Azərbaycanın Rusiyadakı səfirliyində
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvaya gəlmiş Bakının uşaq evlərinin gənc rəssamları ilə
görüş keçirilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi "Uşaqlar və müharibə" rəsm sərgisində iştirak etmiş 10 nəfər Moskvaya dəvət olunmuşdur. Fevralın 27-də Azərbaycanın Rusiyadakı səfirliyində gənc rəssamların Moskvada yaşayan Azərbaycan ziyalıları ilə görüşü keçirilmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və xanımı Gülnarə Şıxəliyeva uşaqları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önündə qarşılamışlar. Polad Bülbüloğlu uşaqlara ulu öndər Heydər Əliyevin 1990-cı il Qanlı yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı səfirliyinə gələrək bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılmasını tələb etməsi barədə danışmışdır. Sonra söhbət nahar süfrəsi arxasında davam etdirilmişdir. Moskvada yaşayan Azərbaycan ziyalıları - "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli, Rusiyanın xalq rəssamı Əsgər Məmmədov, Moskva Linqvistika Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva gənc rəssamlara doğma Azərbaycanımızı sevməyi, onun müstəqilliyi və azadlığı uğrunda mübarizəyə daim hazır olmağı, mədəniyyətimizi daha da zənginləşdirmək üçün rəssamlıq bacarıqlarını artırmağı tövsiyə etmişlər. Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tələbələri Azərbaycan dilində şeirlər söyləmişlər.
Sonda balaca rəssamlar səfirliyə öz rəsmlərini hədiyyə etmişlər. Polad Bülbüloğlu hədiyyələrə görə təşəkkürünü bildirmiş, bu rəsmlərin səfirliyin binasını bəzəyəcəyini vurğulamışdır.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 28 fevral.- S.4.