Azərbaycan Gənc Diplomatlar
Birliyi bu il keçiriləcək prezident
seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi
ilə bağlı bəyanat qəbul etmişdir
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) tərəfindən dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 10-cu ildönümünə həsr olunmuş "Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsində" mövzusunda konfrans keçirilmişdir.
AGDB-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, Misirdəki Azərbaycan diasporunun və xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının İstanbul təmsilçiləri və ictimai təşkilatların rəhbərləri iştirak etmişlər.
Konfransı açan AGDB-nin baş katibi Eltun İbrahimov bildirmişdir ki, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xəttinin, sadəcə, davamı deyildir. Bu, həmçinin dəyişən dünyanın geosiyasi reallıqlarını müvafiq şəkildə davam etdirən siyasi kursdur.
Azərbaycanın uğurlu xarici siyasətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırmışdır ki, ölkəmizin diplomatik uğurları respublikamızı təkcə regionun deyil, artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevirmişdir.
Deputat Musa Qasımlı vurğulamışdır ki, bu gün Azərbaycan heç bir ölkənin arxası ilə gedən siyasət həyata keçirmir. Prezident İlham Əliyev azərbaycanpərəst siyasət yürüdür.
Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Azərbaycan Respublikası Prezident Administrasiyasının və digər qurumların rəsmiləri çıxış edərək dövlət başçısı İlham Əliyevin növbəti beş illiyə prezident seçilməsinin labüd olduğunu vurğulamışlar.
Sonda qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul olunmuşdur.
Bəyanatda
deyilir: "Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə,
böyük hərbi potensiala və demokratik inkişaf xəttinə
malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi
altında qarşısında qoyduğu istənilən vəzifənin
öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə
və dünyada etibarlı tərəfdaş,
dinamik inkişaf edən
ölkə imicinə malikdir. Azərbaycan
hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən
asılı olmayan regional
lider dövlət səviyyəsinə
yüksəlmişdir. Ölkəmizin iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir".
Azərbaycan.-2013.- 2 iyul.- S.7.