Parisdə fransız rəssamının
«Xocalı gecəsi» sərgisinin vernisajı keçirilmişdir
Fevralın
26-da Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində
Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin
və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı
ilə fransız rəssamı
Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən
ibarət "Xocalı faciəsi" sərgisinin vernisajı
keçirilmişdir. Sərgidə rəsm əsərləri
ilə yanaşı, qanlı faciə ilə bağlı
fotolar da nümayiş etdirilmişdir.
Tədbirin
açılış mərasimində Xocalı faciəsi
zamanı həlak olanların xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur.
Sərgidə
qonaqları salamlayan səfir Elçin Əmirbəyov
fevralın 25-dən 26-na keçən gecə Xocalıda
baş verən faciənin bütün azərbaycanlıların
xatirəsindən heç vaxt silinməyəcəyini,
bütün dünyanın 21 il
əvvəl erməni silahlı
dəstələrinin Xocalıda dinc əhaliyə
qarşı törətdikləri vəhşiliklə
bağlı Qarabağdan gələn xəbərlərdən
şoka düşdüklərini diqqətə çəkmiş,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi zəminində törədilən
soyqırımı barədə bu günədək
fransız ictimaiyyəti üçün naməlum
qaldığını bildirmişdir. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan
ölkəmizin tarixi ərazisinin 20 faizini işğal
etmiş, bir milyondan artıq azərbaycanlını ata-baba
yurdlarından silah gücünə
çıxarmışdır. 1992-ci ildə bəşəriyyətə
qarşı yönələn və silahsız Xocalı sakinlərinə
qəddarcasına divan tutan silahlı erməni dəstələrinə
rəhbərlik edən Serj Sarkisyan
bu gün Ermənistan prezidenti kürsüsündə əyləşmişdir.
Xocalıya qarşı soyqırımı aktını
törədənlər ədalət məhkəməsi
qarşısında dayanmalıdırlar. Beynəlxalq ictimaiyyət
buna siyasi qiymət verməlidir. Xocalı soyqırımı
heç zaman unudulmayacaqdır.
2008-ci
ildən etibarən "Xocalıya ədalət!"
kampaniyasının keçirildiyini xatırladan səfir ədalətin
zəfər çalması üçün minlərlə
insanın bu kampaniyaya qoşulduğunu, bu soyqırımın
tanınmasının Xocalı qurbanlarının xatirəsinin
anılması ilə yanaşı, gələcək nəsildə
ümid yaradılmasında mühüm əhəmiyyət kəsb
etdiyini bildirmişdir.
Bu
faciəvi hadisələrin Meksika, Pakistan və digər
ölkələr tərəfindən soyqırımı kimi
tanındığını diqqətə çəkən
E.Əmirbəyov Amerikanın bir çox ştatlarının
Xocalı faciəsini Azərbaycan xalqına qarşı
soyqırımı kimi dəyərləndirdiklərini
vurğulamış, fransız siyasətçiləri tərəfindən
Xocalı hadisələrinin soyqırımı kimi tanınacağına ümidvar
olduğunu bəyan etmişdir.
Səfir
həyatdan vaxtsız gedən Fransanın Azərbaycandakı səfirliyinin
mədəniyyət məsələləri üzrə əməkdaşı
Hüq Baltzinjerin Azərbaycanı Fransada tanıtmaq istəyinin
qardaşı Reno Baltzinjerin tərəfindən davam
etdirildiyini vurğulamışdır.
Fransada
işgüzar səfərdə olan Azərbaycan
Respublikasının kənd təsərrüfatı naziri
İsmət Abasov demişdir: "Bu gün Azərbaycan
xalqının ən hüznlü, ən ağrılı
günüdür. Tariximizin ən qanlı səhifələrindən
biridir. Fevralın 25-dən 26-na keçən gecə erməni
işğalçıları 366-cı motoatıcı
alayının iştirakı ilə Azərbaycanda faciə
törətmiş, Xocalı şəhərini yerlə-yeksan
etmişlər.
Dünyada
baş verən soyqırımları ilə müqayisədə
Xocalı faciəsi ən dəhşətlisidir. Faciə
zamanı Xocalının 613 dinc sakini amansızlıqla qətlə
yetirilmiş, minlərlə insan əsir və girov
götürülmüş, xeyli Xocalı sakini itkin
düşmüşdür. Qətlə yetirilənlər
arasında çoxlu sayda qadın, uşaq və qoca
olmuşdur. Yüzlərlə uşaq yetim
qalmışdır.
Xatırladım
ki, bu ermənilərin azərbaycanlılara qarşı
törətdikləri ilk soyqırımı deyildir. XX əsrdə
ermənilər azərbaycanlılara qarşı dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci
illərdə, 1940-cı ilin sonlarında və nəhayət əsrin
sonunda xalqımıza qarşı soyqırımı təşkil
etmişlər.
Azərbaycanın
bəzi üzdəniraq rəhbərləri ilk vaxtlar Xocalı
faciəsini xalqdan gizlətməyə, onu inkar etməyə səy
göstərmiş, faciə zamanı bir neçə nəfərin
yaralandığı və bir neçə nəfərin isə
həlak olduğu barədə yalan məlumatlar
yaymışlar. Lakin sonradan bu həqiqəti xalqdan gizlətmək
mümkün olmamışdır. Soyqırımına
xalqın təkidi və istəyi ilə yenidən hakimiyyətə
gələn ümummilli lider Heydər Əliyevin
dövründə hüquqi və siyasi qiymət
verilmişdir.
Bu
gün Prezident İlham Əliyev tərəfindən Xocalı
soyqırımının tanıdılması istiqamətində
ciddi tədbirlər görülür.
Azərbaycanın
birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
tərəfindən təhsil, səhiyyə, mədəniyyət,
ekologiya və s. sahələrə xüsusi qayğı
göstərilməklə yanaşı, bu məsələyə
də çox ciddi yanaşılır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə "Xocalıya ədalət!" kampaniyası
dünyanın müxtəlif ölkələrində
keçirilir və Xocalı faciəsi beynəlxalq ictimaiyyətə
çatdırılır.
Düzgün
mövqe tutmayan Ermənistan rəhbərliyi Xocalıda
qeyri-qanuni hava limanını tikib istifadəyə vermək istəyir.
Azərbaycan tərəfi beynəlxalq normalara tamamilə zidd
olan hava limanından istifadəyə heç vaxt razı ola
bilməz.
Əminəm
ki, işğal altındakı torpaqlarımız tezliklə
azad olunacaq və yaxın zamanlarda bu mədəniyyət mərkəzində
Dağlıq Qarabağın azadlığını bayram kimi
qeyd edəcək və acılı günlərimizi yaddan
çıxaracağıq".
Senator
Natali Qule çıxışında Azərbaycanı Fransada
tanıtmaq istiqamətində Heydər Əliyev Fondu və Azərbaycan
parlamenti ilə birlikdə
çalışdığını, Senatda Fransa-Qafqaz Dostluq
qrupunun vitse-prezidenti kimi fəaliyyət göstərdiyini, dəfələrlə
ölkəmizə səfər etdiyini bildirmiş, Azərbaycan tarixini və
mədəniyyətini tanıtmağın vacibliyini diqqətə
çatdırmışdır.
Ermənilərin
Xocalı hava limanını açmaqla növbəti təxribata
əl atmaları ilə bağlı Senatda
çıxış etdiyini xatırlatmış, Xocalı
faciəsinin ümumbəşəri bir faciə olduğunu
bildirmişdir.
Sorbon
Universitetinin doktorantı Leyla Cəfərova rəssam Reno
Baltzinjerin Azərbaycanın Fransadakı səfirliyində
işləmiş qardaşının ölkəmizi,
xalqımızı, mədəniyyətimizi hədsiz sevdiyini
diqqətə çəkmiş, qardaşının Azərbaycanı
Fransada tanıtmaq istəyini yerinə yetirən rəssamın
Xocalı faciəsi ilə bağlı rəsm əsərləri
üzərində necə işləməsindən bəhs
etmişdir.
Rəssam
Reno Baltzinjerin sərgidə nümayiş etdirilən tablolar
üzərində iki il işlədiyini, hər bir portretin rəng
seçiminə ciddi yanaşdığını,
tablolardakı qırmızı rəngin Xocalı faciəsi
zamanı həlak olanların rəmzi qanı fonunda verdiyini,
Xocalı gecəsini öz rəsm əsərlərində
canlandıran ilk fransız rəssamı olmasından məmnunluq
hissi keçirdiyini diqqətə çatdırmış, sərginin
nümayiş etdirilməsinə yardım göstərən
Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya
təşəkkürünü bildirmişdir.
Sonda
Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan
verilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2013.- 28 fevral.- S.9.