Geniş tərkibdə görüş
Gürcüstan
Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri
Fevralın 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV görüş
iştirakçılarını salamlayaraq dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
qonaqlar!
Sizi Azərbaycanda görməyə şadam. Xoş gəlmisiniz! Biz indicə ikitərəfli münasibətlərin mühüm məsələləri və regional problemlər barədə fikir mübadiləsi apardıq. İndi müzakirələrimizi geniş tərkibdə davam etdirəcəyik.
Əvvələn, demək istəyirəm ki, Sizi ölkəmizdə yenidən görməyə çox şadam. Sizin Azərbaycana rəsmi səfəriniz münasibətlərimizin inkişafında çox mühüm mərhələdir. Son doqquz ildə biz Bakıda, Tbilisidə, Batumidə və başqa şəhərlərdə tez-tez görüşmüşük. Şadam ki, bu əlaqələrimiz davam edir və bizim münasibətlərin indiki mərhələsində Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tam varisliyini təmin etmək zəruridir. Şadam ki, Siz səfərə bu cür nüfuzlu nümayəndə heyəti ilə gəlmisiniz. Onların əksəriyyətini çoxdan tanıyıram.
Əminəm ki, sizin Bakıda olmağınız həmkarlar arasında əlaqələr baxımından da faydalı olacaqdır.
Bizim münasibətlər çox sınaqlardan keçmiş, ən yüksək səviyyəyə çatmışdır, bundan yüksəyini təsəvvür etmək yəqin ki, çətindir. Konkret layihələr həyata keçirilir, onlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Gələcək üçün də yaxşı perspektivlər vardır. Bunu təmin etmək üçün inamlı inteqrasiya kursunu, beynəlxalq sahədə səylərimizin əlaqələndirilməsini davam etdirmək lazımdır. Sizinlə başladığımız konkret iqtisadi və infrastruktur layihələrinin uğurla başa çatdırılması da regionda sabitliyə və xalqlarımızın rifahına şərait yaradacaqdır.
Gündəliyimiz həmişəki kimi çox genişdir. Bizim gündəlikdə müxtəlif xarakterli çoxlu məsələlər vardır. Vacibdir ki, onların hamısı müsbət və səmərəli həll edilir.
Güman edirəm ki, Sizin budəfəki səfərinizin yekunlarına əsasən, biz əməkdaşlığın daha da möhkəmləndirilməsinin konkret yollarını da müəyyən edəcəyik.
Bir daha xoş gəlmisiniz.
* * *
Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluq duyduğunu bildirən Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ dedi:
- Çox sağ
olun, cənab Prezident! Əvvələn, bizim üçün
doğma olan Bakıya gəlmək, əlbəttə, böyük
şərəf və
həmişə sevindiricidir.
Həqiqətən Bakı regionun
ən mühüm mərkəzi olmaqla bərabər, həm də dünyanın ən məftunedici və maraqlı şəhərlərindən biridir.
Mən ilk dəfə
prezidentlik müddətimin
başlanğıcında Sizin andiçmə mərasiminə gəlişimdən
sonra Bakının necə tərəqqi etdiyini gördüm. O vaxt Bakı yenicə inkişaf etməyə başlayırdı.
Mən dünyada Azərbaycan kimi sürətlə inkişaf
edən başqa ölkə tanımıram,
ola bilsin
ki, bir-iki daha zəngin və daha böyük
ölkə vardır.
Zənnimcə, bu, həm Sizin, həm də xalqınızın
xidmətidir.
Bizim münasibətlərimiz
də inkişaf edir. Bu münasibətlərin
təməli ulu öndər Heydər Əliyevin uzaqgörən
strateji siyasəti nəticəsində qoyulmuşdur.
O, Azərbaycanın hansı
istiqamətdə irəliləməli
olması barədə
tam qəti kurs müəyyən etmişdir.
Məhz bu qətiyyət, strateji uzaqgörənlik, bütün
bu tədbirlərin həyata keçirilməsində
dəqiq ardıcıllıq
Sizin siyasətinizdə
də davam etmiş və Azərbaycanı bugünkü
səviyyəyə çatdırmışdır.
Mənim
bütün həmvətənlərim
və güman edirəm ki, dünyanın, ən azı bu regionun
bütün düşünən,
məlumatlı adamları
Sizə heyrandır, vurğundur. Ona görə
bu mənada biz bu əməkdaşlığın
nəticələrinə bir
növ yekun vururuq. Şadam ki, Gürcüstanın
Baş naziri də hökumət nümayəndə heyəti
ilə burada olmuşdur. Mən başa düşürəm,
Gürcüstanda hakimiyyətdə
kim olur-olsun,
onlar Azərbaycanın
əhəmiyyətini bilirlər,
onlar başlanmış
fəaliyyət kursunu
davam etdirməyə bilməzlər. Bu kurs Gürcüstanda icra hakimiyyətinin başında kimin dayanmasından asılı
deyildir. Çünki bu, iki xalq
arasındakı kursdur.
Bu kursun alternativi
yoxdur. Ölkələrimiz arasında sadə
vətəndaşlar, biznes,
hökumətlər, prezidentlər,
baş nazirlər səviyyəsində çox
dərin strateji tərəfdaşlığın inkişaf etdirilməsindən
fərqli heç bir inkişaf variantı yoxdur. Ona görə bu mənada biz Sizə çox minnətdarıq.
AzərTAc
Azərbaycan.-2013.- 28 fevral.- S.1-2.