Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı başlamışdır

 

İyulun 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı başlamışdır.

AzərTAc xəbər verir ki, "Dünya Gənc Türk Yazarlar Birliyi-15: mükafatlandırma mərasimi və türk dünyası şeir axşamı" adı altında reallaşan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Almaniya, həmçinin Ukraynanın Krım Muxtar Respublikası, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri, Başqırdıstan, Saxa, Çuvaşıstan respublikalarından, Moldovanın Qaqauz Yeri məkanından gəlmiş ədiblər iştirak edirlər.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı açılış mərasimində birlik haqqında məlumat verərək bildirmişdir ki, qurum 1998-ci ildə Qazaxıstanda yaradılmışdır. Ötən 15 il müddətində təşkilat bir çox layihələr həyata keçirmiş, kitablar nəşr etdirmişdir.

Nəzərə çatdırılmışdır ki, iyulun 2-də birliyin hesabat seçki qurultayı keçiriləcəkdir. DTGYB-nin rəhbərliyində dəyişikliklər olacaq və təşkilatın həyatında yeni bir dönəm başlayacaqdır.

Həmçinin birliyin 15 illik fəaliyyəti münasibətilə türk dünyası ədəbiyyatının dünəni, bu günü və sabahını əhatə edən sanballı nəşr hazırlanacaqdır.

Toplantı çərçivəsində yazarların bir sıra görüşlər keçirəcəkləri və tədbirlərdə iştirak edəcəkləri nəzərdə tutulmuşdur.

Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva çıxış edərək türk dünyasının ədiblərinin bir-birini yaxından tanımasında birliyin əhəmiyyətli rol oynadığını bildirmişlər. Deputatlar xalqlar arasında birliyin və həmrəyliyin yaradılmasında yazıçı və şairlərin üzərinə böyük düşdüyünü vurğulamış və quruma gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Tədbirdə təşkilatın 15 illik fəaliyyəti dövründə böyük nailiyyət qazanmış, ədəbi uğurlara imza atmış ədiblərə birliyin mükafatları təqdim edilmişdir.

Toplantıda həmçinin ədiblər şeir nümunələri söyləmiş, Azərbaycanın incəsənət nümayəndələri mahnılar ifa etmişlər.

Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk dünyası gənc yazarlarının Bakı toplantısı" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir və 3 gün davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.9.