Erməni təxribatının «Sumqayıt
ssenarisi»
Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə o vaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.
Həqiqəti boğmağa
hesablanan yalanlar, uydurmalar, şayiələr
1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Elə bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan "Sumqayıt, genosid, aşkarlıq" kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. 1988-ci il 30 mart tarixli nömrəsində "İzvestiya" qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdir: "Sumqayıt: istintaqa şayiələr mane olur". Həqiqətən, ermənilər mərkəzi - SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da çaşdırmaq üçün hər cür yalan və hiylələrə əl atırdılar. Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağlagəlməz dərəcədə artırırdılar. "Pravda" qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, Sumqayıtda guya 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunmayanda köhnə vərdişlərindən əl çəkmir, həqiqəti boğmaq üçün şərə və böhtana üstünlük verirdilər. Hətta məqsədlərinə çatmaq üçün Moskvanın üzünə ağ olurdular. Toplantılarında Moskvaya, Mərkəzi Komitəyə, rus xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar... O vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunlar gedirdi...
Sumqayıtda törədilmiş qanlı cinayətlər də əvvəlcədən hazırlanmış həmin ssenarilərin davamı idi. Bu dəfə baş rolu üç dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan oynayırdı. "Paşa" ləqəbi ilə tanınan bu adam yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alətə, oyuncağa çevrilmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin verib: "Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır"...
Sumqayıt hadisələrindən dərhal sonra Serqo Xanzadyan, Zori Balayan və Silva Kaputikyan SSRİ-nin rəhbəri M.Qorbaçovla görüşmüş və həmin görüşün nəticəsi olaraq Sumqayıta ordu yeridilmişdir. Elə həmin gündən başlayaraq şəhərdə komendant saatı tətbiq olunmuşdur. Əlbəttə, o vaxtlar M.Qorbaçov siyasi çeviklik və prinsipiallıq göstərsəydi, baş verən hadisələrin qarşısı alına bilərdi. Amma onun təhriki və köməyi ilə hadisələr daha da şiddətləndi. İş o yerə gəlib çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara dolduruldu. Onlar hər cür hədələrə, təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əziyyət çəkir, çarpayı dustağıdır. O günləri xatırlayan Azər Babayev çətinliklə də olsa bunları deyə bildi: "1988-ci il mart ayının 1-i idi. Əmimgildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolumu kəsdilər. Məndən sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döyməyə başladı. Həmin vaxtdan 23 il ötür. Məni ölümcül yaraladılar, əlil etdilər..."
Sumqayıtda o hadisələr zamanı "xilaskar" sovet ordusunun vəhşilikləri ilə üzləşən adamlar çox olub. İmperiya nökərləri heç nədən xəbəri olmayan, günahsız Əhməd Əhmədova da eyni hiyləgərliklə ölüm hökmü çıxartdılar.
1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişlənirdi. Komendant saatından sonra 2 minə yaxın adam həbs olunmuşdu. Qəribə burasıdır ki, cəmi 2-3 gündə dünyanın ən ucqarlarından ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdular. Jurnalist Eyruz Məmmədov deyir ki, hadisələrin sabahısı İsveçrədən gələn Artaşes Qabrielyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. Milliyyətcə erməni olan Artaşes Qabrielyan Sumqayıtdakı hadisə ilə bağlı lentə aldığı materiala belə ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başladı. "Azadlıq" radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atırdı. Ölənlərin sayını artırır, yalan və qərəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşdılar, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirdilər.
Sumqayıt hadisələrini araşdıran siyasi analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də hadisələrin mahiyyəti ilə maraqlanan insanların çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər ki, iğtişaşların ssenarisi Moskvada, Siyasi Büroda hazırlanmışdı.
İkinci Dünya müharibəsindən sonra Qərbin SSRİ-yə qarşı elan etdiyi "soyuq müharibə" 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində artıq öz nəticəsini verməkdə idi. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov siyasi fəaliyyətinin böyük bir hissəsini Avropanın SSRİ-ni iflasa uğratmaq cəhdləri ilə uyğunlaşdırırdı. Bu proseslərin hazırlanması və həyata keçirilməsində bir sıra xarici dövlətlərin kəşfiyyat orqanları xüsusi canfəşanlıq edirdilər.
Qırmızı imperiyanın parçalanması, Yer üzündən silinməsi müttəfiq respublikaların xalqlarını qarşı-qarşıya qoymaq, etnik münaqişələr yaratmaq "zəruriyyətini" ortaya qoyurdu. Bu cür münaqişələrdən biri həssas bölgələrdən olan Dağlıq Qarabağda yaradıldı. Keçmiş SSRİ-də milli məsələnin ən əsas amillərdən biri olduğu yaddan çıxmamışdı. Özünün iflası prosesini yaşayan imperiyada hər hansı lokal qarşıdurma genişmiqyaslı münaqişəyə çevrilə bilərdi. Həmin vaxtlarda meydana atılmış Dağlıq Qarabağ məsələsi Azərbaycanda bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu və ermənilər bu faktordan məharətlə istifadə edərək öz bədnam niyyətlərini həyata keçirməyə başladılar.
1988-ci
ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin
bir neçə səbəbi vardı. Ermənilər Azərbaycandakı
soydaşlarının zorakılığa məruz qalması
görüntüsü ilə nəinki bu şəhərin
sakinlərinin, bütövlükdə azərbaycanlıların
şəxsində düşmən obrazı yaratmaq, bununla da
öz mənfur niyyətlərini ört-basdır etmək
fikrində idilər. Həmin illərdə Sumqayıtda gənclər
çoxluq təşkil edirdi. Onlar müxtəlif bölgələrdən
gəlir, işə düzəlir, yataqxanalarda
yaşayırdılar. Müxtəlif millətlərin
nümayəndələrinin yaşadığı şəhərdə
hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər
sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər
sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə
müxtəlif uyuşdurucu maddələr qatılmış
çoxlu miqdarda alkoqollu içkilər
paylamışdılar. Ermənistandan qaçqın
düşərək respublikamıza pənah gətirənlərin
böyük hissəsi də məhz Sumqayıtda məskunlaşmışdı.
Öz doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii
narazılıqlarından imkan daxilində istifadə etmək,
eləcə də hadisələrin guya onlar tərəfindən
törədildiyini bəyan etmək daha inandırıcı
görünürdü.
Üç minə yaxın
günahsız şəhər sakini həbs edildi
Sovet imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnakları və onların dünyanın hər yerindəki təəssübkeşləri 1988-ci il fevralın 27-29-da Sumqayıtda əsl vəhşilik aktı törətdilər. Əvvəlcə şəhərə atılan təşkilatçılar, təxribatçı qruplar insanları inandırmağa çalışırdılar ki, Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızları zorlayırlar. Onlar Bakının dəmiryol vağzalına Ermənistandan "vaqon-vaqon meyitlər gətirildiyini" israr edirdilər. Həmin ərəfədə hüquq-mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Şəhərə vaxtında ordu göndərilməsi tələbləri artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nın sədr müavini Bobkov tərəfindən heç eşidilmirdi də. General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə Sumqayıta daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər Partiya Komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülür, incidilirdilər.
Martın
1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu
hadisələri araşdırmaq üçün fəaliyyətə
başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu
Baş İstintaq İdarəsi rəisinin müavini
Nenaşev və Baş Prokurorluq yanında xüsusilə
mühüm işlər üzrə müstəntiq Qalkin
başçılıq edirdilər. Keçmiş SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin və
SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da
Sumqayıtda idilər. Üç minə yaxın
günahsız şəhər sakini həbs edildi. Onlardan bir
qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi isə
müxtəlif yollarla azadlığa çıxa bildi. 94 nəfər
haqqında isə cinayət işi başlanıldı.
İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə
qarşı ifadələr verməsində adıçəkilən
qrupla yanaşı, Azərbaycanın müvafiq
qurumlarının üzüyola əməkdaşlarının
da "xidməti" olmuşdur. Məhkəmələr
yuxarıların göstərişlərini əsas tutmuş,
baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini
kobudcasına pozaraq ədalətsiz hökmlər
çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə
Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun,
İ.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə
baxmış, prosesdə müttəhimlərə
qarşı ittihamların əsassızlığı
sübut olunmuşdu. Ona görə də həmin iş
bütövlükdə yenidən istintaqa qaytarılmalı
idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun və
T.İsmayılovun cinayət işinin materialları yenidən
təhqiqata verilmiş, Ə.Əhmədova isə heç bir
tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı
damğası vurularaq güllələnməyə məhkum
edilmiş və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində
icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin
Gəncəliyev ona verilən işgəncələrə
dözməyərək həbsxanada intihar etmişdi.
(ardı
var)
Azərbaycan.-2013.- 28 fevral.- S.10.