Fransa parlamentinin deputatları azərbaycanlıların döyülməsini pisləyən bəyanatla çıxış etmişlər

 

Fevralın 27-də bir qrup fransalı  deputat və senator fevralın 26-da Fransa parlamentində Azərbaycan diasporunun üzvlərinin ermənilər tərəfindən döyülməsi faktını pisləmişlər. AzərTAc xəbər verir ki, onlar birgə bəyanatla çıxış etmişlər.

Bəyanatda qeyd olunur ki, fevralın 26-da erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdikləri tədbirdə Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilər tərəfindən vəhşicəsinə döyülmüşlər. Gənc xanım döyülmüş, tələbə oğlanın isə qabırğası sındırılmışdır. Onlar assambleyanın IX otağında sığınacaq tapmışlar. Burada iclasın keçirilməsinə baxmayaraq deputatlar Jan-Lui Borlo, Jan-Mari Bokel Silvi Qoy-Şavan onlara yardım göstərmişlər.

Sənəddə vurğulanır ki, 1991-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ucbatından Ermənistan və Azərbaycan müharibə vəziyyətindədirlər. Burada söhbət Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğalından gedir. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycanın ərazisi kimi qəbul edirlər. Bu həftə Xocalı soyqırımının ildönümünə görə gərginlik müşahidə olunmuşdur. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən 613 dinc insan öldürülmüşdür. Fransa parlamentinin binasında və demokratik müzakirələr çərçivəsində xoşagəlməz hadisənin baş verməsi qəbuledilməzdir. Ümid edirik ki, bu ciddi hadisənin günahkarları tezliklə cəzalarını alacaqlar.

Bəyanatı Fransa parlamentinin üzvləri Natali Qule, Jan-Mari Bokel, Herve Morey, Silvi Qoy-Şavan, Andre Rayxard, Janni Lerqu və Jan-Luk Raytzer imzalamışlar.

 

 

Azərbaycan.-2013.- 28 fevral.- S.8.