Azərbaycanın Ukraynadakı səfirliyi Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişdir

 

Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin "Naxçıvan" konfrans salonunda Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.

Ölkəmizin diplomatik nümayəndəliyi tərəfindən təşkil olunmuş anım gecəsində Azərbaycan səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə edilmiş diplomatik korpusun və GUAM Katibliyinin nümayəndələri, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin əməkdaşları, "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" Ümumukrayna İctimai Təşkilatının (ÜUİT), Ukrayna Azərbaycanlılar Konqresinin (UAK), UAK-ın Kiyev şəhər təşkilatının, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının rəhbərləri və fəal üzvləri, ukraynalı alimlər, incəsənət xadimləri, Ukrayna milli-mədəni mərkəzlərinin nümayəndələri, Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak edirdi.

Zaldakı stendlərdə və stolların üstündə Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına həsr olunmuş çap materialları və rəqəmsal daşıyıcılar, dəhşətli fotokadrlar, həmçinin hazırda Ukraynada yaşayan tanınmış Azərbaycan rəssamı Rasim Sevdimovun Xocalı qırğınına həsr edilmiş rəsm əsərləri nümayiş etdirilirdi.

Matəm tədbirini Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açmışdır. Diplomat vurğulamışdır ki, 21 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələri, şəhərin dinc sakinlərinin işgəncələr nəticəsində həlak olmasını bu gün təkcə Azərbaycan xalqı deyil, bütün mütərəqqi bəşəriyyət dərin hüznlə qeyd edir, çünki erməni qatillər və vandallar tərəfindən törədilmiş bu cinayət bütövlükdə insanlığa qarşı yönəlmişdir.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən qanlı səhifə olan Xocalı qırğını haqqında ətraflı məlumat verərək qəti əmin olduğunu bildirmişdir ki, Xocalı hadisələri dünya ölkələrinin parlamentləri tərəfindən Azərbaycan xalqının soyqırımı kimi tanınması sayəsində ədalət zəfər çalacaq və Xocalı faciəsində əli olan şəxslərin hamısı layiqli cəzalarına çatacaqlar. O daha sonra vurğulamışdır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarını və terrorçuları hökmən bizim əzəli torpaqlarımızdan qovub çıxaracaq, ərazimizi azad edəcəkdir.

Xocalı faciəsinin günahsız qurbanlarının nurlu xatirəsini yad etmək üçün bir dəqiqə sükut elan edilmişdir. Sonra Türkiyənin Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı Mehmet Samsara söz verilmişdir. Qardaş ölkənin səfiri xalqımıza dərin hüznlə başsağlığı verərək qeyd etmişdir ki, Xocalı faciəsi türk milləti üçün də dözülməz ağrı və psixoloji sarsıntıdır. O, Xocalı soyqırımına görə erməniləri günahlandırmış və Azərbaycan xalqına Qarabağ probleminin ədalətli həll olunmasını arzu etmişdir.

Anım axşamında Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının rəhbəri Anar Tahirov, "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" ictimai təşkilatının sədri Hikmət Cavadov, UAK-ın lideri Rövşən Tağıyev, Ukrayna Ağsaqqallar Şurasının rəhbəri Firudin Məmmədov, "Döyüş qardaşlığı sərhəd tanımır!" təşkilatının sədri, bakılı Yevgeni Podsolyonov, "Ukrayna Qaqauzlar İttifaqı"nın idarə heyətinin üzvü, T.Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Tudora Arnaud və başqaları öz fikir və emosiyalarını tədbir iştirakçıları ilə bölüşmüşlər.

Sonra Xocalı soyqırımına həsr edilmiş "Dolu" bədii filmi göstərilmişdir. 

Ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, filmin bəstəkarı Azərbaycanın tanınmış sənətçisi Polad Bülbüloğludur.

Filmin nümayişindən sonra ehsan verilmişdir.

Tədbir Azərbaycanın, Türkiyənin Ukraynanın kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

 

 

Zeynal AĞAZADƏ,     

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.-2013.- 27 fevral.- S.7.