Azərbaycan polisinin
yaranmasının 95 illiyi münasibətilə Polis
Akademiyasında mərasim keçirilmişdir
Prezident İlham Əliyev mərasimdə
iştirak etmişdir
Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.
Polis Akademiyasına gələn dövlət başçısına daxili işlər naziri general-polkovnik Ramil Usubov raport verdi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Bildirildi ki, daxili işlər orqanlarının inkişafı daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ümummilli liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan şərait ulu öndərin mənalı həyatının və eləcə də müasir Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən ulu öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin nüfuzunu artırmışdır. Ulu öndərin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək inkişafının təməli qoyulmuşdur.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması və kataloqlaşdırılmasından, Heydər Əliyevin irsinə dair Polis Akademiyasında aparılan araşdırmaların təbliğindən, bu istiqamətdə plan və proqramların hazırlanmasından, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsindən ibarətdir.
Heydər Əliyev Mərkəzinin ən müasir üslubda inşa olunmuş üçmərtəbəli binasında dahi rəhbərin büstü qoyulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər yaradılmışdır. Birinci stenddə ulu öndərin uşaqlıq, tələbəlik və gənclik dövrünün fotoşəkilləri yer almışdır. Sonrakı stend isə ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinə həsr olunmuşdur. Burada həmçinin dahi şəxsiyyətin 1970-ci illərdə ölkəmizə rəhbərliyinin ayrı-ayrı məqamları fotolar və sənədlər vasitəsilə əks olunur. Mərkəzdə ulu öndərin Moskvada işlədiyi 1980-ci illərdəki fəaliyyəti haqqında da geniş məlumat əldə etmək mümkündür. Buradakı fotostendlərdə, həmçinin ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Naxçıvandakı fəaliyyətindən də bəhs olunur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, mərkəzdə yaradılan iki ayrı guşədə ulu öndərə aid fərmanlar, diplomlar və digər müxtəlif sənədlər sərgilənir. Mərkəzdə yaradılan növbəti stendlər görkəmli şəxsiyyətin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir.
Ulu öndər Heydər Əliyev daxili işlər orqanlarına və onun əməkdaşlarına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Mərkəzdə ümummilli liderin hakimiyyətə qayıdışını əks etdirən fotoşəkillər də yerləşdirilmişdir. Ulu öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili işlər orqanlarının müxtəlif tədbirlərində iştirakından bəhs edən fotoşəkillər isə xüsusi stenddə toplanmışdır. Azərbaycanın dövlət rəmzləri və polisin fərqlənmə nişanları üçün ayrıca guşə yaradılmışdır. Mərkəzin müxtəlif hissələrində ümummilli lider Heydər Əliyevin daxili işlər orqanları və polis haqqında dediyi müdrik kəlamların yazıldığı lövhələr, videogörüntüləri əks etdirən monitorlar yerləşdirilmişdir.
Mərkəzin üçüncü mərtəbəsi akademiya heyətinin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buradakı fotostudiyada ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotomaterialların toplanması, tədqiqi və çapı həyata keçirilir. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə fotostudiyada çəkilən və toplanan şəkillərdən gələcəkdə müdavim və dinləyicilər Polis Akademiyasında keçirilən dərslərdə, slayd müsabiqələrində, treninq və konfranslarda istifadə edə bilərlər.
Şahmat dərnəyi otağında da hər cür şərait yaradılmışdır. Mərkəzdə fikir mübadilələrinin aparılması, virtual dərslərin keçirilməsi üçün sinif, eləcə də yeni texnologiya əsasında ingilis dilinin tədris olunduğu funksional kompyuterlərdən ibarət xarici dil mərkəzi də fəaliyyət göstərir. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzi də fəaliyyət göstərəcəkdir. Dahi şəxsiyyətin "Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik olmalıdır" kəlamı rəhbər tutularaq müdavimlərin mütaliə tələblərinin ödənilməsi və intellektual səviyyələrinin artırılması məqsədilə elektron kitabxana da yaradılmışdır. Kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə və Polis Akademiyasının profilinə aid olan elektron kitablar yerləşdirilmişdir.
Mərkəzin birinci mərtəbəsi isə müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün akt zalından, eləcə də istirahət guşələrindən ibarətdir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdü, Polis Günü münasibətilə təbriklərini çatdırdı.
Prezident,
Ali Baş Komandan İlham Əliyev tədbirdə nitq söylədi.
Azərbaycan.-2013.- 3 iyul.- S.1.