Ali qonağın şərəfinə
Gürcüstan
Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri
Fevralın
27-də Prezident İlham Əliyevin və xanımı Mehriban
Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə
olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və
xanımı Sandra Elizabet Rulofsun şərəfinə rəsmi
ziyafət verilmişdir.
Mərasimdə
çıxış edən Prezident İlham ƏLİYEV
bildirdi ki, Gürcüstan Prezidentinin Azərbaycana səfəri
bir daha ölkələrimiz arasında həyata keçirilən
qarşılıqlı səfərlərin və
görüşlərin davamlı xarakter aldığını
göstərir.
Xalqlarımızın
ortaq tarixə və mədəni dəyərlərə malik
olduğunu deyən dövlət başçısı
hazırda ölkələrimizin strateji tərəfdaşlığa
əsaslan əlaqələrinin uğurla davam etdiyini diqqətə
çatdırdı. "Bu gün Gürcüstan və Azərbaycan
təkcə özünü doğrultmuş müstəqil
dövlətlər deyil, həm də dinamik inkişaf edən,
öz seçimini qoruyan, öz müstəqil inkişaf
yolunu, həm regional, həm də
qlobal xarakterli məsələlərdə fəal iştirak
edən dövlətlərdir", - deyən Prezident İlham Əliyev
müstəqilliyin ilk illərində ərazi
bütövlüyünün pozulması, separatizm halları
ilə üzləşən ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində bir-birinin
mövqeyini yüksək səviyyədə müdafiə
etdiyini bildirdi.
İqtisadi
sahədə əməkdaşlığın səmərəli
olduğunu vurğulayan dövlət başçısı
ölkələrimiz arasında həyata keçirilən iri
layihələrin əhəmiyyətindən danışaraq
dedi:
-
Ölkələrimizdə islahatların həyata keçirilməsində,
yeniləşmədə, iqtisadi inkişafda ümumi və
oxşar cəhətlər çoxdur. Bizi region çərçivəsindən
kənara çıxan qlobal xarakterə malik layihələr də
birləşdirir. Gürcüstan və Azərbaycan qlobal
xarakter daşıyan enerji və nəqliyyat layihələrinin
fəal iştirakçıları kimi qitənin enerji və
nəqliyyat təhlükəsizliyi məsələlərində
mühüm rol oynayırlar. Ölkələrimiz nə qədər
yaxın olsalar, bu rol regionun ümumi inkişafına bir o qədər
müsbət təsir göstərəcəkdir. Regionda təhlükəsizlik,
sabitlik və əmin-amanlıq cəmiyyətlərin və
ölkələrin rifahından daha çox
asılıdır. Bu cəhətdən bizim təşəbbüs
göstərdiyimiz və uğurla həyata keçirilən
layihələr ölkələrimizin həqiqətən
müstəqil dövlətlər kimi möhkəmlənməsində
mühüm rola malikdir.
Prezident
İlham Əliyev son illərdə Gürcüstanda həyata
keçirilən islahatların əhəmiyyətinə
toxundu. Ölkələrimiz arasında tarix boyu yaranıb
formalaşan dostluq əlaqələrinin və səmərəli
əməkdaşlığın bundan sonra da davam edəcəyinə
əminliyini ifadə edərək dedi:
- Azərbaycan
üçün Gürcüstan qardaş dövlət və
strateji tərəfdaş olmaqla yanaşı, həm də təbii
müttəfiqdir. Bunu başa düşmək
üçün xəritəyə baxmaq kifayətdir... Azərbaycan
Gürcüstan üçün, həmçinin iqtisadi,
investisiya və enerji layihələri nöqteyi-nəzərindən
də böyük əhəmiyyət
kəsb edir.
* * *
Çıxışına
"Mənim üçün Bakıya hər səfər
bayramdır" sözləri ilə başlayan Prezident Mixeil
Saakaşvili qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan ortaq
tarixi və dəyərləri olan ölkələrdir.
Gürcüstan dövlətinin başçısı bir
neçə il öncə soyuq qış günlərində
qazsız və elektriksiz qalan ölkəsinə Azərbaycandan
gələn dost yardımını xatırladı, bununla
bağlı qərarına görə bir daha Prezident İlham
Əliyevə və Azərbaycan xalqına təşəkkür
etdi. BMT Təhlükəsizik Şurasının üzvü
olan Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik
olduğunu deyən Mixeil Saakaşvili bildirdi ki, Azərbaycan-Gürcüstan
dostluğu dünyada qonşuluq münasibətlərinə
bir nümunədir. Dövlət başçısı son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
böyük inkişaf yolu keçdiyini də diqqətə
çatdıraraq dedi:
- Hətta
böyük ehtiyatları olan heç bir ölkə Azərbaycanın
elədikləri ilə müqayisəyə gələ bilməz.
Niyə? Çünki Azərbaycanın dəqiq kursu, öz
müstəqilliyinin dəqiq yolu, istiqaməti, aydın
üfüqləri vardır. Düşünürəm ki,
tarixi şəxsiyyətlərsiz tarixi qərarlar ola bilməz.
Bunun ən gözəl nümunəsi də Azərbaycan
dövlətidir.
Gürcüstan
Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevin
Azərbaycan dövlətinin yaranıb
formalaşmasındakı müstəsna xidmətlərini
xatırladı, dahi şəxsiyyətin layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
bu gün ölkəmizdə həyata keçirilən
quruculuq və inkişaf proseslərinin önəmini
vurğulayaraq bildirdi:
-
Fikrimcə, Azərbaycan Avrasiyanın mühüm dövlətlərindən
və ən tanınmış ölkələrindən biri
olacaqdır. Bakı şəhəri bunu aşkar sübut
edir. Bakının nə qədər maraq doğurduğunu
artıq hamı etiraf edir...
Sonda
Gürcüstan Prezidenti bir daha yüksək qonaqpərvərliyə
görə Prezident İlham Əliyevə təşəkkür
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 28 fevral.- S.2.