Pakistanın «DNA» informasiya agentliyinin saytında və «Centreline» jurnalında «Xocalıda cinayət - icraçılar məsuliyyətə cəlb olunmalıdırlar»  sərlövhəli xüsusi reportaj dərc olunmuşdur

 

Pakistanın nüfuzlu "DNA" informasiya agentliyinin rəsmi saytında və "Centreline" jurnalında "Xocalıda cinayət - icraçılar məsuliyyətə cəlb olunmalıdırlar" sərlövhəli xüsusi reportaj dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, reportajda Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları, Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğal edildiyi bildirilmişdir. Vurğulanmışdır ki, münaqişədən əvvəl yeddi min əhalisi olan Xocalı şəhəri 1991-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış və fevralın 26-da keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edilmişdir.

Yazıda həmin dəhşətli gecədə uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki şəxsin xüsusi qəddarlıqla öldürüldüyü, minlərlə insanın yaralandığı, əsir götürüldüyü və ya itkin düşdüyü qeyd olunmuşdur. Reportajda Xocalı soyqırımının iştirakçıları terrorçu M.Melkonyandan və Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandan sitatlar gətirilərək bu kütləvi qırğının ermənilərin düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiyası olduğu diqqətə çatdırılır. Həmçinin 2010-cu il aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını hərbi cinayət, insanlığa qarşı cinayət adlandırdığı bildirilmişdir.

Müəllif 1948-ci ildə BMT Baş Məclisində qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyası barədə də məlumat vermişdir. Yazıda Azərbaycanın və Ermənistanın imzaladığı bu sənədin "Soyqırımı-milli, etnik, irqi və dini qrupların tamamilə və ya qismən məhv edilməsidir" paraqrafına istinad edilərək qeyd olunur ki, bu cinayət məhz soyqırımı kimi qiymətləndirilmişdir. Elə bu səbəbdən, Pakistan da daxil olmaqla, bir neçə dünya ölkəsi, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər.

Reportajda Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıq siyasətinin tərkib hissəsi olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, ermənilərin irqi alilik, etnik fərqlilik və azərbaycanlılara qarşı nifaq ideyaları siyasətlərinin əsasını təşkil edir.

Məqalənin tam mətni ilə http://dnanews.com.pk/the-crime-in-khojaly-perpetrators-should-be-brought-to-book/ linkindən tanış olmaq mümkündür.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.7.