Müdafiə Sənayesi Nazirliyinin
Şirvandakı «Araz» zavodunda
döyüş sursatlarının utilizasiya mərkəzinin
açılışı olmuşdur
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısının fərmanı ilə 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi tabeliyindəki müəssisələrdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirməyə başlamışdır. Həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıq alınıb quraşdırılmışdır. İndiyədək nazirliyin müəssisələrində müxtəlif istehsal sahələri yaradılmışdır. Şirvandakı "Araz" zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin yaradılması da Müdafiə Sənayesi Nazirliyinin son illərdəki inkişafını göstərir. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür ki, bu səbəbdən də onların utilizasiya edilməsi zərurəti yaranır. Əksər hallarda sursatlar açıq şəkildə partlatma və yandırma üsulları ilə məhv edilir ki, bu da atmosferi çirkləndirir və ekoloji problemlər yaradır. Bu proses zamanı təhlükəli halların baş verməsi faktları da nəzərə alınarsa, utilizasiya işi daha mütərəqqi və təhlükəsizdir. Bu məqsədlə Şirvandakı "Araz" zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılmışdır. Zavodda, həmçinin döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcəkdir. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaqdır. Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Burada texniki və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud normativ sənədlərə uyğun olaraq lazımi tədbirlər görülmüşdür. Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin "Araz" zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılmışdır. Burada beş növ "Berdan" tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulmuşdur.
Dövlət başçısı döyüş sursatlarının utilizasiya mərkəzinin maketi ilə tanış oldu.
Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, Polşanın "Yakuş" şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.
Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxdı. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, radioaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev mərkəzi işə saldı.
Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunmuşdur. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.
Ali
Baş Komandan utilizasiya prosesini izlədi.
Proses
zamanı partlayıcı maddələrin
çıxarılmasından sonra alınan materialların təkrar
xammal kimi istifadə edilməsi nəzərdə
tutulmuşdur. Burada il ərzində 5 min ton müxtəlif
döyüş sursatlarının utilizasiyası
aparılacaqdır. Layihə üzrə işçilərin
sayı 62 nəfərdir. Mərkəzin bütün sahələrində
yerli mütəxəssislər çalışacaqlar. Onlar
"Yakuş" şirkətinin aparıcı mütəxəssislərinin
təşkil etdiyi kurslara cəlb olunmuş və bilavasitə
sahələrdə quraşdırılan texnoloji avadanlıq
üzərində təcrübə keçmişlər.
Utilizasiya sahəsində tullantısız texnologiyalar əsasında
ekoloji tələblərə cavab verən təhlükəsiz
metodlar tətbiq edilmişdir.
Sonra
Prezident İlham Əliyev Şirvan "Araz" zavodunun
döyüş sursatlarının doldurulması mərkəzinə
gəldi. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini
əks etdirən filmə baxdı.
Bildirildi
ki, mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60,
82 və 120 millimetrlik minaların gövdələrinin
partladıcı maddələrlə doldurulması
üçün xüsusi avadanlıq
quraşdırılmışdır.
Dövlət
başçısı mərkəzi işə saldı.
İş
prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə
məlumat verildi ki, doldurma mərkəzində 60 millimetr
çaplı minaların gövdələrinə trotil maddəsinin
presləmə yolu ilə, 82 və 120 millimetr çaplı
minaların gövdələrinə isə trotil,
trotil-dinitronaftalin partladıcı maddə
qarışığının şnekləmə üsulu ilə
doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya
uyğun tələb olunan istehsal və nəzarət
avadanlığı ilə təchiz edilmişdir. İstehsalat
sahəsində dörd xətt
quraşdırılmışdır. Hazırlıq, köməkçi
və doldurma işlərini yerinə yetirmək
üçün təhlükəsiz iş şəraitini təmin
edən sahələr hazırlanmışdır. Birinci xətdə
60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82
və 120 millimetrlik minaların sökülməsi və
doldurmaya hazırlanması işlərini aparmaq,
üçüncü konveyer xəttində 120 millimetr
çaplı mərmilərin, dördüncüdə isə
60 və 82 millimetr çaplı mərmilərin
yığılması üçün texnoloji iş sahələri
yaradılmışdır.
Dövlət
başçısına məlumat verildi ki, doldurma mərkəzi
il ərzində birnövbəli iş rejimində 20 min ədəd
60 millimetr çaplı, 40 min ədəd 82 millimetr
çaplı və 40 min ədəd 120 millimetr
çaplı mərmilərin
doldurulması və yığılmasını təmin edən
istehsal gücünə malikdir.
"Araz"
zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı
kapsulların istehsalı üçün nəzərdə
tutulmuşdur. Kapsulların doldurulması,
dozalaşdırılması, yoxlanılması və
qablaşdırılması ən müasir texnoloji
avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə
il ərzində birnövbəli iş rejimində 40 milyon
kapsul istehsalı nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 2 iyul.- S.4.