Azərbaycan və Gürcüstan
prezidentləri mətbuata
bəyanatlarla çıxış etmişlər
Fevralın
27-də geniş tərkibdə görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və
Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla
çıxış etmişlər.
Prezident İlham Əliyevin bəyanatı
-
Hörmətli cənab Prezident, hörmətli qonaqlar!
Mən
bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram,
Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə
çox böyük əhəmiyyət veririk. Siz Azərbaycanın
böyük dostusunuz. Biz Sizinlə son 9 il ərzində dəfələrlə
görüşmüşük - həm Gürcüstanda, həm
Azərbaycanda, həm də başqa ölkələrdə.
Bugünkü görüş və Sizin rəsmi səfəriniz
əvvəlki görüşlərin məntiqi
davamıdır.
Bu
illər ərzində Gürcüstan-Azərbaycan əlaqələri
böyük və uğurlu yol keçmişdir. Bu əlaqələr
çox möhkəm təməl üzərində qurulubdur.
Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur,
bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri
bu möhkəm tarixi zəmin üzərində qururuq.
Müstəqillik dövründə Gürcüstan və Azərbaycan
strateji müttəfiqlər səviyyəsinə
çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri
inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr
gələcək illərdə də inkişafı həm
Gürcüstan, həm Azərbaycan üçün çox
böyük əhəmiyyət daşıyan amil olacaqdır.
Çünki bizim uğurlu inkişafımız yalnız
birlikdə mümkün ola bilər. Bu birliyi, əməkdaşlığı
möhkəmləndirmək üçün son illər ərzində
çox böyük işlər
görülmüşdür. Bu gün biz bu barədə
Sizinlə fikir mübadiləsi aparmışıq. Müxtəlif
layihələr icra edilir. Energetika, nəqliyyat sektorlarında
layihələr həm bizim ölkələri gücləndirir,
xalqlarımızın rifah halının
yaxşılaşdırılmasına xidmət göstərir,
eyni zamanda, bölgədə gedən proseslərə müsbət
təsir göstərir. Bölgədə sabitliyin,
sülhün, əməkdaşlığın dərinləşməsi
üçün bizim bərabər icra etdiyimiz layihələr
xüsusi məna daşıyır. Bu gün bizim ölkələri
və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz
layihələrsiz təsəvvür etmək mümkün
deyildir. Biz Sizinlə bərabər enerji məsələlərinin
həlli üçün çox böyük səylər
göstərmişik, böyük uğurlara nail olmuşuq.
Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi
məsələlərinin həlli - bütün bunlar bizim
birgə səylərimiz nəticəsində mümkün
olan məsələlərdir.
Hazırda
biz yeni böyük layihənin icrası ilə məşğul
olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi
Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa
üçün yeni böyük imkanlar açacaqdır. Eyni
zamanda, nəqliyyat məsələlərinin həllində də
böyük işlər görülmüşdür. Əminəm
ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa
çatdırılacaq və həm Gürcüstan, Azərbaycan
üçün, həm də bölgə və dünya
üçün böyük əhəmiyyətə malik bir
məsələ olacaqdır.
Beynəlxalq
əməkdaşlığımız da artır. Biz
bir-birimizi beynəlxalq təşkilatlarda daim dəstəkləyirik.
Xarici siyasət məsələləri ilə bağlı
daim müxtəlif səviyyələrdə məsləhətləşmələr
aparılır və bu da çox uğurlu təşəbbüsdür.
Bu təşəbbüsün çox gözəl nəticələri
vardır. Onlar ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlarda
biz bir-birimizi daim dəstəkləyirik və müdafiə
edirik. Bu da ölkələr arasındakı əlaqələrə
çox müsbət təsir göstərir.
Bütün
digər məsələlərlə bərabər, bu gün
bir daha biz bu məsələləri nəzərdən
keçirdik. Görürük ki, Gürcüstan və Azərbaycan
iki dost, qardaş və tərəfdaş ölkələr
kimi irəliyə uğurla gedirlər. Gürcüstanda son illər
ərzində Sizin rəhbərliyinizlə çox
böyük işlər və islahatlar
aparılmışdır. Gürcüstan böyük dərəcədə
inkişaf etmişdir. Həm siyasi proseslər müsbət
istiqamətdə gedir, həm də infrastruktur layihələrinin
icrası ilə bağlı Sizin çox böyük
uğurlarınız vardır. Tbilisi şəhəri gündən-günə
gözəlləşir. Batumi də həmçinin gündən-günə
gözəlləşir. Bu gün mənə göstərdiyiniz
yeni layihələrin fotoşəkilləri bir daha onu göstərir
ki, nə qədər böyük işlər
görülmüşdür. Son illər ərzində
Gürcüstanda müxtəlif istiqamətlərdə
aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər
bölgələrdə də öyrənilir və bu
islahatların həyata keçirilməsində Sizin xüsusi
əməyiniz, zəhmətiniz olubdur. Bu islahatlar Sizin təşəbbüsünüzlə
irəliyə aparılıbdır. Əlbəttə ki, bu
islahatlar gələcəkdə Gürcüstanın
inkişaf etmiş ölkəyə çevrilməsində də
öz rolunu oynayacaqdır.
Bir
daha demək istəyirəm ki, son illər ərzində biz
Sizinlə dəfələrlə
görüşmüşük və həmişə
çox səmimi fikir mübadiləsi
aparılmışdır. Bu görüşlər zamanı qəbul
edilmiş qərarlar nəticə etibarilə həm
Gürcüstanı, həm Azərbaycanı böyük dərəcədə
gücləndirmişdir. Əminəm ki, bu müsbət meyillər
gələcək illərdə də davam edəcək, iki
dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan
həmişə olduğu kimi bir yerdə olacaqlar və bir
istiqamətdə inkişaf edəcəklər və ölkə
daxilində olan bütün prosesləri, bütün məsələləri
uğurla həll edəcəklər.
Bir
daha xoş gəlmisiniz, bir daha bütün qonaqları səmimiyyətlə
salamlayıram.
Azərbaycan.-2013.- 28 fevral.- S.2.