Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına həsr olunmuş seminar keçirilir
Fevralın 27-də Bakıda Azərbaycan ilə Yaponiya arasında kosmik sənayenin inkişafına
həsr olunmuş
seminar işə başlamışdır.
AzərTAc xəbər verir ki, iki gün
davam edəcək seminarın məqsədi Azərbaycan-Yaponiya iqtisadi
əlaqələrinin inkişafına
töhfə verməkdir.
Seminarda
çıxış edən
Yaponiya nümayəndə
heyətinin rəhbəri,
"Mitsubishi Electric Corporation"nın böyük vitse-prezidenti Takaşi Sasakava tədbirdə həm dövlət, həm də özəl sektor nümayəndələrinin iştirak
etdiklərini söyləmişdir.
Bildirmişdir ki, seminarın
keçirilməsi iki
ölkə arasında
aerokosmik sahədə
beynəlxalq əməkdaşlıq
əlaqələrinin qurulması
üçün çox
önəmli hadisədir.
Kosmik sənayedə
müasir texnologiyalardan
istifadə edildikdə,
bunun paralel olaraq digər sektorların da inkişafına şərait
yaratdığını deyən
natiq qeyd etmişdir ki, Yaponiyada ən yüksək səmərəli
aparatların istehsalına
nail olunmuşdur. Bundan başqa, gələcək
nəsil üçün
yeni qurğular hazırlanmışdır. Bu zaman biz onların
istehsal xərclərini
3 dəfə azaltmağı
nəzərdə tutmuşuq.
Buna baxmayaraq, biz təkcə xərcləri
azaltmaq üzərində
çalışmırıq. Əsas məqsədimiz kosmik məkanda manevr və daşımaların
həyata keçirilməsi,
eləcə də raketlərin buraxılmasını
asanlaşdırmaq funksiyalarına
malik sistemin dinamik inkişafıdır.
Bu sistemdə işləyəcək
qurğuların hazırlanması
bu il
də davam etdiriləcəkdir. Yaponiya
ötən il
orbitə iki peyk çıxarmışdır.
Xüsusi yoxlanış sistemi
bizə Yerdə davamlı surətdə müşahidələr aparmağa,
eyni zamanda, çox səmərəli
geofiziki və beynəlxalq iqlim dəyişikliyinin parametrlərini
müəyyənləşdirməyə,
təbii fəlakətlər
zamanı operativliyin təmin olunması üçün əhatəli
məlumatlar əldə
etməyə imkan verir.
Peyklərin orbitə qaldırılmasında
istifadə olunan qurğular barədə də danışan T.Sasakava onların funksiyaları barədə
məlumat vermişdir. Qeyd olunmuşdur
ki, Yaponiya orbitdə 400 kilometrlik manevr imkanlarına malik olmaqla, özü açılıb
bağlana və fəzaya atılan hissələri yığa
bilən müasir avadanlığa malikdir.
Bu cihazlar orbitdə
qorunması üçün
xüsusi örtüklə
örtülür.
Yaponiyanın kosmik sektorunun dünyanın ən qabaqcıl peyk texnologiyasına malik olduğunu söyləyən
T.Sasakava ölkəsinin
Sinqapur və Tayvan üçün peyk istehsal etdiklərini,
hazırda isə Türkiyə üçün
yeni "Türksat"
peykinin üzərində
işlədiklərini bildirmişdir.
Azərbaycan ilə Yaponiyanın kosmik sahədə əməkdaşlığına həsr olunmuş seminarın əhəmiyyətini
yüksək qiymətləndirən
rabitə və texnologiyalar naziri Əli Abbasov bu müzakirələrin konkret əməkdaşlığa
çevriləcəyinə ümid etdiyini bildirmişdir. Nazir qeyd etmişdir
ki, Azərbaycanda kosmik texnologiyanın inkişafı başlanğıc
mərhələsindədir. Buna baxmayaraq, vaxtilə
keçmiş İttifaqın
kosmik sənayedə əldə etdiyi uğurlarda ölkəmizin
də rolu olmuşdur. Belə ki, Azərbaycan
hələ 1970-ci illərin
əvvəllərindən Sovetlər
İttifaqının kosmik
proqramının fəal
iştirakçısı, sonra isə bu sahədə bir sıra uğurlara
imza atan respublikalardan biri olmuşdur. Lakin müstəqil Azərbaycanın
kosmik sənayesinin tarixi 2008-ci ildən etibarən başlanmışdır.
Ötən dörd il müddətində
respublikamız artıq
ilk telekommunikasiya peykini
orbitə çıxarmışdır.
Eyni zamanda, bu istiqamətdə
geniş planlarımız
da mövcuddur.
Azərbaycanın kosmik proqramının uzunmüddətli olduğunu
vurğulayan Ə.Abbasov
bu istiqamətdə xüsusi dövlət proqramının da qəbul edildiyini diqqətə çatdırmış,
İKT sahəsinin gələcəkdə
daha da inkişaf
etdiriləcəyini söyləmişdir. Bildirilmişdir ki, Yaponiyanın bu sahədə əldə etdiyi zəngin təcrübədən
ölkəmiz də faydalana bilər. Peyklərin istehsalı, idarə edilməsi, qaldırıcı raketlərin
hazırlanmasından tutmuş
bir çox geniş sahələrin inkişafı, o cümlədən
ekologiya, kosmik sistemin istifadəsi, Yer səthinin təbii resurslarının
kosmosdan tədqiqatı
və s. kimi istiqamətlər onu göstərir ki, Yaponiya bu gün
kosmik texnologiyalar üzrə dünyada irəlidə olan aparıcı ölkələrdən
biridir.
Azərbaycan bu gün iqtisadi
inkişafın yeni mərhələsindədir. Artıq təbii
sərvətlərə əsaslanan
iqtisadiyyatı texnoloji
və innovativ iqtisadiyyata yönəldilmiş
siyasət həyata keçirməyə başlamışıq.
Prezident İlham Əliyevin təsdiqlədiyi
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında informasiya
kommunikasiya texnologiyaları
(İKT) sektorunun geniş
əhatə olunduğunu
xatırladan nazir gələcəkdə qeyri-neft
sektorunun, xüsusilə
də bu sahənin inkişaf etdiriləcəyini demişdir.
Azərbaycanın ikinci alçaq orbitli peykin 2014-cü ildə orbitə çıxarılacağını vurğulayan Ə. Abbasov ölkəmizdə kosmik sənayenin inkişafı
üçün reallaşdırılacaq
tədbirlərdən də
danışmışdır.
Qeyd olunmuşdur ki, bu il
regional yerüstü idarəetmə
mərkəzinin sistemləri
genişləndiriləcəkdir. Artıq cari ilin payızında
xarici müşahidə
peyklərindən alınan
informasiyanı emal etmək üçün yerüstü stansiya istifadəyə veriləcəkdir.
Ölkəmizin peykin imkanlarından
istifadə zamanı Asiya bazarına üstünlük verməsi,
son illər Avropada baş verən iqtisadi böhranlar fonunda texnologiyaların inkişafının tənəzzülü
ilə əlaqədardır.
Digər
tərəfdən isə
Asiyada, Sakit okean hövzəsi ölkələrində sosial-iqtisadi
və texnoloji inkişaf Azərbaycanın
diqqətini cəlb edir. Burada aparıcı yer
tutan Yaponiya ilə yanaşı, digər ölkələrin
də beynəlxalq bazarlara çıxışları
vardır. Bu ölkələrdə texnoloji
inkişaf, xüsusən
də İKT-nin, elektron avadanlıqların
inkişafı geniş
vüsət almışdır.
Digər
tərəfdən isə
Asiya ölkələri
böyük bazardır
və bu da Azərbaycanın diqqətini cəlb edir. Əgər bu gün ölkəmizin iqtisadiyyatının
inkişafında təbii
ehtiyatlar əsas yer tutursa, gələcəkdə
qeyri-neft sektorunun, xüsusilə də
İKT-nin genişləndirilməsi
planlaşdırılır. Azərbaycan
2020-ci ilədək öz
ümumi daxili məhsulunu 2 dəfə artırmağı nəzərdə
tutmuşdur. Bu artım isə bütövlükdə qeyri-neft
sektorunun hesabına reallaşdırılacaqdır. Biz gələcəyə bu cür nikbinliklə
baxırıq. Ona görə
də başda Yaponiya olmaqla, digər inkişaf etmiş ölkələr
bizim diqqətimizi cəlb edir və onlarla əməkdaşlıq bizim
üçün önəmlidir.
Azərbaycan hökuməti tərəfindən
bu sahədə fəaliyyət göstərən
şirkətlərə münbit
şəraitin yaradıldığını
deyən nazir bugünkü seminarın onların müasir texnologiyalara yiyələnmələri
və tətbiqi, əldə olunan uğurlar nəticəsində
beynəlxalq bazarlara çıxmaları üçün
imkanlar açdığını
diqqətə çatdırmışdır.
Daha sonra Yaponiyanın ölkəmizdəki
səfiri Suşuke Vatanabe Azərbaycanın təkcə təbii ehtiyatları ilə deyil, insan resursları
ilə də zəngin olduğunu bildirərək demişdir
ki, bu, çox
mühüm amildir. Hər bir
ölkənin gələcəyi
bu resursların səmərəli istifadə
olunmasından asılıdır.
Kosmik sektora dair seminarın təşkilinin ikitərəfli
əlaqələrdə yeni
üfüqlər açacağını
qeyd edən səfir 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya
texnologiyaları ili"
olduğunu diqqətə
çatdırmış və
bu sahənin inkişaf etdirilməsi üçün böyük
potensialın mövcud
olduğunu söyləmişdir.
Azərbaycanın ilk telekommunikasiya peykinin
bu il
orbitə qaldırıldığını
xatırladan səfir Yaponiyanın da bu sahədə qazandığı zəngin
təcrübəni paylaşmağa
hazır olduğunu diqqətə çatdırmışdır.
S.Vatanabe
əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında əlaqələr
kosmik sənaye sektorundakı əməkdaşlıqla
daha da zənginləşəcəkdir.
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri
Rəşad Nəbiyev
kosmik sənayenin ölkəmiz üçün
yeni sahə olduğunu deyərək bu istiqamətdə qarşıda duran perspektiv layihələr barədə məlumat vermiş, respublikamızda
İKT-nin inkişafının
beynəlxalq bazarlara da yol açdığını
qeyd etmişdir. Bildirilmişdir
ki, fevralın 8-də
orbitə qaldırılan
Azərbaycanın ilk telekommunikasiya
peykinin istismar müddəti ən azı 15 il
təşkil edəcəkdir.
"Azərspace-1" adlanan
peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin
göstərilməsi, eləcə
də korporativ və hökumət müştərilərinin tələblərinə
cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin
edilməsi üçün
nəzərdə tutulmuşdur.
Azərbaycanın 2014-cü ildə Yerin müşahidəsi peykini,
2016-cı ildə isə
digər bir peyki orbitə qaldıracağını da
söyləyən R.Nəbiyev
bu sahədə uğura nail olmaq üçün təcrübəli
ölkələrlə əməkdaşlığın
önəmini vurğulamışdır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın ölkəmizdəki
səfirliyinin birgə
təşkilatçılığı ilə keçirilən
seminar qarşılıqlı təqdimatlarla davam etmişdir.
Seminara
Yaponiya tərəfdən "Mitsubishi Electric Corporation",
"Nippon" elektrik korporasiyası, "IHI Corporation",
"IHI Aerospace Co.", PASCO, JAMSS, "Sumitomo", "Itochu
Corporation", Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat
Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə
Mərkəzi, Yaponiya Aerokosmik Şirkətləri Cəmiyyətinin,
ümumilikdə isə 17 şirkətin nümayəndələri
qatılmışlar. Azərbaycan tərəfdən isə tədbirdə
24-dən çox şirkətin nümayəndə heyətləri
iştirak edirlər.
Azərbaycan.-2013.- 28 fevral.- S.4.