Heydər Əliyev siyasi kursu Azərbaycanın davamlı inkişafının, müstəqil dövlətimizin əbədiyaşarlığının təminatçısıdır

 

"Azərbaycan" qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş "Ümummilli lider Heydər Əliyev - 90" mövzusunda konfrans

 

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verdiyini nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsi məqsədilə Prezident İlham Əliyev yanvarın 21-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, ulu öndərin 90 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq, tədbirlər, konfranslar, simpoziumlar keçiriləcəkdir.

Fevralın 21-də "Azərbaycan" qəzeti redaksiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə "Ümummilli lider Heydər Əliyev-90" mövzusunda keçirilmiş konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ilk rəsmi dövlət tədbiri idi. Milli Məclisin deputatlarının, dövlət məmurlarının, müxtəlif qurum və təşkilatların nümayəndələrinin, elm xadimlərinin iştirak etdiyi konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın və "İrƏli" İctimai Birliyinin sədri Rauf Mərdiyevin çıxışları dinlənildi.

Tədbirin moderatoru, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV konfrans iştirakçılarını salamlayaraq dedi:

- Əziz qonaqlar, xanımlar və cənablar! Biz hamımız birlikdə, böyük uğurlarla 2013-cü ilə qədəm qoymuşuq. 2013-cü il müstəqilliyimizin 22-ci ilidir. 2013-cü il müstəqil Azərbaycanda İlham Əliyev missiyasının başlanmasının 10-cu ilidir. 2013-cü il prezident seçkiləri ilidir.

 2013-cü ili əlamətdar edən hadisələrdən ən mühümü, şübhəsiz, ulu öndər Heydər Əliyevin 90 illik yubileyidir. Bəli, bütün türk dünyası, Azərbaycan xalqı, dünyanın Heydər Əliyev sevənləri may ayının 10-da ulu öndərin - cismən bizi tərk etsə də, daim bizimlə olan ümummilli liderimiz Heydər Əliyevin 90 yaşını qeyd edəcəkdir!

Bu münasibətlə dövlət başçısı cənab İlham Əliyevin 21 yanvar tarixində imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərancamda deyilir: "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır".

Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri saysız-hesabsızdır. Onlardan yalnız ikisini ayrıca qeyd etmək istəyirəm. Ulu öndər müasir Azərbaycan dövlətini qurdu, onu təlatümlərdən və qovğalardan sağ-salamat keçirərək müstəqilliyimizi əbədi və dönməz etdi! Eyni zamanda bu gün fəxrlə "Heydər Əliyev siyasi kursu" adlandırdığımız inkişaf yolunun parametrlərini, prinsiplərini müəyyənləşdirərək Azərbaycanın əbədi inkişafının təməlini qoydu.

Konfransda giriş nitqi söyləmək üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad MƏMMƏDOVa verilir.

 

Fərhad MƏMMƏDOV:

 

- Bu gün biz əlamətdar hadisə - Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə toplaşmışıq. Azərbaycan xalqının son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmlənməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün parlaq örnək olaraq qalacaqdır. Və bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir.

Heydər Əliyevin müdrik fikirlərindən birini yada salaq: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir". Bu gün Azərbaycan Respublikasının elə bir sahəsi, elə bir fəaliyyət istiqaməti yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinə söykənməsin. Məlumdur ki, hər bir dövlətin milli mənafelərinin, sosial-iqtisadi yüksəlişinin, beynəlxalq əməkdaşlıq məsələlərinin təminatında, xarici təhdidlərin qabaqlanmasında və aradan qaldırılmasında düzgün və çevik xarici siyasət müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin ən çətin və ən mürəkkəb mərhələsində, hərbi təcavüz, iqtisadi sarsıntılar, vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirmişdir. Onun səyləri nəticəsində gənc və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində əsaslı dönüş yaranmış, diplomatik uğurlar əldə olunmuş, ölkəmiz qısa zaman kəsiyində regionda həlledici sözə malik lider dövlətə çevrilmişdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Müstəqil Dövlətlər Birliyi və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı artan xətt üzrə inkişaf etdirilmiş, Azərbaycan bir sıra beynəlxalq və regional siyasi-iqtisadi layihələrin reallaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, müttəfiqlərin qazanılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylər gücləndirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ötən il Azərbaycan Respublikasının 155 üzv - dövlətin etimadını qazanaraq müstəqillik tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması ilk növbədə Heydər Əliyev tərəfindən başlanılmış uğurlu xarici siyasət kursunun məntiqi davamıdır.

Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev demişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik". Xatırladım ki, Heydər Əliyevin iqtisadi siyasətinin, eləcə də neft strategiyasının əsas məqsədi də Azərbaycanın davamlı iqtisadi tərəqqisini təmin etməkdir. Bu baxımdan, Azərbaycan Respublikasının perspektiv fəaliyyət proqramı olan, yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır. Bu mənbə iqtisadi, mədəni, intellektual potensialımızın inkişafında, Azərbaycanın geoiqtisadi əhəmiyyətinin, onun Avropaya inteqrasiyasının gücləndirilməsində, ilk növbədə xalqımızın sosial rifahının yüksəldilməsində müstəsna rol oynayacaqdır. Bu siyasətin davamlı şəkildə yürüdülməsinin nəticəsidir ki, ölkəmiz ötən il regionun ən güclü iqtisadi potensiala və inkişaf tendensiyasına malik dövləti olduğunu bir daha təsdiqləmiş, nüfuzlu Dünya İqtisadi Forumunun "Dünya Rəqabətlilik Hesabatı"na əsasən, reytinq cədvəlində 9 pillə irəliləyərək 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.

Heydər Əliyev Azərbaycan gəncliyinin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, müasir biliklərə yiyələnməsinə həmişə ciddi önəm vermişdir. Çıxışlarının birində "Hər bir insan gərək ilk növbədə vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun" fikrini vurğulayan ümummilli lider gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəallığının artırılmasını, onlar üçün əlverişli şəraitin yaradılmasını dövlət siyasətinin vacib sahələrindən biri elan etmişdir. "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" - deyən Heydər Əliyevin 1999-cu ildə imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərman onun Azərbaycan gəncliyinə qayğısının təzahürlərindəndir. Həmin fərmana uyğun olaraq 2002-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanunu, 2005-ci ildə isə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiqlənmişdir. Ülu öndərin Azərbaycanın gələcək nəslinə diqqəti bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi inkişaf etməkdədir.

Konfransımızda Azərbaycanda gender bərabərliyi mövzusuna da toxunulacaq, demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasında əhəmiyyətindən bəhs ediləcəkdir. Qeyd etmək istərdim ki, Heydər Əliyev bu mühüm sahəyə də böyük önəm vermiş, onunla əlaqədar xüsusi dövlət proqramı qəbul olunmuşdur. Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycanda elm, təhsil və səhiyyə sahələrində aparıcı mövqe tutan qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı tam təmin olunmaqdadır.

 

Bəxtiyar SADIQOV:

 

- Dövlətin müstəqilliyinin iki mühüm şərti var. Bunlardan biri iqtisadi cəhətdən müstəqillikdir, yəni dövlətin öz-özünü yaşada bilməsidir. İkincisi isə dövlətin müstəqil xarici siyasət yürütməsi, xarici siyasətində öz maraqlarını daim rəhbər tutmasıdır. Müstəqilliyimizin memarı olan ulu öndər Heydər Əliyev dövlətimiz üçün hər iki məqamı təmin etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz MƏMMƏDOV "Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır" mövzusunda danışacaqdır.

 

Novruz MƏMMƏDOV:

 

- XX əsrin 90-cı illərində Azərbaycanın müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Bu səbəbdən müstəqilliyinə qovuşmuş cəmiyyətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyətində qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildən etibarən uğurla yerinə yetirməyə başladı.

Dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər müstəqilliyinin ilk illərində Azərbaycana da təsir etdi. Təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar.

1993-cü il iyunun 15-dən situasiya dəyişməyə başladı. Bu, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi. Ən çətin anlarda belə Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Bununla o, birincisi, cəmiyyətin müxtəlif dairələrinin maraqlarını nəzərə alaraq siyasi qarşıdurmanın kəskinləşməsinə imkan vermədi; ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi; üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi; dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu.

Heydər Əliyev uzaqgörən gedişlərlə faktiki olaraq Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi, ona yeni məzmun verdi və zamanın tələbləri səviyyəsinə qaldırdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı "balanslaşmış xarici siyasət kursu"nun rüşeymləri o vaxtlar formalaşdı.

Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirməyə başladı. Əvvəla, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici siyasətdə ciddi yer almalıdır. İranla əməkdaşlıq xətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir.

Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan digər dövlətlərə yönəlik xarici siyasətini müəyyənləşdirdi. Bununla da balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu. Onun əsas vəzifələrindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü bərpa etmək idi. Çünki ərazi bütövlüyü təmin edilməyən dövlətin tam mənada davamlı inkişaf etməsi mümkün deyildir. Hər an münaqişə amilindən istifadə edib Azərbaycana istədiklərini qəbul etdirməyə cəhdlər ola bilərdi. Bunu böyük güclər daha yaxşı bilirlər, elə bu məqsədlə də Azərbaycanın səylərinə baxmayaraq keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi, nə də Ermənistanı işğalçı elan edib müvafiq addımlar atıldı.

Əksinə, təcrübə göstərdi ki, böyük güclər zaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını nümayiş etdirdilər. 1993-1995-ci illərdə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişi planları hazırlayıb, ölkəni yenidən xaosa sürükləməyə cəhd edildi. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi.

Bunun səbəbi, Hafiz Paşayevin fikri ilə ifadə etsək, Azərbaycanın "G üçlüyü" (Geography, Geology, Geopolitics) ölkəsi olmasıdır. "3G" müasir tarixi şəraitdə ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə uyğun olaraq çox əhəmiyyətli olduğunu ifadə edir. Bu xüsusiyyətlərinə görə Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində olub. Bu fikir Heydər Əliyevin XXI əsrin və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elmi-nəzəri cəhətdən dəqiq əsaslandırılıb.

Azərbaycan müxtəlif sivilizasiyaların kəsişdiyi, müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı məkandır. Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərə alsaq, böyük dövlətlərin belə bir ölkəyə marağını tam təsəvvür edə bilərik. Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosiyasətinin əsas prioritetlərindən biri və bəzən birincisi hesab olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir böyük səhvi vardı - onlar bu zənginlikdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə onunla əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər.

Bu gün Azərbaycan çox mühüm ölkədir. O, Cənubi Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həm də Şərqə və Mərkəzi Asiyaya açılan "geosiyasi pəncərə"dir. Cənubi Qafqazın başqa bir ölkəsinin bu funksiyanı yerinə yetirmək imkanı yox dərəcəsindədir.

Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasi proseslərin məntiqi, postsovet məkanının geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda yaranmış vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət kursu seçilə bilməzdi.

Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Heydər Əliyevə görə, Azərbaycanın xarici siyasəti son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modelinin harmoniyasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşlarla balansı həmişə saxlamaq mümkün olmaya bilər. Müasir tarixi mərhələdə bu, əsas şərt deyildir. Çünki geosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər hansı statik duruma ehtiyac qalmır. Bu məntiqlə balans modeli də yeniləşməlidir. Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sistemini sivil qaydalar daxilində formalaşdırmaqdır. Bu mənada balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması anlamına gəlir. Güclü dövlətlə güclü cəmiyyətin bir-birini tamamlaması məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və vacib olan bu müddəa xarici siyasəti dövlət quruculuğu və cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümunəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın diplomatik xidmət sahəsini, diplomatiyanın metodlarını inkişaf etdirmək və onu daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi. Bunun üçün ilk növbədə xarici siyasətin daha konkret səviyyədə vəzifələrini müəyyənləşdirmək tələb olunur.

Bu vəzifələr içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat almaq dururdu. 1993-1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirsək, vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildə qanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyinə ciddi ziyanlar vurmaq yolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişi cəhdləri oldu. Bu hadisələrin arxasında Azərbaycanın "Əsrin müqaviləsi"ni imzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərar verməsinin durduğu indi hər kəsə məlumdur. Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adlandırmaq olar.

Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı və o, beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, dünyanı Qərblə strateji əməkdaşlığa hazır olduğuna inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı.

Həmin illərdə neft müqavilələri sahəsində danışıqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti olan İlham Əliyev rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlham Əliyev deyirdi ki, "...neft müqavilələrini imzalayarkən mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım". Azərbaycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı. Bəlkə də həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəlirindən çox, gələcək üçün prinsipial məna kəsb edən tərəfdaş kimi etimad qazanmaq daha önəmli idi. Azərbaycan məhz həmin illərdə peşəkar diplomatik və siyasi-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı.

İndi Ermənistan siyasətçiləri və diasporu Azərbaycanın enerji siyasətinin Dağlıq Qarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər. Məsələn, Avropa erməni assosiasiyalarının forumunun rəhbəri Aşot Qriqoryan 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransında bu haqda birmənalı fikir söyləyib. O təşvişlə deyir: "Təəssüf ki, Azərbaycanın neft faktoru getdikcə daha həlledici olur və bunun fonunda biz məhv olduğumuzu görürük...". 1993-1995-ci illərdə atılan addımlar, formalaşdırılan xarici siyasət və diplomatik gedişlər bu günün uğurları naminə edilirdi.

Enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın xarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının müəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünü təmin etmək şansı qazanması üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə təminat lazım idi. Azərbaycan enerji amilini xarici siyasətinin əsas elementlərindən birinə çevirməklə regional və qlobal səviyyədə cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq qiymətləndirdiyini sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü bir vasitə kimi öz pozitiv rolunu oynamaqdadır.

Yuxarıdakı mülahizələrdən görünür ki, Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu. Bu baxımdan xarici siyasətin vəzifələrini bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün uyğun beynəlxalq şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi yönümlü təşkilatlarda fəal iştirakının təmin edilməsini, xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü qrupa vətəndaşların əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması, regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi, Azərbaycana qarşı olan xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin mexanizmlərini formalaşdırmaq daxildir.

Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürdü. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan əngəllərin aradan qaldırılmasını və insan haqlarına əməl olunmasını təmin edəcək prioritetlər yer alıb. Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və demokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün lazım olan xarici və daxili şərait yaratmalıdır.

Bu gün Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır. Keçən müddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzərinə düşənləri yerinə yetirib. Onu demək lazımdır ki, dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin arsenalında da yeniləşmələr baş verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun effektivliyini təsdiqləyir.

Beləliklə, sistemli surətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Xarici siyasətin çevikliyi Azərbaycanı keçən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldib.

Xarici siyasətdə ayrıca istiqamət kimi beynəlxalq və regional təşkilatlarla sıx əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək götürülür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir. Azərbaycan MDB çərçivəsində də aktiv fəaliyyət göstərir. Ölkəmizin bu quruma daxil olması və orada aktiv iş aparması ilə Ermənistanın bir çox mənfur planlarının qarşısı alınır. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənədi qəbul edə bilməz.

Etiraf edək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumla əməkdaşlıq daha perspektivli görünür. Lakin bütün hallarda ikitərəfli münasibətləri diplomatiyanın heç bir formasının əvəz edə bilməyəcəyini proqnozlaşdırmaq olar. Hazırda xarici siyasətin əsas istiqamətləri sırasında ikitərəfli əlaqələr əhəmiyyətli mövqeyini saxlamaqdadır. Bu zaman qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda başqaları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq mümkün olur. Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir. Siyasi təhlükəsizliyin təmini bu prizmada aktual problem kimi qəbul edilir. Siyasi təhlükəsizlik dövlət quruculuğu məsələlərini müstəqil yerinə yetirmək üçün cəmiyyətin imkan və qabiliyyətlərini ifadə edir.

Belə bir şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çoxlu sayda faktorun nəzərə alınmasını tələb edir. Həmin aspektdə xarici siyasətin siyasi təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında çevik mexanizm kimi hədsiz əhəmiyyəti aydın görünür. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu məsələ ikiqat vacibdir. Azərbaycan bütün bu şərtləri nəzərə alaraq xarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir. Birinci səviyyə Azərbaycanla coğrafi qonşu olan böyük dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran nəzərdə tutulur. İkinci səviyyə Orta Asiya dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərdən ibarətdir. Üçüncü səviyyə isə Avropa, ABŞ və Uzaq Şərq də daxil olmaqla Asiya və müsəlman dövlətləri istiqamətində aparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütün dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti yeridilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir - buraya regional və qlobal miqyaslı təşkilatlar daxildir.

Xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdirilməsi milli dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillər göstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xarici siyasətini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nail olmuşdur. Ulu öndər Heydər Əliyev mükəmməl xarici siyasət kursu hazırlamışdır. Müstəqilliyimizin 21 ili ərzində toplanmış təcrübə sübut edir ki, ölkəmizin xarici siyasət kursu böhranlı situasiyalarda belə kifayət qədər səmərəlidir.

Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindən kənarda təsəvvür etmək mümkün deyildir. Azərbaycan qlobal miqyasda gedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regional səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla uzlaşdırılmalıdır. Bu zaman əsas meyar xarici siyasətin prioritetləridir.

Azərbaycanın mürəkkəb bir regionda xarici siyasət sahəsində böyük uğurlar qazanması həqiqətən zirvəyə yüksəliş deməkdir. Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət indi regionun lideridir. Ölkə başçısının rəhbərliyi ilə dövlətimizin xarici siyasətinin prioritetləri qətiyyət və inamla həyata keçirilir. Təcrübə göstərir ki, Azərbaycanın xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil - o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olaraq bundan sonra da üzərinə düşən missiyanı yerinə yetirəcəkdir!

 

Bəxtiyar SADIQOV:

 

- Müstəqillik dövründə Azərbaycan xalqı möhtəşəm uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xaos, anarxiya, qanunsuzluq aradan qaldırılaraq möhkəm və dönməz sabitlik yaradıldı, ümummilli böhran dəf edilərək sürətli inkişafın əsası qoyuldu. Artıq Azərbaycan Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrilib, iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişaf etmiş ölkələr cərgəsinə qoşulmaq uğrunda mübarizə aparır.

Qarşıya yeni, daha böyük hədəflər qoyulub. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Heydər Əliyevin yürütdüyü iqtisadi-sosial siyasətin məntiqi davamıdır. Bu mövzuda danışmaq üçün söz Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad SƏMƏDZADƏyə verilir.

 

Ziyad SƏMƏDZADƏ:

 

 - Lideri olmayan dövlət heç vaxt tərəqqidə olmaz, heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana bilməz, dinamik və sabit inkişafdan qalar. Dünyanın inkişaf tarixi bütün bunlara əyani sübutdur. Bu gün qloballaşan dünyada ən məşhur siyasətçilər, proqnozlaşdırıcılar şəxsiyyətin təntənəsi faktorunu müasir dövrün ən aparıcı inkişaf amillərindən sayırlar.

1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Heydər Əliyev ilk növbədə iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində Sovet hökumətinin respublikamızın inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. İttifaq orqanları ilə əməkdaşlıq formalarının təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atıldı, məhsuldar əməyə, işin nəticələrinə layiqli qiymət vermək ön plana çəkildi. Bir sözlə, respublika iqtisadiyyatında qaynar həyatın formalaşması üçün bütün imkanlar və vasitələr hərəkətə gətirildi ki, bütün bunlar də öz bəhrəsini verdi: milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Azərbaycan dotasiyasız yaşayan bir respublika kimi tanındı.

Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişaf etməsindən çox asılı olacaqdır. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. 1976-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin strukturunun təkmilləşməsinə dair çox münüm sənədi qəbul etdilər. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişaf tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması nəticəsində sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yerləri yaradıldı, sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi. 1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxdı. Bununla da 70-ci illər tariximizə sözün əsl mənasında Azərbaycan sənayesinin intibah dövrü kimi daxil oldu. Ümumiyyətlə, Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşdı ki, bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynamışdır.

Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya seçdi və bu strategiyada neft faktoruna üstünlük verdi. 1994-cü ildə Azərbaycan Respublikası dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. Müstəqil Azərbaycanın neft strategiyası dünya təcrübəsini nəzərə aldı. Beləliklə, müstəqil Azərbaycan başqa dövlətlərin keçdiyi yolu təkrar etmədi, öz yolunu, öz inkişaf modelini seçdi. Neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafelər, investisiya mühitinin yaxşılaşması, risk faktorunun azalması üçün zəruri tədbirlər həyata keçirdi.

Məlumdur ki, neftlə zəngin olan ölkələrin bir çoxu yoxsulluq, səfalət içində yaşayır. Çünki bu ölkələrdə milli mənafelərə cavab verən inkişaf strategiyası olmayıb, ictimai-siyasi sabitlik təmin edilməyib, demokratik institutlar yaradılmayıb, neft gəlirlərindən daxil olan külli miqdar vəsaitlərdən istifadənin şəffaflığı təmin edilməyib.

Açıq iqtisadiyyatın, bazar iqtisadiyyatının prinsiplərinin nəinki tərəfdarı, həm də fəal təbliğatçısı olan Heydər Əliyev ölkədə yeni iqtisadi sistemin qurulması üçün vacib olan maliyyə, pul-kredit, vergi, qiymət, gömrük siyasətini həyata keçirmək üçün beynəlxalq standartlara cavab verən 100-dən artıq qanuna imza atdı. Özəlləşməyə dair dövlət proqramları qəbul edildi. On minlərlə kiçik müəssisə və digər obyekt özəlləşdirildi, çoxsaylı özəl struktur subyektləri yaradıldı.

Müstəqil Azərbaycanın inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm yer tutur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla reallaşması iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına, regionlar arasında sosial-iqtisadi inkişafa görə yaranmış uyğunsuzluqların, miqrasiya proseslərinin xeyli dərəcədə yumşaldılmasına, regionların malik olduğu resurslardan səmərəli istifadə olunmasına, regionların istehsal, sosial infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına əhəmiyyətli dərəcədə müsbət təsir etmiş, ölkəmizin tarazlı və dinamik inkişaf imkanları xeyli genişləndirilmişdir. Aparılan hesablamalar göstərir ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə yeni iş yerlərinin 80 faizdən çoxu regionların payına düşür.

Dövlət başçısı İlham Əliyevin apardığı siyasət, bu siyasətin uğurlu nəticələri bir daha sübut edir ki, Azərbaycan dövləti sürətli və keyfiyyətli inkişaf etmək üçün öz yolunu seçmişdir. Bu seçim ilk növbədə Azərbaycan xalqının milli maraqlarına, dövlətimizin müstəqilliyinin qorunmasına xidmət edir.

İqtisadiyyatın dinamik inkişafı büdcə gəlir və xərclərinin sürətli artımını, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisinin 35 faizə yüksəlməsini, dövlətin taleyüklü funksiyalarının yerinə yetirilməsini təmin etmişdir. Belə bir inkişaf meylinin qarşıdakı dövr üçün də saxlanılması ölkəmizdə keyfiyyətli həyat səviyyəsinin bir sıra göstəricilərinin daha da yaxşılaşması üçün çox vacib şərtlərdən biridir.

Azərbaycan dövləti qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəltmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiyanın sürətlə artması kimi meyillərə yol verməmişdir.

Son illərdə ölkədə makroiqtisadi göstəricilərin yaxşılaşması fonunda əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində müsbət nəticələr əldə olunmuş, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması istiqamətində irəliləyişlər əldə edilmiş, uğurlu büdcə-vergi və pul-kredit siyasəti həyata keçirilmiş, xarici ticarətdə müsbət saldo yaradılmış, milli valyutanın sabitliyi təmin olunmuş, ölkənin valyuta ehtiyatları 45 milyard dolları ötmüş, büdcə kəsirinin aşağı səviyyədə saxlanılması ənənəsi davam etdirilmiş, müdafiə potensialı gücləndirilmiş, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələri reallaşdırılmışdır.

İqtisadçı alimlərimiz tədqiqatlarında bir cəhəti də nəzərə almalıdırlar: dünya dəyişir, dünya iqtisadiyyatını idarə etməyin qaydaları da dəyişir. Qlobal böhran göstərdi ki, dünya iqtisadiyyatının bir mərkəzdən idarə olunması ciddi fəsadlara səbəb olur. İnteqrasiya əlaqələrinin genişləndiyi bir şəraitdə dövlət özünün milli maraqlarını qorumaq üçün daha çevik siyasət yeritməli, xaricdən verilən tövsiyə və təklifləri birmənalı şəkildə qəbul etməməlidir. Bu kimi fundamental məsələ barədə dövlət başçısı İlham Əliyevin baxışları və prinsipial mövqeyi hökumət strukturları ilə yanaşı iqtisadçı alimlərin də qarşısında vacib vəzifələr qoyur, milli iqtisadiyyatın keyfiyyətli inkişafı və səmərəliliyinin yüksəldilməsinə, qloballaşma və milli suverenlik problemi arasında tarazlığın qorunmasına xidmət edən sistemli təhlilin aparılmasını zəruri edir.

Bu nailiyyətlərin vacib səbəblərindən biri ondan ibarətdir ki, müstəqil Azərbaycan dövləti azad bazar münasibətlərini fetişləşdirmədi, ona bütün problemlərin həlli mənbəyi kimi baxmadı. Ölkədə ictimai mülkiyyətin hökmranlığından qurtarmaq üçün qarışıq mülkiyyət formasına üstünlük verildi. Bu gün ölkədə minlərlə özəl müəssisə, səhmdar cəmiyyət, şirkət fəaliyyət göstərir. Eyni zamanda səmərəli fəaliyyət göstərən dövlət sektoru vardır. İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir.

Dövlət başçısı ölkəmizin milli mənafelərinin qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi məsələsini daima diqqət mərkəzində saxlayır. Məhz bu istiqamətdə fundamental əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Hamıya məlumdur ki, müstəqilliyin ilk illərində ölkənin maliyyə imkanları yox dərəcəsində idi, kredit almaq istəyəndə isə çoxlu çətinliklər, ağır şərtlərlə üzləşirdi. Bu gün Azərbaycan dövlətinin maliyyə imkanları qat-qat yaxşılaşıb, artıq onun kreditor ölkə kimi çıxış etməsi üçün möhkəm real bazası vardır. Azərbaycan dövlətinin xarici borcu ÜDM-in cəmi 7-8 faizini təşkil edir, bu, əksər ölkələr üzrə olan səviyyədən dəfələrlə aşağıdır.

Azərbaycanın inkişaf modelini digər ölkələrin inkişaf modellərindən fərqləndirən cəhətlərdən biri də odur ki, burada iqtisadi inkişafla demokratik inkişaf arasında qarşılıqlı əlaqənin təmin edilməsi prioritet vəzifələrdən sayılır.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi coxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması olmalıdır. Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmışdır.

Azərbaycan iqtisadiyyatının gələcək inkişaf problemlərinin səmərəli həlli iqtisad elmi qarşısında konkret vəzifələr qoyur. İqtisadçı alimlər iqtisadiyyatda keçid dövrünü başa vurmuş ölkədə innovasiyalı iqtisadiyyatın qurulması, real sektorun strukturunun təkmilləşməsi, milli iqtisadiyyatın rəqabətədavamlılığının yüksəldilməsi, ölkənin ixrac potensialının artırılması, regional inkişaf, xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrin səmərəliliyi, keyfiyyətli həyat səviyyəsi ilə bağlı tədqiqatlarını genişləndirməlidirlər.

 

Bəxtiyar SADIQOV:

 

- Ailə Azərbaycan xalqı üçün müqəddəs sayılır. Qadın cəmiyyətimizin ən hörmətli üzvlərindəndir. Azərbaycan qadını ictimai-siyasi həyatda özünü çoxdan təsdiq edib. Hətta müharibə dövründə, məşəqqətli qaçqın və məcburi köçkün həyatı yaşanmasında da zərif çiyinlərinə ağır yük götürməyi bacarıb. Ulu öndər Heydər Əliyev cəmiyyət həyatında qadının fəallığına, mövqeyinin möhkəmlənməsinə daim qayğı ilə yanaşırdı.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran HÜSEYNOVA isə "Heydər Əliyevin sosial siyasətində gender bərabərliyi" mövzusunda çıxış edəcəkdir.

 

Hicran HÜSEYNOVA:

 

- May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 ili tamam olacaq. Ölkəmizin hər yerində onun yubileyi təntənə ilə qeyd olunur. Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Bu, insan hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan sahələrdə xüsusilə hiss olunur.

Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini onun sosial siyasətində gender bərabərliyinin gücləndirilməsi təşkil edirdi. İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki digər sahələrdə olduğu kimi, gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir.

Tarix belə dahiləri tək-tək yetirir. Ulu öndər də nadir şəxsiyyət, fenomenal insan idi. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.

Bu gün dövrün iqtisadi-siyasi, elmi-mədəni səviyyəsi və sosial siyasətin gender aspekti ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi və qlobal təfəkkürünün cəmiyyətə verdiyi töhfələrdir.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq görərik ki, əslində sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin əsası elə o vaxtdan qoyulmuşdur. Hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, ulu öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Bu nə ilə xarakterizə edilirdi? Heydər Əliyev əvvəl qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda onlar üçün bir stimul rolunu oynadı.

O zaman qadınların rəhbər vəzifələrə irəli şəkilməsi üçün ölkədə hər bir şərait mövcud idi. Qadın akademiklər, qadın nazirlər, qadın rektorlar o illərdə irəli çəkilmişdilər. Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da genişləndirirdi. Məsələ burasında idi ki, qadınlarımız da onlara olan etimadı doğruldaraq çalışdıqları sahədə nümunə göstərir, uğurlar qazanırdılar.

Hələ müstəqillikdən əvvəlki illərdə ölkənin müxtəlif təşkilatlarında, idarə və müəssisələrində 4 minə yaxın qadın şuraları fəaliyyət göstərirdi. Şurada birləşən 30 min nəfərədək qadın uşaq və yeniyetmələrin tərbiyəsi ilə məşğul olur, qadınların əmək və məişət şəraitinin yüngülləşdirilməsi üçün təşəbbüskarlıq edir, respublika qadınları arasında yenilikçilər hərəkatının təşkilində böyük rol oynayırdı.

O illərdə qadınlarla bağlı ən yaddaqalan hadisə Azərbaycanda qadın qurultaylarının keçirilməsi idi. Sonrakı illərdə qadınlarımız xüsusi fəallıqla geniş quruculuqla məşğul olmuşlar. Elmdə, əməkdə, fəaliyyət göstərdikləri bütün sahələrdə görkəmli qadınlara fəxri adların verilməsi, milli-mədəni irsimizin təbliği, bu əsaslar üzərində müasir mədəniyyətimizin inkişafına nail olunması Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindəndir.

Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Torpaqlarımız ermənilər tərəfindən işğal olundu, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. Dağılan ailələr, yaşanan faciələr qadınların və uşaqların həyatında daha dərin iz qoyurdu. Bu sahədə yaranan boşluqlar özünü qadın hərəkatında daha kəskin surətdə göstərməyə başladı.

 Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, ümumilikdə xalqın həyat səviyyəsinin yüksəldilməsi demək idi. Bununla da ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin inkişafı üçün geniş imkanlar yarandı. Ulu öndər ən çətin məqamlarda da qadın məsələlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazımi kömək göstərirdi.

Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir ki, bir çox beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olan Azərbaycan bu gün bölgədə aparıcı dövlətə çevrilmişdir. Ölkəmizin əldə etdiyi təcrübə bir sıra dövlətlərdə lazımınca dəyərləndirilir. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

1990-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Ölkə Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən fərman və sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. Qadınların həyatında canlanma əmələ gəldi, respublikada qeyri-hökumət qadın cəmiyyətləri və təşkilatları yaranmağa başladı. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da Heydər Əliyev "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələrindən ibarət Milli Komitə tərəfindən bu ərəfədə qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş bir sıra tədbirlər-konfranslar, "dəyirmi masa"lar, müzakirələr, sərgilər təşkil olundu.

 Nəhayət, 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da diqqət və maraq çoxaldı.

Məlumdur ki, qadınlar cəmiyyətin aparıcı qüvvəsidir və onlar öz müstəqil qurumlarını yaratmaqla, sosial, mənəvi, ictimai hadisələrin iştirakçısı olmaqla həlledici funksiya daşıyırlar. Ulu öndər tərəfindən imzalanan fərman və sərəncamlar, o cümlədən "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin gücləndirilməsi haqqında", yenə həmin ildə "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi" haqqında Dövlət Proqramı və digər rəsmi sənədlərdə qadınların hüquqlarının müdafiəsi təmin olundu.

Artıq həyatın bütün sahələrində aydın hiss olunan canlanma Azərbaycan qadınlarının fəaliyyətində də müşahidə olunmağa başlamışdı. Sənayedə, kənd təsərrüfatında, səhiyyə, idman və sosial müdafiə sahəsində, təhsil, mədəniyyət, incəsənət sahəsində, elm və elmi xidmətdə, dövlət idarəetmə orqanlarında qadınların təmsilçiliyi artmağa başlamışdı.

 "Gender inkişafda" layihəsinin fəaliyyətdə olduğu müddətdə Heydər Əliyev "Azərbaycan qadınlarının rolunun artırılması haqqında" sərəncam imzaladı. Sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən qabaqcıl sahələr müəyyənləşdirildi. Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli digər fərmanı ilə ölkədə qadın siyasətini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Fəxrlə deyə bilərik ki, bu, MDB məkanında qadın problemlərinin vahid mərkəzdən idarə olunduğu ilk dövlət qurumu idi. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq təkliflər hazırlamaq tapşırıldı.

 Həmin ilin 14-15 sentyabrında Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan qadınlarının I qurultayı keçirildi. Qurultayda  2 mindən artıq nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm əhəmiyyət daşıyırdı.

Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə gələcək strategiya barədə qeydlər edən ulu öndərin çıxışı qurultay iştirakçılarının proqram sənədinə çevrildi. Həm də onunla əlamətdar oldu ki, Pekin Konfransının müddəalarına əsaslanaraq qadınların sosial-iqtisadi həyatının yaxşılaşdırılmasına da öz töhfəsini vermiş oldu.

 Heydər Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi münasibəti ilə hazırlanmış tədbirlər proqramında da birbaşa və bilavasitə qadınların hüquqları, azadlıq və bərabərlikləri istiqamətində atılacaq addımlar əksini tapırdı. Həmin proqramda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti ilə yanaşı Qadın Problemləri üzrə Dövlət Komitəsinin də təmsil olunması qadın hərəkatının dövlət idarəçiliyində fəal iştirakını təsdiqləyirdi. Qeyd etməliyik ki, o illərdə Qarabağ müharibəsi ilə əlaqədar qadın hərəkatında bir qədər boşluq yaransa da, bu tezliklə vətənpərvər, ictimai cəhətdən fəal qadınların hesabına öz yerini aldı. Azərbaycan qadınları həyatımızın bütün sahələrində ciddi fəaliyyətə başladılar.

Azərbaycan qadınlarının 2003-cü ildə keçirilmiş II qurultayı ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda Heydər Əliyev qadın siyasətinin təntənəsi kimi tarixə çevrildi.

2006-cı il fevralın 6-da dövlət başçının imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır.

Həyatımızın bütün sahələrini əhatə edən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli fərmanı əslində müstəqillik dövrünün ən önəmli qanunlarından birinin təsdiqinə şərait yaratmış oldu. Buradan belə nəticəyə gələ bilərik ki, "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir. Fərəhli haldır ki, Azərbaycanda gender büdcələşməsi təsdiq olunmuşdur.

Müstəqilliyin ilk illərində ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" və "Uşaq hüquqları haqqında" konvensiyalara qoşulmuşdur. Bu, Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Azərbaycan Respublikası həmin konvensiyalara üzvlüklə bağlı vaxtaşırı BMT-yə hesabat təqdim edir. Hesabatların beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilməsi ümummilli liderin parlaq ideyalarının həyata keçirilməsinin əyani sübutudur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində insan amilinə, insan faktoruna böyük önəm vermiş, hər şeyin insan naminə olmalı olduğunu ön plana çəkmişdir. O, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının durduğunu məmurlara xatırlatmış, hər şeyin vətəndaş üçün olduğunu vurğulamışdır. "İnsan amili, insan kapitalı. Mən hələ 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik" deyən ölkə Prezidenti qeyd etmişdir ki, xalq, vətəndaş bilməlidir ki, onun arxasında güclü dövlət var, o özünü rahat, təhlükəsiz hiss etməlidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu qanunların və məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi onun öz xalqına, dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir.

 2013-cü il bizim üçün çox əlamətdardır. Qarşıdan qadınların IV qurultayı gəlir. Eyni zamanda bu il dövlətimizin həyatında çox mühüm mərhələdir - ölkədə prezident seçkiləri ilidir. Biz əminik ki, qadınlarımız özlərinin ədalətli və demokratik seçmək hüququndan istifadə edərək stabilliyə, güclü siyasətə, möhkəm iqtisadiyyata - ulu öndərin layiqli siyasi varisinə - cənab Prezident İlham Əliyevə səs verəcəklər.

 

Bəxtiyar SADIQOV:

 

- Gənclər dövlətin gələcəyi, cəmiyyətin ən fəal və enerjili təbəqəsidir. Ulu öndər Heydər Əliyev həm Azərbaycana birinci rəhbərliyi dövründə, həm də yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra gənclərin təlim-tərbiyəsinə, fiziki cəhətdən möhkəmlənməsinə və təhsilinə xüsusi qayğı və diqqət göstərirdi. Dövlət başçısı cənab İlham Əliyev də gənclərin ən yaxın dostu və hamisidir.

Sözü "Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti" mövzusunda çıxış etməkdən ötrü "İrƏli" İctimai Birliyinin sədri Rauf MƏRDİYEVə verirəm.

 

Rauf MƏRDİYEV:

 

- Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkası, elmi, mədəniyyəti, mənəviyyatı, inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan bəşəriyyətə verdiyi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib və heç şübhəsiz Heydər Əliyevin adı bu şəxsiyyətlər sırasında birinci çəkilir. O bütün ömrünü, peşəkar fəaliyyətini Azərbaycanın inkişafı və çiçəklənməsinə həsr edib.

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" söyləyən ulu öndər Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət edib. Heydər Əliyev həm olmazın çətinliklər içində dövləti quran memar, həm xalqını uzun illər gələcəyə hesablanmış inkişaf cığırına salan vizyoner, həm də ölkəsinin vətəndaşları üçün fədakarlıq nümunəsi sayılan öndər olmuşdur. Mən öz çıxışımda ümummilli liderimizin gənclər üçün etdiklərini, onun baxışları əsasında formalaşan gənclər siyasətinin hal-hazırda hansı nöqtəyə gəlib çatdığı barədə danışacağam.

Hal-hazırda Azərbaycan gəncliyinin uğurlarının mahiyyətini anlamaq üçün tarixə nəzər salmaq lazımdır. 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev həmin dövrdə Azərbaycanı Sovet İttifaqının ucqar xammal ölkəsindən güclü iqtisadiyyata malik sənaye ölkəsinə çevirmişdir. O illərdə həyata keçirilən işlər Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra onun ilkin inkişafının əsas təməlinə çevrildi. Həmin dövrdə yalnız sənayenin və iqtisadiyyatın deyil, eyni zamanda insan kapitalının inkişafı, milli kardların hazırlanması istiqamətində Heydər Əliyev tərəfindən cəsarətli addımlar atılmışdır. Heydər Əliyev hələ o zamanlarda gənc peşəkarların hazırlanmasına, onların təhsil və peşəkarlıq səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan xalqının yüzlərlə gənc və istedadlı övladları müxtəlif sahələrdə uğur qazanacaq, səslərini bütün ölkəyə duyuracadılar.

Həyatda heç nə asan əldə olunmur və öndərimiz Heydər Əliyevin də həyatında çətin anlar, enişlər-yoxuşlar olmuşdur, amma o bütün sınaqlardan şərəflə çıxmış, daim öz xalqına xidmət etmiş, bütün dövrlərdə cəsarətli siyasət aparmış və bu siyasət, bu cəsarət özünü müxtəlif mərhələlərdə göstərmişdir.

Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin müstəqil dövlət kimi mövcudluğunu sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. Sevindirici haldır ki, Heydər Əliyev istər Azərbaycana birinci rəhbərliyi dövründə, istərsə də 1993-cü ildə ikinci dəfə ölkəyə rəhbərliyə başlaması dövründə ən çox güvəndiyi, etibar etdiyi sosial qrup məhz gənclər idi.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasətinin təməli qoyuldu. Məhz onun dəstəyi nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilməyə başladırlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildi. Həmin dövrdə verilmiş düzgün qərarların bəhrəsini biz bu gün görürük. Onlardan bir neçəsini sadalamaq istərdim.

Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forum gənclərə verilən yüksək diqqət və qayğının göstəricisi, eyni zamanda gənclərdə özünəinamı formalaşdırmaq üçün atılmış müdrik bir addım idi. Məhz həmin forumlarda Heydər Əliyev şəxsən özü, saatlarla gənclərin çıxışlarını və fikirlərini dinləyərək ətrafdakılara gəncləri dinləməyin nə qədər vacib olduğunu göstərirdi.

Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərlə işi daha sistemli etmiş oldu. Bir faktı qeyd etmək lazımdır ki, heç də hər ölkədə gənclərlə işləyən ayrıca struktur yoxdur.

1997-ci il fevralın 1-də "2 fevral - Azərbaycan gəncləri günü"nün elan edilməsi haqqında sərəncam imzalandı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

2003-cü ildə Heydər Əliyev məktəbinin yetirməsi cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsindən sonra Azərbaycan gənclər siyasətində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyev gənclər qarşısında çıxışlarının birində açıq şəkildə gənclərə arxalandığını söyləmişdir. Bu bir mesaj idi, bu Azərbaycan gənclərinin həyatında yeni bir mərhələnin başlanması demək idi.

İlham Əliyev qısa müddət ərzində səsləndirdiyi mesajların reallaşması üçün əməli tədbirlərin görülməsinə start verdi. 2005-2009-cu illər "Azərbaycan Gəncliyi Dövlət Proqramı" qəbul olundu. Bu proqram gəncliyə verilən önəmin göstəricisi idi.

2006-cı ildə dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə "Gənclər ili" elan edilmişdir.

Gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, 2008-2012-ci illərdə  dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizindən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir.

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı həm də onun mövcud kadr potensialı və intellektual kapitalının həcmi ilə ölçülür. Bu da təsadüfi deyil. Çünki bütün ölkələrin inkişaf tempi insan amili ilə sıx bağlıdır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət göstərilməsindən, insan kapitalına yatırımdan keçir.

Bunu gözəl dərk edən Prezident İlham Əliyev də ölkənin davamlı inkişafını təmin etmək üçün Azərbaycan xalqının sərvəti olan, qara qızılın insan kapitalına çevrilməsi siyasətini ortaya qoymuşdur. Məhz bu siyasətin nəticəsində Azərbaycanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilmiş və bu gün də uğurla həyata keçirilir. Proqram çərçivəsində 5000 nəfər Azərbaycan gəncinin dünyanın ən yaxşı təhsil ocaqlarında dövlət hesabına təhsil alması hədəflənir. Bu gənclərin hər biri təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdacaq, əldə etdikləri bilik və təcrübə ilə ölkənin inkişafına töhfələrini verəcəklər. Əgər təhsildən sonra ölkəyə qayıtmayıb xaricdə qalsalar belə, qəlblərindəki Azərbaycan sevgisi ilə milli maraqlarımızın təmsilçisinə, Azərbaycanın qeyri-rəsmi səfirinə çevriləcəklər.

Gənclər siyasətinin sistemli və dəqiq aparılması nəticəsində gənclərimiz ən müxtəlif sahələrdə uğurlar əldə edir, bayrağımızı ucaldırlar. Bu sahələrin ən önəmlilərindən biri də idmandır.

Bu gün cənab Prezidentin qayğısı nəticəsində gənclərimizin idman sahəsində əldə etdiyi uğurlar hər birimizə məlumdur. Sadəcə bir faktı qeyd etmək istərdim ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğur hər birimizə məlumdur. İdmançılarından bir çoxunun gənclər olduğu Olimpiya millimiz qazanılmış medalların sayına görə dünyada 24-cü, Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşdı.

Cənab Prezident tərəfindən yürüdülən gənclər siyasətinin növbəti uğuru öz təcəssümünü "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbulu və icrasında tapır. Azərbaycanda insan kapitalının inkişafına böyük təkan verməkdə olan bu proqramın müzakirəsi və qəbulu yəqin ki, bu zalda əyləşənlərin xatirindədir. Xüsusilə vurğulamaq istədiyim məqam ondan ibarətdir ki, gənclərlə bağlı dövlət proqramının hazırlanması üçün işçi qrupu yaradılmış və proqramın əhatə edəcəyi təkliflərin məhz gənclərin özlərindən alınmasına imkan yaradılmışdır. İlk dəfə olaraq dövlət proqramı üçün təkliflərin qəbulu internet üzərindən həyata keçirilmişdir. İctimai təşkilatlar və dövlət qurumları tərəfindən onlarla görüş və "dəyirmi masa"lar təşkil olunmuş, gənclərin təklifləri dinlənilmişdir.

Qəbul olunmuş dövlət proqramı gənclərin sosial müdafiəsi və sağlamlığı, gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, elm, təhsil və gənclərin yaradıcılıq potensialının inkişafı, gənclərin idarəetmədə və vətəndaş cəmiyyətində iştirakı və beynəlxalq əməkdaşlıq sahələrini özündə əks etdirir.

Artıq biz bu proqramın real fəaliyyəti və bu fəaliyyətin müsbət nəticələrini görürük. Bölgələrimizdə gənclər mərkəzləri tikilir və tikilməkdədir. Azərbaycan Gənclər Fondu təsis olunub və bir ildən artıq vaxtda fəaliyyət göstərən bu fond Azərbaycanda gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində böyük uğurlara imza atıb. Gənclər Fondunun fəaliyyəti nəticəsində yalnız yerli gənclər təşkilatlarının deyil, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan xarici ölkə gənclərinin də fəallığını artırıb.

Bütün bu qeyd olunan məqamların hər biri cənab Prezidentin gənclərə bəslədiyi yüksək inam və etimadının göstəricisidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti hal-hazırda Prezident İlham Əliyev tərəfindən ən uğurlu formada davam etdirilir.

Artıq əminliklə demək olar ki, bu gün Azərbaycan gəncliyi qarşısına qoyulan məqsədlərə asanlıqla nail olmaq iqtidarındadır. Bu gün Azərbaycan Prezidentinin ətrafında birləşən peşəkar gənclər ordusu vardır.

Azərbaycan gəncləri, o cümlədən gənclər hərəkatının təmsilçisi olan bizlər - "İRƏLİ"nin üzvləri "Öndərimizin yolundayıq!" şüarı ilə Heydər Əliyevin görmək istədiyi Azərbaycanı qurmaqda olan Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik və bu müqəddəs yolda liderimizin rəhbərliyi ilə addımlamaqdan qürur duyuruq. Biz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimizdən ilham alır, onun siyasətini birmənalı şəkildə dəstəkləyir və hər zaman təbliğ edir, Vətənimizin daha parlaq gələcəyi üçün görülən bu işlərə öz töhfəmizi vermək üçün yorulmadan çalışırıq və bir daha qeyd edirəm, bununla qürur duyuruq!

Qeyd edim ki, bu gün gənclərin daha effektiv fəaliyyəti üçün geniş imkanlar yaranıb. Məhz bu dövlət qayğısının nəticəsi olaraq "İRƏLİ" İctimai Birliyi də böyük uğurlara nail olub. Hərəkatımız sıralarında 24 mindən çox gənci birləşdirir. 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 000 nəfərdən çox insan daxil olmuşdur. "İRƏLİ"nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə etmişdir, eyni zamanda dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyimiz təşkilatlar mövcuddur. Bizim fəaliyyətimizin məqsədi cənab Prezidentin gənclər siyasətinin icrasına dəstək olmaqla, gəncliyimizin, Azərbaycanımızın inkişafıdır.

Bu gün cənab Prezident gənclərin ən böyük dəstəkçisi və onların inkişafının təminatçısı olduğu kimi, gənclər də daima cənab Prezidentin yanındadır və dayağıdırlar. Mən bir daha bu tribunadan rəhbərlik etdiyim "İRƏLİ" İctimai Birliyinin üzvləri adından qeyd etmək istəyirəm ki, biz gənclərin alternativsiz seçimi Heydər Əliyev siyasi kursudur, yəni məhz cənab İlham Əliyevdir! Qarşıdan gələn seçkilərdə biz İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçiləcəyinə əminik.

 

Bəxtiyar SADIQOV:

 

- "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu fikir hər an təsdiqini tapır. Azərbaycan getdikcə qüdrətlənir, yeni-yeni qələbələrə imza atır. Ölkəmizin səsi BMT-nin Təhlükəsizlik Şurasından, beynəlxalq qurum və təşkilatlardan gəlir, süni peykimiz kosmosda uçur.

Ötən illərin və bütövlükdə müstəqillik dövrünün təcrübəsi göstərir ki, Azərbaycan xalqının ikinci seçimi yoxdur: O daim dövləti inkişaf etdirərək möhkəmləndirən, beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibinə çevirən Heydər Əliyev siyasi kursu ilə irəliləmək qətiyyətindədir.

Azərbaycan xalqının ikinci seçimi yoxdur: hamı bir nəfər kimi sosial-iqtisadi inkişafı təmin edən, xalqın rifahını durmadan yaxşılaşdıran cənab İlham Əliyevi növbəti 5 ildə də dövlətin sükanı arxasında görmək arzusundadır. Və seçkilər günü öz səsi ilə yenidən bu arzusunu reallaşdıracaqdır.

Bu istəklə də konfransımızı başa çatdırır, sizə təşəkkür və minnətdarlığımızı bildiririk. Sağ olun!

 

 

Azərbaycan.-2013.- 28 fevral.- S.5;7.