsi demokratiyaya, insan hüquq və
azadlıqlarına hayqırıq kimi qiymətləndirilməlidir:
"Bəlli olduğu kimi Türkiyə ilə Ermənistan
arasında rəsmi diplomatik münasibətlər mövcud
deyil. Belə bir vəziyyətdə Abdullah Gülün
Sarkisyanı təbrik etməsi başa düşülən
deyil. Əgər kimlərsə belə addımların
müqabilində Ermənistanın və ermənilərin
qondarma soyqırımı və Türkiyəyə
qarşı ərazi iddialarından əl çəkəcəklərini
düşünürlərsə, yanılırlar. "Futbol
diplomatiyası", Sürix protokolları, Ermənistan vətəndaşları
olan qanunsuz miqrantlara Türkiyədə yaşamaq və
işləmək üçün yaradılan şərait nəticə
vermədiyi kimi, telefon zəngləri, təbriklər və bu
kimi digər addımlar da heç bir nəticə verməyəcək.
Çünki qondarma soyqırımı iddiaları ermənilərin,
erməni diasporunun mövcudluğunu, Ermənistanın daxili və
xarici siyasətinin təməl sütunlarını təşkil
edir".
BAXCP
sədri qardaş Türkiyənin rəsmiləri tərəfindən
sərgilənən bu davranışın Azərbaycanda
ürək ağrısı ilə
qarşılandığını, insanların hisslərinə
toxunduğunu vurğuladı: "Bu qəbildən olan
addımlar iki qardaş dövlət arasında olan münasibətlərin
səmimiliyini şübhə altına alır, Azərbaycan-Türkiyə
münasibətlərinin daha da inkişaf etməsini arzulayan
insanların mövqelərinə və ictimai rəyə
olduqca ciddi və neqativ təsir göstərir. Xüsusilə
də Xocalı soyqırımının 21-ci
ildönümü ərəfəsində bu
soyqırımı aktının əsas ideoloqlarından və
təşkilatçılarından biri olan Sarkisyanın təbrik
edilməsi heç bir şəkildə anlaşıla və
qəbul edilə bilməz".
Deputatın
fikrincə, bu qərarı Türkiyə xalqının qərarı
kimi qəbul etmək yanlışlıqdır. Çünki
Azərbaycan və Türkiyə qardaş ölkələrdir
və bu qardaşlıq sona qədər də davam edəcək.
Milli
Məclisin deputatı, Ana Vətən Partiyasının sədr
müavini Zahid Oruc isə deyir ki, bu gün siyasəti mənəviyyat
müstəvisində təhlil etməmək qaydası az qala
onun əlifbasına çevrilib. Lakin diplomatiya da gərək normal bir hədəfə hesablansın
və nəticə versin. Onun fikrincə,
Türkiyə dövlət
başçısı Sarkisyanı
prezident seçilməsi
münasibətilə təbrik
edəndə hansı
məqsədləri güddüyünü
və ona nail olmaq ehtimalını hesablamaq o qədər də çətin deyil: "Yəhudilərə
münasibət Avropada
mədəniyyət göstəricisinə
çevrilib. Xolokostu inkar
insanlıq mövqeyi sayılmır və BMT xüsusi qərar çıxarıb ki, bütün xalqlar yəhudu qırğınlarını
tanısın və onların dərdinə şərik olsun. Ermənilərə münasibət də
uzun on illərin təbliğatının nəticəsi
olaraq belə bir şəkil alıb ki, Abdullah Gül Avropa mədəniyyətinə və
sivil münasibətlərə
adi bir protokol
jesti etmək istəyib. Lakin nəyin hesabına?
Biz bu yerdə
qətiyyən Qarabağın
işğalını və
Azərbaycanın müharibə
gerçəkliyini türk
Prezidentin üzərinə
mənəvi öhdəlik
kimi qoymaq istəmirik. Ola bilsin ki, qardaş
ölkənin siyasi və taktiki planları bəzən qeyri-rasional addımlar atmağı tələb edə bilər. Hətta bu yerdə türk-erməni
tarixi düşmənçiliyi
və saxta soyqırımı kampaniyasını
da arxa plana
keçirmək mümkündür.
Lakin heç uzaq keçmişə getmədən
elə seçki tamaşasını bütövlükdə
izləmək yetərdi
ki, bu təbrikdən
geri durasan və saxta diplomatik
mesajı verməyəsən".
Zahid Orucun sözlərinə görə,
Ermənistanda bütün
namizədlərin əsas
platforması Ağrı
dağı ideallarından,
antitürk bəyanatlarından
və Qarabağ platformasından ibarət olubsa, belə marafonun və seçki kriminallığının
qalibini necə təbrik etmək olar?Axı sabah həmin qələbənin
müəllifi Türkiyəyə
ərazi iddiaları kimi verdiyi vədləri
yerinə yetirməyə
çalışacaq. Onda
Sarkisyanı avantürist
adlandırmağa əsaslar
türk diplomatiyasının
əlindən çıxmış
olacaq: "Biz heç
demokratiyadan danışmırıq.
Bəşər Əsədi
insanlıq düşməni
adlandıran Türkiyə
siyasi elitasının
əlində on minlərlə
fakt sübut edir ki, bəşəri
cinayətkar olan Sarkisyan nəinki azərbaycanlıları, eləcə
də erməniləri
qətlə yetirərək,
onların gələcəyini
işğal edərək
dövlət başçısı
"seçilib". Ona
görə yüz protokol pozulsa da, Allahın mizan-tərəzisinin düzlüyü
naminə Şeytanı
təbrik etməzlər!".
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri,
deputat Fərəc Quliyev isə bildirdi ki, bir-birinə
tarixən bağlı
olan, iki qardaş ölkə arasında ayrı-seçkilik
salmaq düzgün deyil: "Biz Azərbaycan və Türkiyə arasındakı müttəfiqliyi
anlayırıq və
buna hörmətlə
yanaşırıq. Azərbaycan daim
Türkiyəni özünə
qardaş ölkə hesab edib və
bu gün də yüksək münasibətlərimiz davam
edir. Biz bütün məsələlərdə
qardaş dövlətlə
məsləhətləşməyə də hazırıq.
Ancaq təəccüblüsü ondadır
ki, xarici siyasətimizi birgə müzakirə etdiyimiz və ortaq bayraq,
ortaq ordu yaratmaq ideyası ortaya atıldığı
bir vaxtda belə bir addımın
atılması bizi çox məyus edir. Əgər Türkiyə dövlətinin
başında duran bir şəxs belə davranış nümayiş etdirirsə,
biz buna adekvat cavabımızı verməliyik
və hesab eləmirik ki, bu, Türkiyənin iradəsidir. Bizim də
iradımız Türkiyəyə
yox, məhz Abdullah Gülün özünədir".
Deputat
eyni zamanda bildirdi ki, bir vaxt Türkiyə Prezidenti qondarma
prezident Serj Sarkisyana qarşı yanlış davranaraq onun
üçün xüsusi kreslo hazırlatdırıb, hətta
evində xüsusi yemək də bişirtdirib. Ancaq əvəzində
Sarkisyan Ermənistana qayıtdıqdan sonra başqa
iddialarından danışıb. İndi isə yenə onun tərəfindən
Azərbaycanı narazı salacaq jestin edilməsi hər bir kəsdə
təəssüf doğurub: "Bir daha deyirəm ki, bu məsələ
yalnız təəssüf doğurub və biz yenə də
belə halların ortaya çıxdığı vaxt öz
etirazımızı bildirəcəyik".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 27 fevral.- S.6.