Şirvanda «Cənub»
Elektrik Stansiyası istismara verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
Prezident İlham Əliyevin
Şirvan şəhərinə səfəri
- Əziz dostlar!
Bu
gün çox gözəl və əlamətdar bir
gündür. Şirvan şəhərində "Cənub"
Elektrik Stansiyası işə başlayır. Bu əlamətdar
hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş
bütün vətəndaşları salamlayıram, onlara minnətdarlığımı
bildirirəm.
Bu
stansiya müstəqillik dövründə tikilmiş ən
böyük elektrik stansiyasıdır. 780 meqavat gücündə
olan stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək,
imkan verəcəkdir ki, ölkə iqtisadiyyatı bundan sonra
da uğurla inkişaf etsin. Çünki elektrik
stansiyalarının fəaliyyəti ümumi inkişafa təkan
verir.
Son
10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası
tikilmişdir. Ümumi stansiyaların sayı isə 23-dür.
On il ərzində təxminən üç min meqavat
gücündə stansiyalar tikilmişdir və hazırda
ümumi generasiya gücümüz 6 min meqavatdır.
Bu stansiyada ən son texnologiyalar tətbiq edilmişdir, ən
müasir standartlara cavab verir. Deyə bilərəm
ki, bu, bölgənin ən müasir stansiyasıdır və
burada quraşdırılmış bütün avadanlıq ən
yüksək səviyyədədir. Sevindirici
hal ondan ibarətdir ki, stansiyanın tikintisində Azərbaycan
mütəxəssisləri işləmişlər, Azərbaycan
şirkətləri bu stansiyanı tikmişlər. Bu da zəmanənin əlamətidir. İlk illərdə biz daha çox xarici şirkətlərə
üz tuturduq, onları bu işlərə cəlb edirdik.
Amma indi Azərbaycan şirkətləri belə
nəhəng obyektləri tikə bilirlər və tikirlər
də.
Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində
bölgə qarşısında, ölkə
qarşısında duran bütün vəzifələr icra
ediləcəkdir. Çünki Azərbaycanda gedən
uğurlu inkişaf, sənayeləşmə prosesi diktə
edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər
son 10 il ərzində 14 elektrik
stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi
inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər
il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar,
fabriklər açılır və beləliklə, ölkənin
sürətli inkişafı təmin edilir. Generasiya gücləri,
əlbəttə ki, bütün bu inkişafın təməlində
durmalıdır və Azərbaycanda istehsal edilən enerji tələbatdan
həmişə artıq olmalıdır. Bu gün bu, belədir.
Bu gün bizdə hələ ehtiyat vardır ki, sənayenin
inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi
də nəzərdə tutulur. Gələn illərdə 2 min
meqavat gücündə olan yeni stansiyalar tikilməlidir.
Eyni
zamanda, biz bərpa olunan elektrik enerjisinin yaradılması ilə
ciddi məşğuluq. Su elektrik stansiyaları tikilir, günəş
elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və
beləliklə, Azərbaycanda enerji sektorunda bütün məsələlər
uğurla inkişaf edir və uğurla öz həllini
tapır.
Azərbaycanın
inkişafı dünya miqyasında artıq bir
reallıqdır. Bu inkişaf son 10 il ərzində
özünü daha da çox göstərmişdir. Bu ilin 5
ayında qeyri-neft sektorumuz daha çox sənaye müəssisələrinin
fəaliyyəti hesabına 11 faiz artmışdır. Əlbəttə,
generasiya güclərinin yaradılması və
inkişafı ümumi inkişafımıza xidmət göstərir.
Bununla bərabər,
Azərbaycan hazırda elektrik enerjisini qonşu ölkələrə
də ixrac edir və əlbəttə, bu da bizim iqtisadi
gücümüzü artırır.
Energetika
hər bir ölkənin əsas sahəsidir. Energetika
inkişaf etmədən heç bir ölkə inkişaf edə
bilməz. İnkişaf üçün mütləq
generasiya gücləri lazımdır. Biz bu gücləri
yaradırıq və yaradacağıq. Bununla bərabər,
hazırda biz daha çox ötürücü xətlərə,
paylayıcı şəbəkələrə diqqət
yetiririk. Çünki generasiya gücləri yarandıqdan
sonra əlbəttə ki, diqqət bu istiqamətə yönəldilməlidir.
Biz bunu edirik ki, enerji məsələləri tam şəkildə
həllini tapsın.
Ümumiyyətlə,
Azərbaycanda enerji təhlükəsizliyi məsələləri
uğurla icra edilir. Biz bütün vəzifələri
ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya
miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini
özü 100 faiz təmin edir. Bu, təbii resursların
işlənməsi sahəsində özünü büruzə
verir, eyni zamanda, generasiya güclərinin yaradılması da
bu istiqamətdə bizə kömək göstərir.
Enerji təhlükəsizliyi
məsələləri hər bir ölkə
üçün böyük əhəmiyyət
daşıyır. Hər bir ölkə
çalışmalıdır ki, enerji təhlükəsizliyini
təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz
müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki
öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda,
digər ölkələrin enerji təhlükəsizliyinin təmin
edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul
edilmiş qərarlar Azərbaycanı dünya miqyasında,
qlobal müstəvidə çox ciddi tərəfdaşa
çevirir. Azərbaycan öz enerji resurslarını
artıq neçə ildir ki, dünya bazarlarına
çıxarır. Gələcəkdə təbii
ehtiyatlarımızın dünya bazarlarına çıxarılması
üçün əlavə imkanlar yaranır.
Bu, o deməkdir
ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz
iqtisadi gələcəyini təmin edir. Azərbaycanın
uzunmüddətli və dayanıqlı inkişafı
üçün şərait yaradılır. Azərbaycanın
dünyadakı rolu artır və yeri möhkəmlənir.
Bu, ölkəmizin gücünü artıracaqdır.
Çünki biz enerji siyasətimizi uğurla aparırıq və
bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən
əldə edilmiş gəlirləri bütün başqa sahələrə
yönəldirik.
Bu
stansiyanın tikilməsi də enerji siyasətimizin təzahürüdür.
Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və
fondlar bizə dəstək olmuşlar. Ancaq əgər Azərbaycanın
güclü maliyyə və iqtisadi imkanları olmasaydı,
biz bu kreditləri ala bilməzdik. Amma bununla bərabər, indi
biz özümüz kreditlər veririk və Azərbaycanın
maliyyə vəziyyəti çox möhkəmdir.
Biz bundan
sonra da bütün işləri ardıcıllıqla görəcəyik.
Azərbaycanın uğurlu inkişafı artıq
reallıqdır, heç kimdə şübhə doğurmur.
Azərbaycan hətta dünyanı bürümüş
böhran illərində də öz inkişafını təmin
etmişdir, inamla irəliyə getmişdir, insanların rifah
halı yaxşılaşır, iqtisadiyyat artır.
İqtisadiyyatın bütün sektorları
inkişafdadır. Şaxələndirmə siyasəti öz
nəticəsini verməkdədir. Beləliklə, uğurlu
inkişaf üçün bütün imkanlar vardır. Sadəcə
olaraq, gələn illərdə də biz bu ardıcıl
siyasəti aparmalıyıq. Biz bütün sahələrdə,
o cümlədən enerji sahəsində yeni təşəbbüslər
irəli sürəcəyik, yeni addımlar atacağıq ki,
uzunmüddətli dayanıqlı inkişafı təmin edək.
Bu
stansiyanın tikilməsi özlüyündə gözəl rəmzi
xarakter daşıyır və onu göstərir ki, müstəqil
Azərbaycan dövləti böyük işləri görməyə
qadirdir. Bu stansiyanın işə salınması ilə biz
demək olar ki, standartlara cavab verməyən bütün
köhnə stansiyaları artıq dayandırırıq.
Stansiyanın iqtisadi cəhətdən böyük səmərəsi
vardır. Burada sərfiyyat əvvəlki stansiya ilə
müqayisədə təxminən iki dəfə azdır və
bu da ölkə iqtisadiyyatına böyük dəstək
olacaqdır.
Mən bu
gün bütün energetikləri xüsusi salamlamaq istəyirəm.
Azərbaycanda energetika sahəsinə çox böyük diqqət
göstərilir və mən
Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət
mərkəzində saxlamışam. Bütün bölgələrdə
modul tipli elektrik stansiyaları, böyük elektrik
stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə
dövlət siyasəti çox açıqdır,
aydındır, birmənalıdır. Ancaq mən energetiklərin
fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm.
Çünki qısa müddət ərzində bu istiqamətdə
çox böyük islahatlar aparılmışdır.
Energetiklərin peşəkarlığı
artmışdır. Azərbaycanda müasir texnologiyalar tətbiq
edilir və bu texnologiyaları Azərbaycan mütəxəssisləri
tətbiq edirlər. Stansiyaların işlədilməsində
Azərbaycan mütəxəssisləri iştirak edirlər. Bu, kadr
hazırlığı üçün də böyük dəstəkdir
və bütün bu işləri görən energetiklər,
inşaatçılar yüksək qiymətə layiqdirlər.
Nəzərə alsaq ki, planlarımız çoxdur, Azərbaycanda
texnoparklar tikilir, Bakıda, Sumqayıtda, Gəncədə və
Mingəçevirdə böyük texnoparklar tikiləcəkdir,
hələ energetiklər üçün işlər
çox olacaqdır. Biz stansiyaları tikəcəyik, Azərbaycanın
iqtisadi inkişafını təmin edəcəyik. Əminəm
ki, bundan sonra da bu gözəl tədbirlərdə sizinlə
bərabər iştirak edəcəyik.
Eyni
zamanda, bu gün Şirvan şəhərinin inkişafı ilə
bağlı bir neçə kəlmə söz demək istərdim.
Şirvan şəhərinin inkişafı təmin edilir. Bu
gün növbəti açılışlar olacaqdır. Mən
dəfələrlə Şirvan şəhərində
olmuşam. Əvvəllər də burada sosial obyektlər,
zavodlar tikilmişdir. Bu gün də Şirvan
üçün çox vacib olan içməli su layihəsi
icra ediləcəkdir. Biz bunun açılışını
qeyd edəcəyik. Böyük Olimpiya İdman Kompleksi, hərbi
zavodlar açılır. Əvvəlki dövrlərdə
Diaqnostika Mərkəzi açılmışdır. Yəni,
Şirvan şəhərinin uğurlu inkişafı
üçün hər şey edilir və əminəm ki,
burada işlər bundan sonra da yaxşı gedəcəkdir.
Bir daha, əziz
dostlar, bu gözəl hadisə münasibətilə sizi
ürəkdən təbrik edirəm. Sizə cansağlığı,
uğurlar arzulayıram. Sağ olun.
***
Sonra
"Azərenerji" ASC-nin prezidenti Etibar PİRVERDİYEV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
xanımlar və cənablar!
Bu gün
Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə
malik olması vaxtilə ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi siyasətin nəticəsidir.
Məhz
ulu öndərin rəhbərliyi altında həm sovet
dövründə, həm də müstəqillik illərində
bir neçə iri elektrik stansiyasının, on minlərlə
kilometr elektrik xətlərinin istifadəyə verilməsi
bugünkü uğurların təməlini qoymuşdur.
Möhtərəm
cənab Prezident!
Siz enerji
müstəqilliyimizin daha da möhkəmləndirilməsini,
ölkə əhalisinin və iqtisadiyyatının tələbatını
tamamilə ödəməklə yanaşı, elektrik
enerjisinin ixrac potensialının yaradılmasını
energetiklər qarşısında vəzifə kimi
qoymuşdunuz.
Bunun nəticəsidir
ki, 10 il əvvəl ölkədə mövcud olan enerji
çatışmazlığı respublikanın müxtəlif
bölgələrində rekord qısa müddətdə
elektrik stansiyalarının inşası nəticəsində
tamamilə aradan qaldırıldı. Sahibkarlığın,
kiçik biznesin, ümumiyyətlə, bütün
iqtisadiyyatın inkişafı üçün möhkəm zəmin
yaradıldı.
Möhtərəm
cənab Prezident!
Sizin Sərəncam
və tapşırıqlarınız əsasında son 7 il ərzində
Azərbaycanın elektrik enerjisi sistemində bu gün işə
saldığımız "Cənub" Elektrik Stansiyası
da daxil olmaqla 14 yeni elektrik stansiyası istismara verilmişdir.
2006-cı ildə Sizin tərəfinizdən Astarada yeni elektrik
stansiyası işə salındıqdan sonrakı hər bir
ildə iki yeni elektrik stansiyası tikilib istifadəyə
verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası
tarixində rekord bir göstəricidir. Nəticədə 1500
meqavat, "Cənub" Elektrik Stansiyası ilə birlikdə
isə 2300 meqavat yeni, tam yeni generasiya gücləri əldə
edilmişdir.
Möhtərəm
cənab Prezident!
Siz
çıxışlarınızda dəfələrlə
qeyd etmişdiniz ki, bütün sahələrdə yeni
texnologiyaların tətbiqi müasir dövrün tələbidir.
Sizin dəyərli tövsiyələrinizi nəzərə
alaraq, yeni enerji obyektlərinin tikintisində ən müasir və
qabaqcıl texnologiyalar tətbiq edilmişdir. Bunun nəticəsində respublikanın
elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən
deyil, eyni zamanda, keyfiyyət cəhətdən də ciddi
inkişafa nail olunmuşdur. Stansiyaların faydalı iş əmsalı
artmış, ekoloji təmizlik prinsiplərinə əməl
olunmuşdur. Belə ki, hər kilovat/saat elektrik enerjisinin
istehsalına sərf olunan yanacağın miqdarı 415 qramdan
sistem üzrə 315 qrama qədər, yəni 25 faiz
azaldılmışdır. Bu isə
hər il təqribən 2 milyon ton şərti yanacağa qənaət
etməyə imkan vermişdir.
Məlum
olduğu kimi, 7 enerji blokundan ibarət "Şirvan"
İstilik Elektrik Stansiyası 1962-ci ildə istismara
verilmişdi. Əlli ildən artıq istismar olunan bu stansiya
fiziki və mənəvi cəhətdən tam köhnəlmişdir.
Bir kilovat elektrik enerjisinin istehsalına 450 qramdan artıq
yanacaq istifadə olunur. Son illər stansiya qoyuluş
gücünün 45-50 faizi həddində istismara imkan verirdi.
Möhtərəm
cənab Prezident!
Sizin sərəncamınızla
inşa edilmiş və bu gün şəbəkəyə
qoşduğumuz "Cənub" Elektrik Stansiyası
haqqında qısa məlumat vermək istərdim.
Stansiyanın
ümumi gücü 780 meqavat təşkil edir. Burada dörd
qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator
və digər avadanlıq
quraşdırılmışdır. Stansiyaya lazım olan əsas
avadanlıq dünyanın 70-ə yaxın aparıcı
şirkətlərinin istehsalıdır.
Tikintidə
istifadə olunan bir çox zəruri avadanlıq ilk dəfə
olaraq respublikamızın zavodlarında istehsal edilmişdir.
Bununla yanaşı, bütün tikinti-quraşdırma və
sazlama işləri ilk dəfə olaraq Azərbaycan mütəxəssisləri
tərəfindən "açar təhvili" şərti
ilə həyata keçirilmişdir. Stansiyanın tikintisində
1500-dək işçi və yüzlərlə texnika
çalışmışdır.
İstehsal
olunan elektrik enerjisini şəbəkəyə ötürmək
məqsədilə respublikada ilk dəfə olaraq 330 və 220
kilovoltluq tam qapalı yarımstansiyalar
quraşdırılmış, müvafiq gərginlikdə
kabel xətlərindən istifadə edilmişdir.
Möhtərəm
cənab Prezident!
Stansiyanın
iqtisadi səmərəliliyi haqqında da məlumat vermək
istərdim. "Cənub" Elektrik Stansiyasının
faydalı iş əmsalı 52 faiz, bir kilovat elektrik enerjisinin
istehsalına sərf olunan şərti yanacağın
miqdarı 237 qram təşkil edəcəkdir. Bu stansiyanın
istismara verilməsi sayəsində ildə orta hesabla 700 milyon
kubmetrdən çox qaza qənaət ediləcəkdir.
Mütəxəssislərin hesablamalarına görə, təbii
qazın qənaəti hesabına təqribən 4-5 ilə
stansiya öz dəyərini ödəyəcəkdir. "Cənub"
Elektrik Stansiyası ildə 6 milyard kilovat/saat elektrik enerjisi
istehsal etmək imkanındadır.
Elektrik
stansiyasının ərazisində üçmərtəbəli
29 mənzilli qonaq evi, ikimərtəbəli 28 otaqlı
mehmanxana tikilib istifadəyə verilmişdir. Eyni zamanda,
mövcud stansiyanın ərazisində əvvəllər məskunlaşmış
əhali üçün Şirvan şəhərinin mərkəzində
beşmərtəbəli 60 mənzilli yaşayış
binası da tikilərək istifadəyə verilmişdir.
Möhtərəm
cənab Prezident!
Siz
bugünkü çıxışınızda energetiklər
haqqında dediyiniz sözləri biz bir etimad kimi qəbul edirik
və söz veririk ki, hazırda davam etdirilən digər
enerji obyektləri də yüksək keyfiyyətlə inşa
edilib istifadəyə veriləcəkdir. Sağ olun.
Şəhər
ictimaiyyətinin nümayəndələri adından
çıxış edən Tofiq HÜSEYNOV Şirvanın
inkişafına göstərdiyi diqqət və qayğıya
görə dövlət başçısına təşəkkür
edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hər
bir azərbaycanlı kimi biz də Sizin dəyərli fəaliyyətiniz,
xalqımızın rifahı naminə
gördüyünüz misilsiz işlər nəticəsində
ölkəmizin əldə etdiyi nailiyyətlərə ürəkdən
sevinirik. Sizin rəhbərliyiniz altında dövlətimiz
artıq sübut etdi ki, müstəqil yaşamağa qadirdir.
Siz ölkəmizin iqtisadi gücünü, hərbi qüdrətini
bütün dünyaya hərbi paradda bir daha nümayiş
etdirdiniz. Azərbaycanımızın bu inkişafına, bu
qüdrətinə görə hər bir dünya azərbaycanlısı
kimi mən də Sizə "Çox sağ olun!" deyirəm.
Bu gün
isə açılışında iştirak etdiyimiz bu nəhəng,
valehedici layihə - "Cənub" Elektrik Stansiyası Azərbaycan
dövlətinin qüdrətinin daha bir göstəricisidir.
Möhtərəm
cənab Prezident!
Şirvan
ulu öndər Heydər Əliyevin diqqəti ilə bir şəhər
kimi formalaşaraq respublikanın sənaye mərkəzlərindən
birinə çevrilmişdir. Ulu öndərin
tapşırığı ilə burada məişət
cihazları, dəmir-beton məmulatı, kərpic, süni dəri,
saxsı boru, şirə, yeyinti konsentratları zavodları və
digər istehsal müəssisələri inşa edilmişdir.
İndi
isə Sizin rəhbərliyinizlə Şirvan ən müasir
şəhərlərdən birinə çevrilməkdədir.
Sakinlərimizin layiqli həyat yaşamaları
üçün bütün tələbatları ödənilmişdir.
Şəhərimizdə gözoxşayan, bizə
dinclik-rahatlıq gətirən tikililər, tibb ocaqları, məktəblər,
yeni iri sənaye müəssisələri
yaradılmış, park və xiyabanlar, nümunəvi məhəllələr
salınmışdır. Bu barədə iftixar hissi ilə,
şirvanlı qüruru ilə çox danışmaq olar.
Eyni
zamanda, şəhər infrastrukturunun inkişafı da diqqətinizdən
yayınmamışdır. Şirvan Mərkəzi Xəstəxanası
əsaslı təmir olunmuş, qabaqcıl avadanlıqla təchiz
edilmiş, Diaqnostika Mərkəzi istifadəyə
verilmişdir. Heç bir şirvanlı ağlına belə
gətirə bilməzdi ki, burada ciddi cərrahiyyə əməliyyatları
keçiriləcəkdir. Cənab Prezident, yeganə arzum budur
ki, kaş ki, burada şəfa tapan insanların
alqışlarını və Sizə olan minnətdarlıq
dualarını özünüz eşidəydiniz.
İndiyədək
şəhərimizin düz yarısı içməli sudan
korluq çəkirdi. Bu gün şəhərimizi içməli
su ilə təmin edirsiniz. Bu müqəddəs əməli həyata
keçirməklə Siz şəhər sakinlərinə yeni
sağlam və firavan həyat bəxş edirsiniz. Şirvan
sakinləri şəhər həyatı üçün
vacib olan fasiləsiz enerji və qazla da təmin olunmuşlar.
Möhtərəm
cənab Prezident!
Bu gün
şəhərimizin sənaye potensialı da inkişaf etməkdədir.
Müasir sənaye müəssisələri yaradılır,
yeni iş yerləri açılır. Xüsusi vurğulamaq
istəyirəm ki, yüzlərlə gənc hərbi sənaye
müəssisələrində çalışır, yeni
peşələrə yiyələnirlər və bu sahədə
əldə olunmuş nailiyyətlərə öz töhfələrini
verirlər. Şəhərimizdə bu gün gənclərimizin
sağlam ruhda böyümələrinə xidmət edəcək möhtəşəm Olimpiya
İdman Kompleksi də istifadəyə verilir. Bu müasir
tikili də şəhərin görkəminə xüsusi
gözəllik verir. Gənclərimizin müasir peşələrə
maraqlarını, ictimai fəallığını
artıracaq Gənclər Mərkəzinin tikintisi də
başa çatmaq üzrədir. Bu, bir daha göstərir ki,
Siz Azərbaycanın gələcəyi olan gənc nəslin
sağlam, təhsilli, ümumilikdə hərtərəfli
inkişafını da daim düşünürsünüz.
Yaxşı
xatirimizdədir. 2010-cu ildə Şirvana səfəriniz
zamanı söyləmişdiniz ki, "Şirvan ölkəmiz
üçün Bakıdan sonra çox vacib sahəni əhatə
edən ikinci şəhər olacaqdır". Bütün bu
nəhəng layihələrin şəhərimizdə həyata
keçirilməsi Sizin bu fikirlərinizin reallığa
çevrilməsini sübut edir. Beləliklə, Şirvan
üçün bu əlamətdar gündə Siz sakinlərimizə
nur, yeni həyat, sağlam ruh, rahat yaşayış bəxş
edirsiniz. Bir sözlə, bu gün Şirvanda əsl şəhər
həyatı yaşanır. Bunu bizə Siz verdiniz! Çox
sağ olun, cənab Prezident! Biz şirvanlılara göstərdiyiniz
bu diqqət və qayğıya görə Sizə dərin
minnətdarlığımızı bildiririk. Əminliklə
deyirik ki, cənab Prezident, Sizin gərgin əməyiniz və
yorulmaz fəaliyyətiniz sayəsində digər bölgələrlə
yanaşı, Şirvanda da həll olunmamış
böyük problem qalmamışdır.
Möhtərəm
cənab Prezident!
Siz bir
nursunuz. Bir ziyalı kimi düşünürəm ki, indi Vətəninə,
xalqına bağlı olan hər bir azərbaycanlı qəlbində
bir istək yaşadır - Sizin işığınızla bu
işlərin davam etdirilməsi istəyini. Harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı Sizin
bayrağınız altında doğma Vətənimizin daha da
gücləndirilməsi üçün öz töhfələrini
vermək arzusundadır.
Çünki Siz güclü Azərbaycanımızın
qarantısınız. Biz Sizə inanır, Sizə güvənir
və gələcəyimizi yalnız Sizinlə
bağlayırıq! Qoy, Ulu Tanrı Sizi, ailənizi və
xalqımızı qorusun.
***
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 2 iyul.- S.2,3.