Xocalı soyqırımı
qurbanlarının xatirəsi xarici ölkələrdə
anılmışdır
Vaşinqton
Fevralın 26-da Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar doğma Azərbaycanımızda və həmvətənlərimizin yaşadıqları dünyanın hər bir guşəsində olduğu kimi, Vaşinqtonda keçirilmiş xüsusi mərasimdə də faciə qurbanlarının xatirəsi ehtiramla anılmışdır.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Vaşinqton şəhərində fəaliyyət göstərən Höte adına Alman Mədəniyyət Mərkəzində təşkil olunmuş mərasimdə diplomatik korpusun, ABŞ-ın dövlət qurumlarının, təhsil ocaqlarının, araşdırma mərkəzlərinin və yerli ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan, türk, yəhudi və digər icmaların təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Konqresinin İllinoys ştatından seçilmiş üzvü Rəndi Haltqren (Randy Hultgren), ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Diana Altman çıxış edərək Xocalı soyqırımının dəhşətli nəticələrindən danışmışlar.
Səfir Elin Süleymanov 1992-ci ilin şaxtalı fevral günlərində Xocalıda yaşayan həmvətənlərimizin düçar olduqları qətliam və erməni qəsbkarlarının insanlığa sığmayan vəhşiliklərini faktların və rəqəmlərin dili ilə diqqətə çatdırmış, bu qırğının xalqımızın qan yaddaşında buraxdığı izlərdən söz açmışdır. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli şəkildə həll edilməsinin vacibliyini vurğulamış, eyni zamanda, xalqımızın münaqişə boyu məruz qaldığı məşəqqətlərə baxmayaraq, öz ənənəvi tolerantlığını qoruyub-saxladığını söyləmişdir.
Konqresmen Rəndi Haltqren Azərbaycan xalqının dostu olaraq Xocalıda faciəvi şəkildə həyatlarını itirmiş insanların xatirəsini yad etmək üçün mərasimə qatıldığını bildirmiş və öz tərəfindən bir müttəfiq kimi ABŞ-ın ölkəmizin inkişafı və rifahına verdiyi dəstəyin artırılması üçün səylərini davam etdirəcəyini diqqətə çatdırmışdır.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov öz növbəsində erməni hərbi qüvvələrinin Xocalıda törətdikləri qanlı hadisələrin soyqırımı kimi qiymətləndirilməsi barədə ABŞ-ın bir neçə ştatı tərəfindən qəbul edilən qətnamələr və eləcə də Ağ evin internet səhifəsində Xocalı faciəsi ilə bağlı həyata keçirilmiş uğurlu petisiya kampaniyasının daşıdığı əhəmiyyət haqqında fikirlərini bölüşmüşdür.
Qarabağ Fondunun icraçı direktoru Diana Altman tədbir iştirakçılarını Xocalı soyqırımının başvermə səbəbləri, o cümlədən şəhərin coğrafi mövqeyi, Azərbaycan üçün malik olduğu tarixi və mənəvi dəyəri, yerli əhalinin faciəyədək yaşadığı ağır günlər barədə məlumatlandırmışdır.
Tədbir iştirakçıları həmçinin Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş fotosərgi və Qarabağ Fondunun təqdimatında azərbaycanlı rəssam Nərminə Vəliyevanın Xocalıya dair əsərləri ilə tanış olmuşlar.
Mərasim
amerikalı musiqiçilər Şele Falk və Sindi Rozenberqin
skripka və kontrabasda ifa etdikləri qəmgin musiqi sədaları
altında Xocalı qurbanlarının adlarının
toplantı zalındakı böyük ekranda bir-bir əks
olunması ilə başa çatmışdır.
Malayziya
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının sərəncamı
ilə təsdiq edilmiş Xocalı soyqırımının
iyirmi birinci ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planına uyğun olaraq ölkəmizin
Malayziyadakı səfirliyi Kuala Lumpur şəhərində
anma mərasimi təşkil edilmişdir.
Yerli
ictimaiyyət nümayəndələrinin, dövlət
qurumlarını təmsil edən şəxslərin, Azərbaycanın
aidiyyəti orqanları ilə əməkdaşlıq edən
Malayziya şirkətlərinin əməkdaşlarının
iştirak etdikləri tədbirdə əvvəlcə
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın
Malayziyadakı səfiri Tahir Kərimov Xocalı
soyqırımı, Ermənistanın
işğalçılıq siyasəti, Azərbaycana
qarşı elan olunmamış müharibə, Ermənistanın
işğalçı qoşunları tərəfindən
törədilmiş müharibə cinayətləri haqqında
ətraflı danışmışdır. Səfir Xocalı
soyqırımına hüquqi qiymət verilməsi prosesindən,
dünya ictimaiyyətinin diqqətinin bu faciəli hadisəyə
yönəldilməsindən danışmış və bəzi
ölkələrin parlamentlərində Xocalı cinayətinin
milli zəmində həyata keçirilmiş soyqırımı
olaraq təsdiqləndiyini vurğulamışdır.
Mərasim
keçirilən salonda Xocalı soyqırımı ilə
bağlı kitablardan, jurnallardan ibarət stend
hazırlanmışdır. Həmin materiallar mərasim
iştirakçılarına paylanmışdır.
Ankara
Ankaranın
Kızılcahamam rayonunda Xocalı soyqırımı
qurbanlarının xatirəsi anılmışdır.
Azərbaycanın
Türkiyədəki səfirliyi və Kızılcahamam bələdiyyəsinin
təşkil etdikləri tədbirdə Azərbaycan
Respublikasının Prezidenti
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin
deputatları Yaqub Mahmudov və Musa Qasımlı, Ankaranın
Kızılcahamam bələdiyyəsinin sədri Coşkun
Ünal, diaspor təşkilatlarımızın və ictimaiyyətin
nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz
iştirak etmişlər.
Şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,
Azərbaycanın və Türkiyənin dövlət himnləri
səslənmişdir.
Xocalı
soyqırımı ilə bağlı Heydər Əliyev Fondu
tərəfindən türk dilində hazırlanmış
müfəssəl sənədli film nümayiş
etdirilmişdir.
Tədbirdə
Ankaranın Kızılcahamam bələdiyyəsinin sədri
Coşkun Ünal, Azərbaycan Respublikası Milli Məclisinin
deputatları Yaqub Mahmudov, Musa Qasımlı, "Xocalıya ədalət!"
beynəlxalq kampaniyasının Türkiyə təmsilçisi
Gözde Kılıç və Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov çıxış edərək
XX əsrin dəhşətli faciəsi olan Xocalı
soyqırımı, torpaqlarımızın
işğalından danışmışlar.
Sonra
tədbir iştirakçılarına səfirliyimiz və
Kızılcahamam bələdiyyəsinin dəstəyi ilə
inşası davam etdirilən Xocalı soyqırımı abidəsi
ilə bağlı məlumat verilmişdir.
Tədbir
iştirakçıları
Xocalı soyqırımı ilə bağlı təşkil
edilmiş fotosərgi ilə də tanış olmuşlar.
Ankarada
keçirilmiş bütün tədbirlərdə
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində imzalar toplanmışdır.
Litva
Litvada
Xocalı faciəsinin 21-ci ildönümü ilə
bağlı silsilə tədbirlər davam etdirilir.
Azərbaycanın
Litvadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, bir neçə gün əvvəl Avropa
kinematoqrafçılarının lentə aldıqları
"Sonu olmayan dəhliz" sənədli filminin Vilnüsdə
təqdimatı keçirilmişdir. Litva kütləvi
informasiya vasitələrində Xocalı soyqırımına
həsr olunmuş müxtəlif yazı və məqalələr
dərc olunmuş, səfir Həsən Məmmədzadənin
müsahibələri yayımlanmışdır.
Soydaşlarımız
fevralın 25-də Ermənistanın Litvadakı səfirliyinin
qarşısında etiraz aksiyası keçirmişlər.
Vilnüs şəhər meriyasının icazəsi ilə
keçirilən piketdə "Günəş"
assosiyasiyasının, Litva azərbaycanlı gənclər təşkilatı
AYOL-un üzvləri, həmçinin Litvada yaşayan
soydaşlarımız Ermənistan səfirliyi
qarşısında "Xocalıya ədalət!"
şüarları səsləndirmiş, öz haqlı tələblərini
irəli sürmüşlər. Piket Azərbaycan himninin
ifası ilə sona çatmışdır.
Litvanın
ikinci böyük şəhəri Kaunasda da AYOL və
İngiltərədə fəaliyyət göstərən
"Odlar yurdu" cəmiyyəti "Xocalıya ədalət!"
adlı aksiya keçirmişlər. Tədbir fevralın 26-da
tələbələr, üzərində "Justice for
Khojaly" yazıları olan köynək geyinərək əllərində
Xocalı faciəsini əks etdirən bir sıra müxtəlif
mesajlı plakatlarla Kaunas şəhərinin mərkəzi
Laisves (Azadlıq) prospektində dinc etiraz
şüarlarını səsləndirmişlər. Bununla
yanaşı, xiyaban boyu Xocalı faciəsi qəddarlığını
əks etdirən ingilis və Litva dillərində foto və
posterlər sərgilənmişdir. Sərgiyə maraq göstərən
və informasiya əldə etmək istəyən yerli əhaliyə,
həmçinin əcnəbi tələbələrə Litva
və ingilis dillərində bukletlər paylanmışdır.
Azərbaycan.-2013.- 28 fevral.- S.11.