Fotosintezin sirlərinin dərk edilməsinə həsr olunmuş ömür

 

"Fotosintez" sözü hərfi mənada işığın təsiri altında üzvü birləşmələrin əmələ gəlməsidir. Planetimizdə bütün metabolik proseslərin enerji mənbəyi Günəşdir. Günəş şüasının enerjisi biosferə fotosintez prosesi vasitəsilə daxil olur. Fotosintez vasitəsilə ali bitkilər, yosunlar və bəzi bakteriya növləri işıq enerjisini birbaşa mənimsəyərək onu bioenergetik proseslərdə istifadə olunan üzvi birləşmələrin kimyəvi enerjisinə çevirir və bu zaman oksigenlə karbon qazı arasında balans yaranır. Beləliklə, fotosintez prosesi Yer üzərində həyatın mövcudluğu üçün zəruri olan nadir və mürəkkəb bir prosesdir. Fotosintez prosesinin kəşfindən keçən 240 ildən artıq müddətdə müxtəlif ixtisaslardan olan minlərlə tədqiqatçı bu mürəkkəb həyatı prosesin öyrənilməsinə öz həyatlarını, istedad və qüvvələrini həsr etmışlər. Bu müddətdə ilk bəsit anlayışlar üzərində artıq sərhədləri müəyyən oluna bilməyən elmi nəzəriyyələr formalaşmışdır. Fotosintez sahəsində olan görkəmli kəşflərdən 19-u Nobel mükafatına layiq görülmüşdür. Lakin əldə olunan yüksək uğurlara baxmayaraq, hazırda dünyanın bir çox ölkələrində minlərlə alim bu unikal prosesin ayrı-ayrı aspektlərinin tədqiqi ilə məşğuldur. Başqa sözlə, fotosintezlə əlaqəsi olmayan hər hansı bir təbiət hadisəsini tapmaq çətindir.

Dünya şöhrətli alim, akademik Cəlal Əlirza oğlu Əliyev də öz ömrünü Yer üzərində  həyatın əsasını təşkil edən,  həm təbiətinə, həm də tədqiqinə görə unikal olan belə bir mühüm  həyati problemin həllinə həsr etmişdir. Cəlal Əliyev çətin və keşməkeşli həyat yolu keçmiş, öz bacarığı və gərgin əməyi hesabına maneələri dəf edə bilmişdir. Cəlal Əliyevin çoxşaxəli fəaliyyətində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və titanik əməksevərliyi olmuşdur.

Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq fakültəsini,  1951-ci ildə isə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1948-ci ildə hələ üçüncü kurs tələbəsi olarkən Cəlal Əliyev Bitki fiziologiyası kafedrasında  laborant vəzifəsində işləməyə başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün əsas seçmişdir. 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının bitki fiziologiyası ixtisası üzrə aspiranturasını bitirmiş və 1955-ci ildə "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Seçdiyi istiqamətdə elmi tədqiqatların  sonrakı inkişafı 1971-ci ildə müdafiə etdiyi "Bitkilərin fotosintetik fəaliyyəti, mineral qidalanma və məhsuldarlığı" mövzusunda doktorluq dissertasiyasında öz əksini tapmışdır. Cəlal Əliyev 1951-ci ildən indiyə kimi  Azərbaycan ET Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiyası şöbəsində və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda özünün yaratdığı Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində tədqiqatlar  aparır. 1976-cı ildə o, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının biologiya elmləri bölməsində akademik-katib işləmişdir.

Cəlal Əliyevin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın forosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirmişdir. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. Cəlal Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyidir.

Fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin, morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin faktorları ilə birlikdə öyrənilməsi sayəsində ideal buğda tipinin yüksək məhsuldarlığını təyin edən prinsiplər işlənilib hazırlanmışdır. "İdeal" buğda tipi təsəvvürünün əsasını yarpağın parametrlərinin sabit qalması  təşkil edir ki, bu da gövdənin optimal hündürlüyü və yarpaqların şaquli orientasiyası ilə yanaşı, yarpaqların fəzada əlverişli yerləşməsini təmin edir və əkin üçün əla arxitektonika yaradır. Beləliklə, Günəş  enerjisinin səmərəli mənimsənilməsi, vegetativ və təsərrüfat əhəmiyyətli orqanların əmələ gəlməsi, hətta zəngin azot qidalanması zamanı və çoxlu suvarılma aparıldıqda belə təmin olunur. Bu və ya digər faydalı əlamətlərin irsən keçməsinin mümkünlüyü müəllifin  həyata keçirdiyi seleksiya işlərinin elmi əsasını təşkil edir.

Karbon qazı assimilyasiyasının genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor münasibətlərindən asılı olaraq, ontogenezdə geniş diapazonda dəyişməsi aşkarlanmışdır. Yeni yüksək məhsuldar genotiplər fotosintezin daha sabit intensivliyi, yəni vegetasiya müddətində fəal fotosintezin çoxsaylı piklərlə uzun müddət davam etməsi ilə səciyyələnir. Sünbülün yüksək fotosintetik aktivliyi  akseptor qabiliyyəti ilə birlikdə yüksək məhsulun əsasını təşkil edir.

Karbon qazı mübadiləsinin tədqiqində fotosintezlə fototənəffüs arasında müsbət əlaqənin mövcudluğu ilk dəfə olaraq müəyyən edilmişdir. Məlumdur ki, fotosintez prosesi həm oksigen, həm də karbon qazı mübadiləsinə təsir edən və fotosintez prosesinin əks istiqamətində gedən fotooksidləşmə adlanan proseslə müşayiət olunur. Beləliklə, fotosintezlə yanaşı (karbon qazının udulması və oksigenin ayrılması), eyni zamanda,  yarpaqlarda işığın təsiri ilə karbon qazının ayrılması və oksigenin udulması, yəni fototənəffüs prosesi də baş verir. Fototənəffüs  yarpaqlarda  gedən "qaranlıq" tənəffüs prosesindən fərqlənir. İşıqda  tənəffüs əvəzinə fotosintezin metabolik reaksiyaları ilə əlaqəli olan  fototənəffüs prosesi baş verir. Fototənəffüs prosesinin 55 il öncə kəşf olunmasına və onun biokimyasının demək olar ki, aydınlaşdırılmasına, bu prosesin çoxsaylı fermentlərinin öyrənilməsinə, əsas fermentlərdən olan fosfoqlikolatfosfotazanın genetik kodunun aşkar olunmasına baxmayaraq, onun  tədqiqi bu gün də intensiv davam etdirilir.

Akademik Cəlal Əliyevin əldə etdiyi nəzəri və təcrübi nəticələr fototənəffüs prosesinin dərindən dərk olunmasına imkan yaratmışdır. Bu ideya tarla şəraitində yetişdirilən müxtəlif buğda genotipləri üzərində çoxillik məqsədyönlü tədqiqat işlərinin nəticələrinə əsasən yaranmışdır. Bir neçə min buğda genotipindən, həmçinin xəstəliklərə və ətraf mühitin əlverişsiz amillərinə (quraqlıq, torpaq şoranlığı və s.) davamlı, yüksək məhsuldar buğda sortlarından ibarət unikal genofond yaradılmışdır. Müəyyən olunmuşdur ki, yüksək məhsuldarlığa malik genotiplər (7-9 t/h) intensiv fotosintezlə yanaşı, həm də yüksək fototənəffüs qabiliyyətinə malikdirlər. Orta və aşağı məhsuldar genotiplər (3 t/h) CO2-nin assimilyasiyasının və fototənəffüsün nisbətən aşağı intensivlikləri ilə fərqlənirlər. Müxtəlif məhsuldarlığa malik genotiplərdə həqiqi fotosintezin fototənəffüsə nisbəti orta hesabla 3:1 bərabərdir. Kontrast buğda genotiplərində fototənəffüsün qiyməti fotosintezin intensivliyinin 28-35 faizini təşkil edir. Yarpağın ontogenezində fotosintez və fototənəffüsün intensivliklərinin dəyişməsi qlisin+serinin biosintez zəncirindəki dəyişmənin xüsusiyyəti, Rubisco fermentinin karboksilaza-oksigenaza nisbətinin aktivliyi, CO2-nin assimilyasiyasının intensivliyi ilə paralel gedir. Buna əsaslanaraq akademik Cəlal Əliyev, fototənəffüsün israfçılıq olması haqda əvvəllər çox geniş yayılmış fikirlərin əksinə olaraq, sahə şəraitində məhsuldarlığına görə fərqlənən buğda genotiplərində qaz mübadiləsinin intensivliyini, karbon metabolizmi, RBFK/O fermentinin aktivliyini tədqiq edərək müxtəlif istiqamətlərdə apardığı 40 illik tədqiqatlar nəticəsində sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik prosesdir. Belə ki, bitkilərin yüksək məhsuldarlığı  həm fotosintezin, həm də fototənəffüsün yüksək intensivliyi ilə səciyyələnir. Fotosintez və fototənəffüsün əsas fermentləri olan - fosfoenolpiruvatkarboksilaza və fosfoqlükolatfosfotazanın tam nukleotid və aminturşu ardıcıllıqları təyin olunmuşdur.

Alınan nəticə 2011-ci və 2013-cü illər tarixlərində Bakıda keçirilən Fotosintez konfranslarında plenar məruzə kimi təqdim olunmuş və konfrans iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılanmışdır. Eyni zamanda, Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövri nəşri olan nüfuzlu, yüksək impakt faktorlu "Physiologia Plantarum" jurnalında çap olunmuşdur. Dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin 1-ci iş kimi çap olunması onun nə qədər yüksək elmi dəyərə malik olduğunu göstərir. Gözəl təsvirlərlə təchiz olunmuş və 60 illik gərgin əməyin nəticəsi olan bu iş qısa bir zamanda dünya alimlərinin diqqətini cəlb etmiş, məqaləni əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər olmuş və artıq bu işə istinadlar edilmişdir.

Fotosintezin intensivliyinin, eləcə də yarpaq və sünbüllərdə sintez olunmuş assimilyatların paylanmasını 14CO2  tətbiq etməklə kontrast buğda genotiplərində öyrənilməsi prosesində sübut edilmişdir ki, bütün genotiplərdə dənin dolmasında sünbülün payı flaq yarpağınkından xeyli artıqdır, hərçənd ki, fotosintezin intensivliyi sünbüldə flaq yarpağa nisbətən xeyli aşağıdır. Həmçinin yüksək məhsuldar intensiv genotiplərdə dənin dolmasında sünbülün payı çoxdur. Belə ki, məhz sünbülün fotosintezi hesabına süd yetişkənliyi fazasından başlayaraq buğda dəni zülalının 30-45 faizi sintez olunur. Yüksək məhsuldar genotiplərin sünbülündə intensiv  zülal sintezi prosesi fotosintezin yüksək intensivliyi və CO2-nin ilkin assimilyasiya fermentlərinin - ribuloza 1,5-bisfosfatkarboksilaza/oksigenazanın, fosfoenolpiruvatkarboksilazanın və karboanhidrazanın fəallıqları ilə korrelyasiya olunur. Fotosintezin əsas fermentlərinin tədqiqində bitkilərin fotosintez fəaliyyətində mühüm rol oynayan karboanhidrazaya xüsusi diqqət yetirilmişdir. Karboanhidrazanın struktur-funksional təşkili ali bitkilərdə ətraflı tədqiq edilmiş, ilk dəfə olaraq noxud (Cicer arietinum) yarpağından bitki karboanhidrazasının kristalları alınmış və onun dördüncü quruluşu müəyyən olunmuşdur. İkiləpəli bitkilərin karboanhidraza molekulu, heyvan karboanhidrazasından fərqli olaraq, oliqomer zülal olub, hər biri bir sink atomu saxlamaqla 8 identik subvahidlərdən təşkil olunmuş oktamerdir. İkiləpəli noxud bitkisinin karboanhidraza molekulu ikilaylı quruluşa malikdir və onun iki kvadrat zirvələrində yerləşmiş səkkiz subvahiddən ibarətdir.

Fotosintezin ilkin proseslərinin tədqiq edilməsindən alınan nəticələr əsasında yüksək fotokimyəvi fəallığa və ona müvafıq morfofizioloji xüsusiyyətlərə malik bir sıra genotiplər aşkar olunmuşdur. Onların yarpaqlarının assimilyasiya intensivliyi və bitkilərin bioloji məhsuldarlığı ilə bağlı olaraq öyrənilən fotosintetik əlamətlərlə birgə istifadə edilməsi yeni perspektiv sortlar yaradılmasına imkan vermişdir. Bu tədqiqatların genişləndirilməsi sübut etməyə imkan vermişdir ki, yüksək məhsuldar genotiplərin xloroplastları elektron nəqlinin və fosforlaşmanın yüksək sürəti ilə, həm də tilakoid membranında  pH-ın böyük qiyməti ilə səciyyələnirlər. Həmçinin fotosintetik elektron nəqli, CO2-nin assimilyasiyası və məhsuldarlıq arasında əlaqə olması da təsdiq edilmişdir.

Törəmə və polyarizasiya spektroskopiyası metodlarının birgə istifadə olunması nəticəsində xloroplastın membran sistemlərinin quruluşunun təşkili  aydınlaşdırılmışdır və bunun əsasında da xloroplastların tilakoid membranında piqment-zülal komplekslərinin topoqrafiya modeli təklif olunmuş, bu komplekslərdə ayrı-ayrı piqmentlərin lokalizasiyası və orientasiyası göstərilmişdir. Fotosintetik membranlarda struktur-funksional qarşılıqlı əlaqələr tədqiq olunmuş, reaksiya mərkəzlərində və fotosistem 2 kompleksində H2O-nun oksidləşməsinin katalitik mərkəzində yüklərin dinamika mexanizmləri, eləcə də müxtəlif buğda genotiplərinin xloroplastlarının ontogenezdə fotosintezetmə qabiliyyətlərinin mexanizmləri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, buğda xloroplastlarının tilakoid membranında fotosistem 1 və 2-nin və işıqtoplayan piqment-zülal komplekslərinin formalaşmasının tənzimi, əsasən, posttranskripsiya səviyyəsində həyata keçirilir. Bitkilərin ekstremal şəraitə adaptasiyası zamanı fotosintetik dəyişmələrin mümkün rolu tədqiq olunmuşdur.

Bitkilərin mineral elementlərlə qidalanması fiziologiyasının uzun illər ərzində öyrənilməsi, məhsulda nitratların toplanmasının və onların torpaqdan yuyulmasının qarşısının alınması məqsədilə azot qidalanmasının bufer rejiminin təmin olunması, makro və mikroelementlərin tətbiqolunma sisteminin və azot gübrələrinin kapsullarda hazırlanması texnologiyasının yaradılması optimal mineral qidalanma rejimini təmin edən gübrələrin kompleks sisteminin əsasını təşkil etmişdir. Bu işlərin nəticələri mineral gübrələrin effektivliyinin maksimum yüksəlməsində, məhsuldarlığın əhəmiyyətli artımında və məhsulun keyfiyyətinin yaxşılaşmasında görünür.

Hazırda fotosintezin molekulyar biologiyasının öyrənilməsi üzrə işlər davam etdirilir. Ali bitkilərin xloroplast genomlarının struktur-funksional təşkilinin xüsusiyyətləri öyrənilmiş, Cicer arietinum bitkisinin xloroplast DNT-nin kitabxanası yaradılmış, vektor sistemlərinin köməyi ilə yad genlərin köçürülməsi həyata keçirilmiş və regenerant bitki alınmışdır. Buğdanın hüceyrə kulturasında induksiya olunan morfogenez həyata keçirilmiş və seleksiya üçün ilkin material olan bitki konstruksiya edilmişdir. Əkin materiallarının alınması üçün hüceyrə biotexnologiyası metodlarından istifadə etməklə müxtəlif kənd təsərrüfatı bitkilərinin klonal çoxaldılması sxemi işlənib hazırlanmışdır Bugda bitkisinin fotosintetik membranlarında piqment-zülal komplekslərinin yığılması və sintezinin molekulyar-genetik mexanizmləri öyrənilmişdir. Müxtəlif molekulyar markerlərdən istifadə etməklə bugda genotiplərinin quraqlığa davamlılığına cavabdeh genlər və lokuslar müəyyən edilmişdir. Triricae cinsinə aid olan müxtəlif növlərinin identifikasiyası üçün spesifik CAPS marker yaradılmış və bu növlərin genetik müxtəlifliyi öyrənilmişdir. Azərbaycanda ilk dəfə olaraq meyvə ağaclarında və tərəvəz bitkilərini yoluxduran  fitoplazmalar və genetik aparatı DNT-dən ibarət viruslar molekulyar səviyyədə identifikasiya olunmuşdur. Bioinformatika laboratoriyasının əməkdaşları ali bitkilərin genomlarının quruluşu və fəaliyyətinin qanunauyğunluqlarının öyrənilməsi üzrə tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticəsində genlərin transkripsiyasının tənzimlənməsinin molekulyar mexanizmlərini analiz etməyə imkan verən kompyuter metodları işlənib hazırlanmış və bitki genlərinin promotor sahələrinin verilənlər bazası yaradılmışdır. Hazirda orqanoid DNT-lərinin bir hissəsinin nüvə genomuna ötürülməsinin xüsusiyyətləri ilə yanaşı, düyü və arabidopsis bitkilərinin nüvə genomlarının quruluşu və ekspressiyasının xüsusiyyətləri araşdırılmış, RNT polimeraza II (Pol II) promotorlarının PlantProm adlanan  verilənlər bazası yaradılmış, həmçinin bitkiləri Pol II promotorlarının identifikasiyası üçün TSSP-TCM kompyuter proqramı yaradılmışdır. Bundan başqa, yüksək dəqiqliyə malik makromolekulların kristal quruluşunu ətraflı öyrənməyə imkan verən bir sıra kompyuter proqramları da yaradılmışdır.

Yetkin və yetkin olmayan rüşeymlərdən hüceyrə kulturasının induksiya olunan morfogenezinin xüsusiyyətləri öyrənilmiş, buğda kallusunun izolə olunmuş hüceyrələrindən seleksiya işlərində buğdanın yeni forma və sortlarının yaradılması üçün ilkin material rolu oynayan bitki-regenerantlar alınmışdır. Hüceyrə kulturası modeli əsasında gen mühəndisliyi işləri üçün marker əlamətlərinin daşıyıcısı kimi yad genlərin köçürülməsi həyata keçirilmiş, həmçinin hüceyrə biotexnologiyası metodu ilə müxtəlif kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır.

Ağır ekoloji vəziyyətlə, o cümlədən kənd təsərrüfatı bitkilərində toplanan radioaktiv parçalanma məhsulları olan radionuklidlərlə torpağın çirklənməsi ilə əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqlarının öyrənilməsi Cəlal Əliyevin daha bir tədqiqat istiqamətini müəyyən etmişdir. Bu elementlərin torpaq-bitki sistemində miqrasiya tsiklinin analizi əsasında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium-137-nin dövranının ümumi biogeokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatında həyata keçirməsi lazım olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə, radiasiya təhlükəsiziyi tədbirlərinin əsaslandırılması üçün  istifadə olunan bütün  işlər görülmüşdür.    

Cəlal Əliyevin rəhbərliyi altında aparılan fundamental işlər buğda genotiplərinin yüksək məhsuldarlığının molekulyar-genetik əsaslarının işlənib hazırlanmasına, ətraf mühitin əlverişsiz amillərinə davamlı sortların yaradılmasına və fotosintezin molekulyar biologiyasının öyrənilməsinə həsr olunmuşdur. Minlərlə genotipi əhatə edən zəngin buğda genofondu yaradılmışdır. Aparılan tədqiqatlar nəticəsində məhsuldarlığı 7-8 t/ha və əla keyfiyyətli toxumu olan Qaraqılçıq-2, Vüqar, Şir Aslan-23, Bərəkətli-95, Əlincə-84, Tərtər, Qiymətli-2/17, Əkinçi-84, Əzəmətli-95, Nurlu-99, Qırmızı gül, Ruzi-84, Qobustan-99, Tale-38 və s. kimi bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda sortları yaradılmışdır. Azərbaycan ərazisində əkin sahəsinin böyük hissəsini tutan bu sortlar Türkmənistan, Özbəkistan və Gürcüstanda da yaxşı göstəricilərə malik olmuşlar.

Bu qədər geniş proqramın müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə 70-ci illərdən başlayaraq Cəlal Əliyev tərəfindən biologiya, kimya, fizika, riyaziyyat, agrokimya ixtisasları üzrə ali məktəblərin məzunlarından ibarət elmi kollektivin hazırlanmasına başlanmışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bu isə nəinki Azərbaycanda, hətta dunyada görünməmiş bir hadisə idi. Cəlal Əliyev biologiya elminin digər elmlərlə (xüsusilə riyaziyyat, kibernetika, kimya, fizika, kompyuter və informasiya texnologiyası) sintezinin inkişafının vacibliyini öncədən görən nadir alimlərdən biridir. Bununla əlaqədar Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və başqa şəhərlərin aparıcı elmi-tədqiqat institutları, böyük alimləri ilə elmi əlaqələrin yaranması və genişlənməsini xüsusi olaraq qeyd etmək lazımdır. Cəlal Əliyevin təşəbbüsü ilə onlarla istedadlı gənc alim dünyanın və Rusiyanın tanınmış elmi-tədqiqat mərkəzlərində öz təhsillərini davam etdirmişlər.

Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək respublikada yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın bünövrəsini qoymuş və əsaslı surətdə inkişaf etdirmişdir.

Akademik Cəlal Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanmışdır. Onlardan 85 elmlər namizədi və 11 elmlər doktoruna bilavasitə Cəlal müəllimin özü rəhbərlik etmişdir. Qazanılmış elmi uğurlar öz əksini nüfuzlu beynəlxalq nəşrlərdə tapmışdır. Cəlal Əliyev respublikamızda və xaricdə nəşr edilmiş 600-dən çox elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir.

Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna (1995) və Belarus Aqrar Elmlər akademiyalarının (1996) xarici üzvü; Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994); Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995); Yaponiya Bitki Fiziologiyası Cəmiyyətinin (1997); Hüceyrə Stresi Beynəlxalq Cəmiyyətinin (1998) üzvüdür. UNESCO yanında "Bioetika, elm və texnologiyanın etikası" Milli Komitəsinin sədri (1999); Yeni bitki sortlarının qorunması Beynəlxalq Cəmiyyətinin təyin olunmuş nümayəndəsi (2004); Azərbaycan Biokimya və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri (1999), "Biologiya Elminin Yeni Sahələrinin İnkişafı" (BEYSİF) (1994) fondunun prezidentidir.

Cəlal Əliyevin geniş elmi və təşkilati fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsi üçün nəzəri əsasların və yolların öyrənilməsi, işlənib hazırlanması, eyni zamanda,  bunun üçün fəaliyyətin təşkil olunmasıdır. Onun rəhbərliyi altında Bitkilərin Genetik Ehtiyatları üzrə Azərbaycanın milli proqramı hazırlanaraq həyata keçirilir (BGE), biomüxtəlifliyin qorunub saxlanılması və səmərəli istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı hazırlanmışdır. Milli Genbankın yaradılması və inkişafında onun xidmətləri əvəzsizdir.

Cəlal Əliyev həmçinin 1999-cu ildə UNESCO-nun nəzdində yaradılmış "Bioetika, elmi biliklərin  və texnologiyaların etikası" Milli Komitəsinin təşkilatçılarından biridir. Milli Komitənin əsas məqsədi insan hüquqları və tibbi, bioloji elmlərin dəyərlərinin Azərbaycan qanunvericiliyinin bioetik prinsiplərinə uyğun tənzimlənməsi, bioetik prinsiplərin insanların gündəlik həyatlarında tətbiqi və s.-dən ibarətdir. Müasir biologiya, kənd təsərrüfatı və tibbdə aparılan tədqiqatların bioetik problemləri və onların həlli yolları öyrənilir.

Sevimli iş, həqiqət axtarışı istedadlı alimi həmişə fərqləndirir. Cəlal Əliyevin özünün də ən çox işlətdiyi sözlərin "həqiqət", "düzgünlük"  olması da təsadüfi deyil. Bu sözlər onun özünə, xarakterinə və insani keyfiyyətlərinə daha çox uyğun gəlir. Cəlal Əliyev bütün həyatını elmə, elmin təmizliyi və həqiqətin təntənəsi prinsiplərinə həsr etmişdir.

Cəlal Əliyevin elmdə və elm üçün etdiklərinə dünyanın ən tanınmış alimləri yüksək qiymət vermişlər. Ciddi prinsipiallıq, elmi qabaqcadangörmə qabiliyyəti, məlum olmayanı dərketmə arzusu, gənc elmi kadrlara qayğı onun cazibədarlığı və mehribanlığı ilə harmonik tamamlanır. Nadir hallarda Cəlal Əlirza oğlu Əliyev kimi güclü iradəyə və xarakterə malik olan insanlar yaranır.

Cəlal Əliyev 1982-ci ildən əməkdar elm xadimidir. 1998-ci ildə elmin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatı olan "İstiqlal" ordeni,  2003-cü ildə Gürcüstan Respublikasının "Şərəf" ordeni, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. Bu yaxınlarda o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə elmin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeninə layiq görülmüşdür.  Dörd dəfə (1995, 2000, 2005 və 2010-cu illərdə) Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.

Cəlal Əliyev özünün  85 illik yubileyinə əldə etdiyi zəngin nəticələrlə və böyük uğurlarla gəlmişdir. Bu gün sanki mümkün olan çox işlər edilmiş, böyük zirvələr fəth olunmuşdur. Akademikin elmi işləri Azərbaycanda və dünya səviyyəsində  tanınmış və o, bir çox nüfuzlu  mükafatlara və fəxri adlara layiq görülmüşdür. Müasir avadanlıqlarla təchiz edilmiş zəngin elmi laboratoriyalar yaradılmışdır. Cəlal Əliyev böyük elmi məktəb yaratmış, həm Azərbaycanda, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində müvəffəqiyyətlə çalışan, Azərbaycan xalqına nüfuz gətirən  layiqli tələbələr yetişdirmişdir. 2013-cü il 5-9 iyun  tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fotosintez Tədqiqatları üzrə Beynəlxalq  Cəmiyyətin təşəbbüsü ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk tədbirdir.

Lakin əsl alim heç vaxt bir yerdə dayanmır, öz uğurları ilə arxayınlaşmır, yeni zirvələrə can atır. Bu gün akademik Cəlal Əliyev məhsuldar elmi fəaliyyətini və biologiya elminin inkişafının yeni istiqamətləri üzrə axtarışlarını uğurla davam etdirir. Biz inanırıq ki, o, hələ bundan sonra da öz ömür kitabına çox parlaq və yaddaqalan səhifələr əlavə edəcək.

 

 

 

İradə HÜSEYNOVA,

AMEA Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin laboratoriya müdiri, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

 

Azərbaycan.-2013.- 2 iyul.- S.8.