Yaponiyada Xocalı soyqırımı
qurbanlarının xatirəsinə
həsr edilmiş tədbirlər davam edir
Yaponiyada
Xocalı soyqırımının 21-ci ildönümü ilə
əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi
tərəfindən təşkil olunmuş tədbirlər
davam edir.
Fevralın
22-də səfirlik tərəfindən Yaponiyanın parlamentinə,
Nazirlər Kabinetinə, digər dövlət qurumlarına, bu
ölkədə fəaliyyət göstərən diplomatik
nümayəndəliklərə və KİV-lərə erməni
millətçilərinin 21 il əvvəl törətdiyi
qanlı faciə haqqında məlumat göndərilmişdir.
Məlumatda qeyd edilmişdir ki, Xocalıda baş verənlər
təkcə Azərbaycan xalqına qarşı
soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə
törədilmiş qanlı cinayətdir. Qara dənizdən Xəzər
dənizinədək olan ərazidə "Böyük Ermənistan"
dövləti yaratmaq kimi xəstə xülyanın əsiri
olmuş erməni millətçilərinin xalqımıza
qarşı törətdikləri bu növbəti kütləvi
qırğın zamanı 613 nəfər
öldürülmüş, 487 nəfər şikəst
olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir
götürülərək ağlasığmaz zülmə,
təhqir və həqarətlərə məruz
qalmışlar. 150 nəfərin taleyi hələ də məlum
deyildir. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla
öldürülmüş, diri-diri yandırılmış,
başlarının dərisi soyulmuş, bədən əzaları
və başları kəsilmiş, gözləri
çıxarılmış, hamilə qadınların
qarnı süngü ilə deşik-deşik edilmişdir.
Vurğulanmışdır
ki, dinc əhaliyə qarşı törədilmiş
qırğın beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsasən məhz
soyqırımıdır və artıq bir neçə
ölkə, eləcə də bir sıra beynəlxalq təşkilatlar
bu qanlı cinayəti məhz Xocalı soyqırımı kimi
tanımışlar.
Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar,
eyni zamanda, səfirlikdə faciəni əks etdirən müxtəlif
nəşrlərdən və fotoşəkillərdən ibarət
sərgi də təşkil edilmişdir. Səfirliyə
müraciət edən Yaponiya vətəndaşlarına faciə,
onun səbəbləri və nəticələri haqqında ətraflı
məlumat verilir. Onlara Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış və səfirliyə göndərilmiş
materiallar, o cümlədən kitablar və broşürlər
paylanır.
Fevralın
22-də açılmış sərgi ayın sonunadək
davam edəcəkdir.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Tokio
Azərbaycan.-2013.- 27 fevral.- S.6.