Müdafiə Sənayesi Nazirliyinin
Şirvandakı telemexanika zavodunun iriçaplı patronların
istehsalı mərkəzi işə salınmışdır
İyulun
1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika
zavodunun iriçaplı patronların istehsalı mərkəzinin
açılışında iştirak etmişdir.
Müdafiə
Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 7 il ərzində
tabeliyində olan müəssisələri ən müasir
texnologiya və avadanlıqla təmin etmək
üçün bir sıra işlər həyata
keçirmişdir. Onlarla texnoloji avadanlıq, 1500-dən
çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar
alınıb quraşdırılmışdır. Nazirliyin
müəssisələrində yaradılan yeni istehsalat sahələri
Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatlarla və
sənayenin maşınqayırma, cihazqayırma, elektrotexnika,
rabitə sahələrində istifadə olunan avadanlıq və
ehtiyat hissələri ilə təmin etmək
üçün tam gücü ilə fəaliyyət göstərir.
Belə istehsalat sahələrindən biri də Şirvan
şəhərindəki telemexanika zavodunun iriçaplı
patronların istehsalı mərkəzidir.
Dövlət
başçısı mərkəzi işə saldı və
istehsal prosesini izlədi.
Müdafiə
sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat
verdi ki, burada il ərzində üçnövbəli iş rejimində
üç növdə 7 milyon patron istehsalı nəzərdə
tutulmuşdur. Mərkəzdə
quraşdırılmış 106 dəzgahın yarıdan
çoxu Avropa ölkələrində hazırlanmış
xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində
avtomatlaşdırılmış mexaniki emal, ştamplama,
termokimyəvi emal, texniki nəzarət, pirotexniki və
partlayıcı maddələrin preslənməsi sahələri,
yığım xətləri və laboratoriya fəaliyyət
göstərir. Burada 264 nəfər ixtisaslı mütəxəssisin
işlə təmin olunması nəzərdə
tutulmuşdur. İşçilərə xarici mütəxəssislər
tərəfindən xüsusi təlimlər
keçirilmişdir.
Zavoddakı
nəzarət-sınaq mərkəzi üçün yeni
inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı
məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə,
nəqliyyat silkələnməsinə
dözümlülüyün yoxlanılması üçün
nəzərdə tutulmuşdur. Burada atəş
sınaqları aparmaq üçün üç sahə
yaradılmışdır. Sınaq atışları
zamanı müxtəlif ölçülü güllələrin
ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və
atəşləmə sıxlığının
yoxlanılması mümkündür.
Prezident
İlham Əliyev görülmüş işləri yüksək
qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2013.- 2 iyul.- S.5.