Şirvanda «Cənub» Elektrik Stansiyası istismara verilmişdir
Prezident İlham Əliyev
açılışda iştirak
etmişdir
İyulun 1-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində
"Cənub" Elektrik
Stansiyasının açılışında
iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə
ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, ümummilli
liderin stansiyanın həyətindəki abidəsi
önünə gül
dəstəsi qoydu.
Prezident İlham Əliyev avtobusla stansiyanın ərazisini gəzdi.
"Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat
verdi ki,
son illərdə Azərbaycanda
elektroenergetika sisteminin
inkişafı ilə
bağlı mühüm
tədbirlər icra olunmuşdur. Bu sahədə
həyata keçirilən
tədbirlər nəticəsində
ölkəmizdə energetikanın
maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli
sayda modul tipli elektrik stansiyaları istifadəyə
verilmişdir. Bununla da
əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq
standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da
ölkədə enerji
sisteminin müasir tələblər səviyyəsində
inkişafına təkan
verir. Bütün bunlarla yanaşı,
indi mövcud elektrik stansiyalarının
modernləşdirilməsi prosesi
vüsət almışdır.
2007-ci il dekabrın 24-də Prezident
İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Cənub" Elektrik Stansiyasında həyata keçirilən işlər
də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və
sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı
yerli "Azenco" şirkəti tərəfindən
həyata keçirilmişdir.
Stansiyanın ümumi ərazisi
20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı
elektrik stansiyası fəaliyyətə başladıqdan
sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə
olan köhnə yaşayış yerlərinin
əvəzinə beşmərtəbəli
60 mənzilli bina, ikimərtəbəli mehmanxana,
üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana
tikilmişdir. Stansiyanın ərazisində yaşıllaşdırma
işləri aparılmış,
30 min ağac, 60 mindən
çox müxtəlif
gül kolu əkilmişdir. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınmışdır.
Hazırda əhalinin tələbatı
nəzərə alınaraq
ötürücü və
paylayıcı şəbəkələrin
genişləndirilməsi istiqamətində
atılan addımlara,
bu məsələdə
ekoloji təhlükəsizliyin
diqqət mərkəzində
saxlanmasına xüsusi
əhəmiyyət verilir.
Bu prinsip "Cənub" Elektrik Stansiyasının fəaliyyətində
də başlıca meyara çevrilmişdir.
Bu mühüm amili şərtləndirən
digər məsələ
indi Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin
yaradılmasına xüsusi
diqqətin göstərilməsidir.
Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da
ölkəmizin elektroenergetika
infrastrukturunun daha da möhkəmləndirilməsinə
xidmət edir. "Cənub" Elektrik Stansiyası isə böyük regional
infrastruktur layihəsi
olmaqla ölkəmizin
enerji təhlükəsizliyinə
mühüm töhfə
verəcəkdir.
Ölkənin cənub bölgəsində
50 il əvvəl istismara verilmiş "Şirvan" Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla
Şirvan şəhərində
"Cənub" Elektrik
Stansiyası inşa edilmişdir. Stansiyanın gücü 780 meqavatdır.
Prezident İlham Əliyev "Sahil" nasos stansiyasında oldu.
Bildirildi
ki, nasos stansiyasında hər birinin məhsuldarlığı
saatda 80 min kubmetr olan üç qaz kompressoru quraşdırılmış, Kür
çayı üzərində
diametri iki min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda susoyuducu sistem yaradılmışdır. Burada 2 köməkçi
işəsalma və qızdırıcı qazan
quraşdırılmışdır.
Stansiyada
hər birinin məhsuldarlığı saatda
100 ton olan iki qurğudan ibarət sutəmizləmə sistemi
də fəaliyyət
göstərir. "Sahil" nasos stansiyasında quraşdırılan
avadanlıq ən müasir tələblərə
cavab verir.
Dövlətimizin başçısı "GİS" tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın
fəaliyyəti ilə
də maraqlandı. Burada xidmətə ehtiyacı olmayan qazla izolə
edilmiş üç
qapalı yarımstansiyada
hər birinin gücü 180 meqavolt amper olan 6 yüksəldici
transformator, hər birinin gücü 250 meqavolt amper olan 4 sistem transformatoru
və hər birinin gücü 25 meqavolt amper olan 4 xüsusi sərfiyyat transformatoru quraşdırılmışdır.
Yarımstansiyada ümumi uzunluğu
50 kilometr olan 330, 220 və 110 kilovoltluq kabel və hava
xətləri, həmçinin
uzunluğu 130 kilometr olan 220 kilovoltluq iki dövrəli "Cənub Elektrik Stansiyası - Böyük
Şor Yarımstansiyası"
hava xətti çəkilmişdir.
Qeyd edildi ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının
istehsalıdır. Ümumilikdə,
stansiyada Sumqayıt Texnologiyalar Parkının
istehsalı olan 150 kilometr uzunluğunda 6 və 0,4 kilovoltluq güc, həmçinin
min kilometrdən çox
siqnal və ölçü kabelləri
çəkilmişdir.
Stansiyanın baş korpusunda ən müasir avadanlıq quraşdırılmışdır. Burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini,
hər birinin gücü 135 meqavat olan 2 buxar turbini,
hər birinin məhsuldarlığı saatda
186 ton olan 4 qazan-utilizator
və hər birinin gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulmuşdur. Baş korpusda 1,5 milyon kubmetrdən
çox torpaq işləri görülmüşdür.
Burada dəmir-beton məmulatın
həcmi 82 min kubmetrdir.
"Cənub" Elektrik
Stansiyasının faydalı
iş əmsalı 52
faiz, bir kilovat/saat elektrik
enerjisinin istehsalına
sərf olunan şərti yanacağın
miqdarı isə 237 qramdır. Müqayisə üçün deyək ki, əvvəlki "Şirvan" Elektrik Stansiyasında bu göstəricilər müvafiq
olaraq 26 faiz və 460 qram təşkil edirdi. Digər analoji stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən -
qaz, mazut və dizel yanacağından
istifadə etmək imkanı vardır. Stansiyanın
fəaliyyəti yüksək
keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur
qurğusunun fəaliyyətə
başlaması ilə
ildə 780 milyon kubmetr qaza və
650 min ton mazuta qənaət
etmək mümkündür.
Stansiya ildə 6 milyard kilovat/saat elektrik
enerjisi istehsal etməyə imkan verəcəkdir. Mütəxəssislərin
hesablamalarına görə,
stansiya öz dəyərini maksimum 4 ilə tam ödəyəcəkdir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, sutəmizləyici
stansiya da ən müasir avadanlıqla təchiz edilmişdir. Stansiyanın Kür çayından
götürülən xam
su məhsuldarlığı
saatda 430 kubmetrdir.
Bildirildi ki, stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın
aparıcı şirkətindən
alınmışdır. Bununla yanaşı,
bir çox zəruri avadanlıq, o cümlədən metal konstruksiyalar,
körpülü kranlar,
borular, mazut çənləri və digər avadanlıq yerli "Azenco" şirkəti tərəfindən
hazırlanmışdır.
Prezident
İlham Əliyev stansiyanın idarəetmə
mərkəzində yaradılan
şəraitlə tanış oldu. Məlumat verildi ki, bu
mərkəzdə stansiyanın
idarə olunması, müşahidə kameraları
ilə qurğunun ərazisinə nəzarət
həyata keçirilir.
Stansiyanın bütün avadanlığının
qoşulub-açılması da buradan idarə
olunur.
Dövlət başçısı "Cənub"
Elektrik Stansiyasını
işə saldı.
Sonra
Prezident İlham Əliyev şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Azərbaycan.-2013.- 2 iyul.- S.1,2.