Londonda Xocalı soyqırımı
qurbanlarının xatirəsinə həsr edilmiş anma konserti olmuşdur
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anma konserti olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak etmişlər.
Konsertdən əvvəl Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat Xocalıda törədilmiş hadisələrin beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmişdir. Xocalı həftəsi çərçivəsində Britaniyada və dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən bəhs edən səfir hadisəni dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini vurğulamışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyasının fəaliyyəti haqqında da məlumat verən F.Qurbanov kampaniyanın Azərbaycan həqiqətlərini beynəlxalq səviyyədə tanıtmaq uğurunda gördüyü işləri yüksək qiymətləndirmişdir.
AAC-ın sədri Tale Heydərov Xocalı soyqırımı haqqında faktlara əsaslanaraq məlumat vermiş, işğalçı ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən danışmışdır. Xocalı soyqırımının beynəlxalq dərəcəli ədalətsizlik olduğunu vurğulayan T.Heydərov dünya ictimaiyyətinin buna cavabsız qalmayacağına və bu hadisələri törədənlərin tezliklə cəzalandırılacağına əminliyini ifadə etmişdir.
Britaniya parlamentinin Mühafizəkarlar partiyasının üzvü Kristofer Pinçer Xocalı soyqırımının sıradan bir hadisə olmadığını bildirmişdir. Faciədə insanların anaları, ataları, bacı və qardaşları amansızcasına qətlə yetirilmişdir. Azərbaycan dövlətinin, hökumətinin və xalqının bu hadisəni unutmamağının və dünya ictimaiyyətini məlumatlandırmaq üçün göstərdiyi səylərin təqdirəlayiq olduğunu vurğulamışdır. Təşkil edilən konsert proqramının 21 il öncə Xocalıda nələr baş verdiyini bir daha xatırladacağını qeyd edən K.Pinçer bu cür hadisənin bir daha əsla baş verməməsini arzulamışdır.
Xocalı soyqırımı qurbanları, qaçqın və məcburi köçkünlərə aid bir çox fotonun müəllifi məşhur fotoqraf Filip Ratmer çəkdiyi fotolar ilə hadisəni və insanların nə hisslər keçirdiyini izləyənlərin diqqətinə çatdırmağa çalışdığını qeyd etmişdir. F.Ratmer AAC-a anma konsertinə görə minnətdarlığını bildirmişdir.
Anma konserində Laurent Petitqirardın rəhbərliyi və azərbaycanlı skripkaçı Səbinə Rakçeyevanın müşayiəti ilə Londonun Orion Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun, V.A.Motsartın, C.B.Perqolesinin, Edvard Elqarın repertuarından Qərb və Azərbaycan klassik musiqiləri səsləndirilmişdir.
Pyer
Silloyun Britaniya premyeralı "Xocalı 613" və Fikrət
Əmirovun "Nizami" simfoniyası proqramda xüsusi yer
tutmuşdur.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 28 fevral.- S.11.