Yekaterinburqda Xocalı qurbanlarının
xatirəsi yad edilmişdir
Fevralın 25-də Yekaterinburqda
Ümumrusiya Azərbaycan Konqresinin
"Azərbaycan" Sverdlovsk vilayət ictimai təşkilatının təşəbbüsü
ilə Xocalı soyqırımının 21-ci ildönümü
ilə əlaqədar "Xocalıya ədalət"
konfransı keçirilmişdir. Tədbirdə
Xocalı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad
edilmişdir. Sonra
Xocalı hadisələri haqqında film nümayiş etdirilmişdir.
Tədbiri
"Azərbaycan" Sverdlovsk vilayət ictimai təşkilatının
sədri Şahin Şıxlı açaraq 21 il əvvəl
Azərbaycanın Xocalı şəhərində erməni
quldurları tərəfindən törədilmiş qanlı
hadisələr barədə ətraflı məlumat
vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqına
qarşı törədilmiş bu faciə XX əsrin ən
qanlı hadisələrindən biridir. Erməni quldur dəstələrinin
Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca
öldürülmüş, 1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə
yarasından əlil olmuş, 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər
dinc sakin girov götürülmüş, onların 150-sinin
taleyi indiyədək məlum deyildir.
Konfransda Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi Natiq Əliyev, Sverdlovsk vilayəti insan hüquqları üzrə vəkili Tatyana Merzlyakova, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterev çıxış edərək faciə qurbanlarının xatirəsini yad etmiş, Xocalı hadisələrinə dünyada düzgün qiymət verilməsinin vacibliyini vurğulamışlar.
Konfransda
Sverdlovsk vilayəti ictimaiyyətinin nümayəndələri, Yakutiya, Gürcüstan, Tacikistan,
Dağıstan, Başqırdıstan diaspor təşkilatlarının
rəhbərləri, Rusiya Azərbaycanlı Gənclər
Birliyi Sverdlovsk bölməsinin üzvləri iştirak
etmişlər.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 27 fevral.- S.6.