Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

 

Mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birinin - Xocalı faciəsinin yaşanması xalqımızın yeni tarixinə qara hərflərlə yazılıb. Xocalı soyqırımını unutmayan xalqımız müxtəlif səviyyələrdə anım günləri, aksiyalar, yürüşlər keçirir.

Belə tədbirlərdən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Universitetin prorektoru, professor Rafiq Sadıqov Xocalı qətliamından, erməni vandallarının vəhşiliyindən söz açaraq deyib: "Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, butövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman qan yaddaşından silinməyəcək. Erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı belə dəhşətli hadisələrdəndir".

Tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə diqqəti Xocalı soyqırımının geneologiyasına yönəldib: "Bu qətliam dağılan imperiyanın - SSRİ-nın bizə vurduğu zərbədir. Postsovet məkanına daxil olan respublikalar içərisində imperiya təsirindən qurtulmağın ən şiddətli ağrısını Azərbaycan yaşadı. 20 Yanvar qırğını bəşəriyyət tarixində insalığa qarşı yonəlmiş amansız faciə idi. Müstəqilliyi uğrunda, imperiya köləliyinə qarşı mubarizəyə qalxmış, qəlbində azadlıq təşnəsindən başqa heç bir sılahı olmayan qədim və ulu bir xalq xüsusi preparatlarla psixoz halına gətirilmiş,  silahlandırılmış vəhşi sovet ordusu tərəfindən amansız qırğına məruz qaldı. Bu, sovet imperiyasının məğlubiyyəti, Azərbaycan xalqının isə qələbəsi idi".

Xocalı faciəsinin dünyada tanınması üçün ilk səyin məhz ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini qeyd edən professor daha sonra Prezident İlham Əliyevin, diplomatiyamızın və diaspor təşkilatlarının fəaliyyəti nəticəsində bir çox dövlətlərin parlamentlərinin həmin qətliamı  pislədiyini vurğulayıb.

Tədbirdə dövlət başçısının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdiyi bildirilib, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunub. Məhz Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırmı ilə bağlı silsilə tədbirlər keçirildiyi diqqətə çatdırılıb.

Sonda Xocalı faciəsini əks etdirən müdhiş kadrlar və erməni vandalizminin qurbanlarından biri, şəhid rəssam Fuad Əsədovun həyatına həsr olunmuş "Yarımçıq gündəlik" sənədli filmi nümayiş etdirilib.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 28 fevral.- S.11.