Erməni təxribatının «Sumqayıt
ssenarisi»
Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə o vaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.
Sumqayıt hadisələri 70 il hökm sürmüş
milli əsarət siyasətinin təzahürü
idi
Yaşlı və orta nəslin nümayəndələri 25 il əvvəl - 1988-ci il fevralın 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və "Daşnaksütyun" partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd erməni şovinistlərinin azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etməsi idi.
Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən ölənlər olmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 1855461-88 nömrəli xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri - Əhməd İman oğlu Əhmədov isə ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuş və bu hökm tez-tələsik yerinə yetirilmişdir.
1989-cu ilin sentyabr ayında ermənilər Sumqayıtda törədilmiş hadisələrlə bağlı geniş mətbuat konfransı keçirdilər. Daşnakların "Quşamatyan" adlanan tarix-maarifçilik cəmiyyətinin Ermənistan Jurnalistlər İttifaqı ilə birlikdə Yerevanda təşkil etdikləri həmin konfransda 300 nəfərdən çox adam - alimlər, tarixçilər, yazıçı və publisistlər, mətbuat nümayəndələri, hüquqşünaslar iştirak etmişdilər. Ermənilər bu konfransın materiallarını bir çox xalqların dillərində, o cümlədən rus dilində 50 min tirajla "Sumqait... Qenosid... Qlasnost..." adlanan kitabda nəşr etdirib dərhal antiazərbaycan təbliğat maşınına ötürmüşdülər. Sumqayıtlı alimlər Həsən Sadıqovun və Ramazan Məmmədovun "Sumqayıt: milli əsarət, ya milli səxavət?" kitabında verilən məlumata görə, konfransda çıxış edən Ermənistan parlamentinin deputatı, filologiya elmləri doktoru Suren Zolyan hadisələrə siyasi rəng verərək demişdir: "Sumqayıt hadisələri 70 il Sovet Azərbaycanında hökm sürmüş milli əsarət siyasətinin təbii təzahürü idi".
Sumqayıtda
törədilmiş hadisələr barədə Sovet
İttifaqının və xarici ölkələrin mətbuatında
dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində,
radiolarda, televiziya kanallarında səslənmiş
materialların əksəriyyəti erməni mövqeli, birtərəfli,
qərəzli xarakter daşımışdır. İnformasiya
müharibəsində erməni tərəf ölçüyəgəlməz
dərəcədə fəallıq göstərmiş, azərbaycanlılar
haqqında böhtan xarakterli yalanlar yaymağa müvəffəq
olmuşdur.
Niyə ermənilər öz təxribatları
üçün Sumqayıtı seçdilər?
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından
sonra bir sıra məsələlərlə yanaşı,
Sumqayıt hadisələrinə də aydınlıq gətirildi
və onun başvermə səbəbləri
araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl
siması üzə çıxdı. Məlum oldu ki,
Sumqayıt hadisələri əvvəlcədən
planlaşdırılmış ssenari əsasında həyata
keçirilib. Ermənilər, əslində, bununla gələcəkdə
həyata keçirəcəkləri digər faciələri
ört-basdır etmək niyyəti güdürdülər.
Sumqayıt
hadisələrinin başvermə səbəbləri
araşdırılarkən ortaya belə bir sual
çıxır: ermənilər öz təxribatlarını
həyata keçirmək üçün niyə məhz bu
yolu seçdilər? Cavab məlumdur: ölkəmiz əleyhinə
güclü ideoloji mübarizə aparmaq, habelə
soydaşlarımızın indiki Ermənistandan zorla
qovulmalarının səbəblərini ört-basdır etmək.
Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında
mənfi rəy formalaşdırmaq məqsədilə
reallaşdırdılar. Xəyanətkar
qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların
Sumqayıtda yaşayan ermənilərə qarşı
zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini
planlaşdırılmış formada təqdim etməyə
can atırdılar. Halbuki, əslində, insanları qətlə
yetirənlər elə ermənilərin özləri idi.
Təəssüf
ki, respublikamız həmin dövrdə güclü informasiya
blokadasına alınmışdı. Dünyaya birbaşa
çıxışımız olmadığından əsl
həqiqətləri beynəlxalq aləmə çatdıra
bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın
digər bölgələrində baş verən
iğtişaşlar da "Krunk" təşkilatının
gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların
tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi Mixail
Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli
ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi əməkdaşlarının da bu işdə
xüsusi rolu vardı.
O
vaxtlar şəhərin icra qurumlarının,
hüquq-mühafizə orqanlarının fəaliyyəti
SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə
nəzarətə götürülmüşdü. Şəhər
prokuroru İsmət Qayıbovun və digər səlahiyyət
sahiblərinin hadisələrə qarışmağa
ixtiyarı yox idi. SSRİ Prokurorluğunun xüsusi istintaq
qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin
nümayəndələri şəhərə ezam
olunmuşdular. Hadisələr baş verərkən
soydaşlarımızın qeyri-qanuni həbs edilmələri,
ölüm cəzasına məhkum olunmaları məhz bu
amillərlə bağlı idi. Şəhərə əvvəlcədən
çəkiliş və terrorçu qrupların göndərilməsi,
xarici müşahidəçilərin dəvət edilməsi
bu hadisələrin məqsədyönlü şəkildə
düşünülmüş planın tərkib hissəsi
olduğunu göstərirdi.
O
vaxt Sumqayıtda bir qrup adam istədiyi
özbaşınalığı edir, aidiyyəti təşkilatlar
isə seyrçi münasibət göstərirdilər. Səriştəsiz
rəhbərlərin bu cür hərəkətləri
onların şəhərdə fəallığını
daha da artırdı. Şəhər partiya komitəsinin
birinci katibi Cahangir Müslümzadə həmin vaxt məzuniyyətdə
olmuşdur. Yalnız bir gün keçdikdən sonra Mərkəzi
Komitənin səlahiyyətli nümayəndələri şəhərə
gəldilər. Erməni təbliğat maşını
baş verənləri lentə köçürərək
dünyaya çatdıranda yerli təşkilatlar çaşbaş
qalmışdı, nələrin baş verdiyini heç
müəyyənləşdirə də bilmirdilər. Hadisələr
şəhərdə keçmiş SSRİ-nin
hüquq-mühafizə orqanlarının səlahiyyətli
nümayəndələrinin gözü qarşısında
baş verir, onlar isə bunun qarşısını almaq barədə
belə heç düşünmürdülər.
Ermənilər
Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər.
Həmin ərəfədə minlərlə
soydaşımız Ermənistandan - öz ata-baba
yurdlarından qaçqın düşmüşdü.
Soydaşlarımız Sumqayıta pənah gətirərkən
burada gizli erməni təxribatçıları fəaliyyət
göstərirdilər. Planlı şəkildə aparılan
qətllər, talanlar və digər cinayət halları
göstərir ki, proseslər şəhərdəki qüvvələr
tərəfindən idarə edilirmiş. Hadisələrin
Moskvadan göndərilmiş yüksək səlahiyyətli
şəxslərin gözü qarşısında törədilməsi
onların hər şeydən məlumatlı olduğunu
söyləməyə əsas verirdi.
Ümumiyyətlə,
1988-ci il fevral ayının 27-də Sumqayıtda
iğtişaşlara əvvəlcədən
planlaşdırılmış şəkildə start
verilmişdi. İtaətsizlik baş alıb gedirdi.
Hüquq-mühafizə orqanları iflic vəziyyətinə
düşmüşdü. Bütün silahlar onlardan
alınmışdı. Nəticədə bir çox ticarət,
ictimai-iaşə və məişət obyektləri
dağıdıldı, maşınlar yandırıldı.
Mitinq iştirakçılarını sakitləşdirmək
qeyri-mümkün idi. Həmin anlar sovet qoşunları
Sumqayıtın ayrı-ayrı məhəllə və
mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin
qarşısını almaq üçün müdaxilə
edilmirdi. Fevral ayının 28-də və 29-da şəhərdə
qanlı aksiya baş verdi. Mart ayının 1-də isə
şəhərdə komendant saatı elan olundu. İndi o
günləri xatırlayanda hələ də
aktuallığını itirməmiş suallarla üzləşirsən.
Məsələn, sovet qoşunları niyə gözləmə
mövqeyi tutmuşdu?
Mixail
Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali
Sovetinin iclasında "Qoşunlar Sumqayıta bir saat
gecikmişdi" fikrini söyləmişdi. Bu fikir tamamilə
yalan idi. SSRİ müdafiə naziri Yazov "Sumqayıtın əks-sədası"
sənədli filminin çəkiliş qrupuna verdiyi
müsahibəsində bu faktı təkzib etmişdi. Filmin
ssenari müəlliflərindən biri, sumqayıtlı
jurnalist Eyruz Məmmədov o günləri belə
xatırlayır: "Dmitri Yazov tam ciddiyyəti ilə bizə
bildirdi ki, sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib.
Baş komandanın əmri olmadan komendant saatı elan etməyə,
əsgərin silah işlətməyə, güllə
atmağa ixtiyarı yoxdur".
Erməni
ekstremistləri məhz Sumqayıt şəhərini ona
görə seçmişdilər ki, orada 10 minə yaxın
yeniyetmə texniki peşə məktəblərində təhsil
alırdı. Azərbaycanın müxtəlif regionlarından
gələn həmin gənclərin əksəri valideyn nəzarətindən
uzaq idi. Şəhərdə kriminogen vəziyyət xoşagələn
deyildi.
Həmin
günlər 100-dən yuxarı saqqallı və qara gödəkçə
geyinmiş erməni ekstremisti Sumqayıtda idi. Əksəriyyəti
"Dalğa" və "Sumqayıt" mehmanxanalarında
qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr
yayır, aranı qızışdırır, insanları ermənilərin
evlərinə soxulmağa təşviq edirdilər. Gənclər
də asanlıqla təxribata uyurdular.
Ermənistan
rəhbərliyi, ideoloqları Sumqayıt hadisələrindən
bir kart kimi istifadə edərək azərbaycanlıları vəhşi,
quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə
təqdim etmək üçün təbliğat mexanizmini
işə saldılar. "Azərbaycanda ermənilər
qırılır, qətlə yetirilir, başları kəsilir,
yandırılır" və s. kimi cəfəng uydurmalar
yayılırdı. Hadisələr zamanı Sumqayıta xaricdən
ezam olunmuş Artaşes Qabrielyan videokamera ilə hadisələrin
bəzi məqamlarını lentə alırdı, sonralar
onlar montaj olunub xarici telekanallarda göstərildi.
Sumqayıtda
baş verən hadisələrdə əsas təşkilatçılardan
və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə
məhkum olunmuşdu və heç yerdə işləmirdi.
"Krunk"un fəal
üzvü idi. İstintaq qrupunun materiallarından aydın
olur ki, 1988-ci il fevral ayının ortalarında onun
yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş.
Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr
verilmişdi. "Paşa" ləqəbli Edik ertəsi
gün ətrafına bir neçə azyaşlı yeniyetmə
və gəncləri toplayıb, yaxın günlərdə bəzi
əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini
bildirərək onları şirnikləndirmiş və 1988-ci
il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara
rəhbərlik etmişdi.
(ardı
var)
Azərbaycan.-2013.- 27 fevral.- S.6.