Ümumrespublika tarla müşavirəsində akademik
Cəlal Əliyevin
taxılçılığın inkişafında müstəsna
xidmətlərindən söhbət
açılmışdır
Kənd
Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat
Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə
Stansiyasında dünya şöhrətli alim, akademik Cəlal
Əliyevin 85 illiyinə həsr olunmuş "Dəmyə
bölgələrdə yeni taxıl sortlarının
sınağı, becərmə texnologiyası və
toxumçuluğun təşkili" mövzusunda
ümumrespublika tarla müşavirəsi keçirmişdir.
AzərTAc
xəbər verir ki, Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Əkinçilik
İnstitutu rəhbərlərinin, regionların toxumçuluq
müfəttişlərinin, bitki mühafizə mərkəzləri
rəislərinin, aqroservis direktorlarının və iri
toxumçuluq təsərrüfatları rəhbərlərinin
iştirak etdiyi müşavirəni giriş sözü ilə
nazir İsmət Abasov açmış, ölkənin
taxıla, ümumən kənd təsərrüfatı məhsullarına
olan ehtiyacının daxili imkanlar hesabına tam ödənilməsinin
prioritet məsələ olduğunu diqqətə
çatdırmışdır. Nazir Prezident İlham Əliyevin
qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının
inkişafına göstərdiyi diqqət və
qayğıdan söz açaraq demişdir ki, ölkə
başçısının tapşırığı ilə
yaradılmış iri toxumçuluq təsərrüfatlarında
məhsuldarlıq 50-55 sentnerə çatmışdır.
Taxılçılıqda biotik və abiotik faktorlara
davamlı yeni sortların yaradılması və
toxumçuluğun təşkili ilə əlaqədar mütəmadi
iş aparılması daim diqqətdə
saxlanılmalıdır.
Nazir,
eləcə də müşavirədə
çıxış edən Qobustan Bölgə Təcrübə
Stansiyasının direktoru Atabəy Cahangirov, Qobustan Rayon
İcra Hakimiyyətinin başçısı Adil Məmmədov,
Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev, Dövlət
Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov və
başqaları kənd təsərrüfatı
istehsalının artırılmasında yüksək məhsuldar,
quraqlığa və xəstəliklərə davamlı toxum
sortlarının yetişdirilməsinin
vacibliyini diqqətə çatdıraraq bu sahədə
müstəsna xidmətləri olan dünya şöhrətli
alim, akademik Cəlal Əliyevin geniş elmi fəaliyyətindən
danışmışlar. Qeyd olunmuşdur ki, hazırda
respublikamızda biçilməkdə olan 250 min hektar arpa zəmilərinin
hamısı, buğda sahələrinin isə 80-85 faizi
akademikin rəhbərliyi ilə yetişdirilən taxıl
sortlarıdır. İndiyədək Qobustan Bölgə Təcrübə
Stansiyasında 2000-dən artıq taxıl nümunəsi
sınaqdan keçirilmişdir. Akademik Cəlal Əliyevin
yetişdirdiyi "Qobustan", "Aran", "Murov 2",
"Cəlilabad" taxıl sortları dəmyə şəraitində
yüksək məhsuldarlığı ilə seçilir və
hektardan 35-40 sentner məhsul verir.
Müşavirədə
yüksək məhsuldarlığa nail olmaq
üçün taxıl əkinlərinə
aqrotexniki qulluğun önəmi də diqqətə
çatdırılmışdır. Bildirilmişdir ki, taxılçılıq
üçün zəruri olan 50-dək aqrotexniki qaydanın ən
vacib olanlarına əməl edilsə, məhsuldarlıq 35
sentnerdən çox olar. Bu, yalnız mütəxəssislərin
yox, eyni zamanda taxılçılıqla məşğul olan
hər bir torpaq mülkiyyətçisinin diqqətdə
saxlamalı olduğu mühüm məsələdir.
Bu
gün Yer kürəsində qlobal istiləşmə getdiyini
qeyd edən alimlər belə bir şəraitdə istiliyə,
quraqlığa və xəstəliklərə davamlı yeni
toxum sortlarının yaradılmasının zəruriliyindən,
bu sahədə akademik Cəlal Əliyevin rəhbərliyi ilə
həyata keçirilən araşdırmalardan
danışmışlar.
Müşavirədə
dəmyə şəraitində taxıl bitkilərinin mütərəqqi
becərilmə texnologiyası, Elmi-Tədqiqat Əkinçilik
İnstitutunda dəmyə bölgələr üçün
yaradılmış yeni taxıl sortları barədə də
məlumat verilmiş, habelə alimlər və fermerlər
arasında qarşılıqlı fikir mübadiləsi
aparılmışdır.
Müşavirə
iştirakçıları Qobustan Bölgə Təcrübə
Stansiyasında aparılan yenidənqurma və abadlıq
işləri ilə tanış olmuş, təcrübə
sahələrində yetişdirilmiş taxıl sortları barədə
ətraflı məlumatlandırılmışlar.
Azərbaycan.-2013.- 4 iyul.- S.5.