Latviya Seyminin
deputatı Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar
rəsmi bəyanatla çıxış etmişdir
Azərbaycanın
Latviyadakı səfirliyindən verilən məlumata görə,
Latviya Respublikası Parlamentinin "Hər şey Vətən
üçün" millətçi fraksiyasının
üzvü, Azərbaycan-Latviya Parlamentlərarası Əməkdaşlıq
Qrupunun üzvü deputat Romans Naudins Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar
rəsmi bəyanatla çıxış etmişdir. Bəyanat
ona məxsus rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Bəyanatda
(http://www.romansnaudins.lv/viedoklis/
hodzali-tragedija-reta-katra-azerbaidzana-sirdi) deyilir:
"Xocalı
faciəsi hər bir azərbaycanlının ürəyində
yaradır. Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin
21 ili tamam olur. 1992-ci il fevralın 26-da gecə yarısına
yarım saat qalmış erməni silahlılarının
Xocalı şəhərinə hücumu
başlamışdır. Hücum vaxtı bir gecənin
içərisində 613 nəfər, o cümlədən 106
qadın, 63 uşaq və 70 yaşlı insan həlak
olmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirmişdir. Faciə gecəsində 1275 insan girov
götürülmüşdür.
Bu vəhşi
hücumu həyata keçirən insanlar bu günədək
cəzalarını almamışlar. Bu qırğını
planlaşdırmış və həyata keçirmiş
insanlar daha sonra yüksək vəzifələrə irəli
çəkilmişlər.
Beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına
dəstək verilməlidir ki, mülki əhaliyə
qarşı törədilən vəhşicəsinə
hücuma görə cavabdehliyə nail olunsun, günahkarlar məsuliyyətə
cəlb edilsinlər. Bu cinayət heç vaxt unudula bilməz".
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi
müxbiri
Riqa
Azərbaycan.-2013.- 28 fevral.- S.11.