Şirvanda Olimpiya
İdman Kompleksi istifadəyə verilmişdir
Şirvanda Olimpiya İdman Kompleksi
istifadəyə verilmişdir
İyulun 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Şirvan
Olimpiya İdman Kompleksinin açılışında
iştirak etmişdir.
Dövlət
başçısı kompleksin rəmzi
açılışını bildirən lenti kəsdi.
Bu
kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin
aprelində Şirvana səfəri zamanı qoyulmuşdur.
Gənclər
və idman naziri Azad Rəhimov dövlət
başçısına məlumat verdi ki, ümumi sahəsi
4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində
geniş abadlıq-quruculuq işləri
görülmüşdür. Burada idmanın bir çox
növləri ilə məşğul olmaq üçün hərtərəfli
şərait yaradılmışdır. Kompleksin
binasının foyesində ümummilli lider Heydər Əliyevin
idmançılara göstərdiyi qayğını, sovet və
müstəqillik dövrlərində Şirvana səfərlərini
əks etdirən fotolardan ibarət stend
yaradılmışdır. Burada Prezident İlham Əliyevin
idmanın inkişafına göstərdiyi diqqəti və bu
rayona səfərlərini əks etdirən fotolar da
böyük maraq doğurur.
Bildirildi
ki, Şirvan Olimpiya İdman Kompleksində 20 otaqdan ibarət 44
yerlik müasir mehmanxana da fəaliyyət göstərəcəkdir.
Burada qonaqların və idmançıların qalması,
istirahəti üçün hər cür şərait
yaradılmışdır. Kompleksdəki yeməkxana da
müasir səviyyədədir.
Kompleksdə
yaradılan şəraitlə tanışlıq zamanı
Prezident İlham Əliyevə Olimpiya Hərəkatı
Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı
təmir və yenidənqurma layihələri barədə məlumat
verildi.
Dövlət
başçısına bildirildi ki, kompleksdə müxtəlif
tədbirlərin keçirilməsi üçün konfrans
zalı və inzibati otaqlar mövcuddur. Burada müasir idman
qurğuları ilə təchiz edilmiş trenajor, cüdo,
güləş, boks zalları, sauna və bilyard otağı
da fəaliyyət göstərəcəkdir. Bu müasir
kompleksin idman zalında 980 tamaşaçı yeri vardır.
Zalda idmançılar mini-futbol, voleybol və basketbol ilə məşğul
olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli
idman tədbirləri keçirmək mümkün
olacaqdır.
Kompleksin
ümumi uzunluğu 50 metr olan üzgüçülük
hovuzu da müasir səviyyədə yaradılmışdır.
İdman qurğusunun həyətində 1020 yerlik futbol
stadionu, mini-futbol, basketbol meydançası inşa
edilmişdir.
Prezident
İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksində
yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Qeyd
edək ki, 1997-ci ildə Azərbaycanda Olimpiya hərəkatında
yeni mərhələnin başlanması ilə ölkəmiz
dünyanın idman ailəsinə daxil olmuşdur. Bu sahənin
sürətli inkişafının təmin edildiyi Azərbaycan
artıq beynəlxalq əhəmiyyətli idman
yarışlarının keçirilməsi üçün əlverişli
məkana çevrilmişdir.
2003-cü
ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strategiyaya uyğun olaraq idman ölkədə
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilmişdir. Ölkəmizin idman statusunun daha
da möhkəmləndirilməsi istiqamətində
mühüm tədbirlər görülmüşdür. Bu
dövrün əsas xarakterik xüsusiyyəti ölkədə
geniş maddi-texniki bazaya malik idman infrastrukturunun
yaradılması, bu sahənin inkişafı ilə
bağlı dövlət proqramlarının qəbul
olunması, idmançıların sosial problemlərinin həllinə
dair daha təsirli tədbirlərin görülməsi idi.
İlk növbədə, regionlar da daxil olmaqla bütün
ölkə üzrə beynəlxalq standartlara malik yeni,
müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin
tikilməsinə başlanmış və bu məqsədə
yüksək səviyyədə nail olunmuşdur. Bununla da
ölkədə yeni idmançı nəslinin yetişməsini,
idmanın kütləviliyinin təmin olunmasını
qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin
bu sahənin inkişafına göstərdiyi diqqət və
qayğı idmançılarımızın beynəlxalq
yarışlarda yüksək nəticələr qazanmasına
gətirib çıxarmışdır. Azərbaycan atletlərinin
Atlanta Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu
Sidney, Afina, Pekin və Londonda yüksək nəticələrin
qazanılmasına rəvac vermişdir. Beləliklə, Azərbaycan
dünya idman aləminə nəhəng mərkəzlərdən
biri kimi daxil olur. Bu məsələdə Prezident İlham Əliyevin
göstərdiyi səylər ölkəmizin idman sahəsində
yetərincə nüfuz qazanması ilə nəticələnir.
İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda
keçirilməsi ilə bağlı qərar isə ölkəmizin
yürütdüyü idman siyasətinə dünyada göstərilən
etimadın təzahürüdür. Heç şübhəsiz
ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və
idman dövləti kimi statusunu daha da möhkəmləndirəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 2 iyul.- S.3,4.