Ermənistanın narahatlığı artır

 

Azərbaycan Ordusu düşmən ölkəni daha bərk qorxuya salıb

 

 Azərbaycan Ordusunun son hərbi paradı hələ də Ermənistanda, əsasən  də onun hərbi dairələrində fəal müzakirə mövzusu olaraq qalmaqdadır. Artıq ermənilər bir daha Azərbaycanın hərbi qüdrəti qarşısında davam gətirmək iqtidarında olmadıqlarına növbəti dəfə əmin oldular. Eyni zamanda, bunu da yaxşı bildilər ki, Azərbaycan Ordusu istənilən an işğal edilən ərazilərin azad olunması üçün hərbi əməliyyatlara start verə bilər.

Görünür, elə bu səbəbdəndir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla Ermənistan arasında müharibənin başlanma ehtimalının yüksək olduğunu və bunun hər an baş verə biləcəyini bildirir.

Artıq Azərbaycan və Ermənistan ordusu arasında olan böyük fərqi bütün dünya, o cümlədən Ermənistan yaxşı bilir. Bu səbəbdən Ermənistan hər vəchlə müharibənin başlanmasına qarşı çıxır. Çünki bu müharibə zamanı məğlubiyyətinin qaçılmaz olduğunu yaxşı anlayır. Müharibədən qaçmağın ən yaxşı yolu isə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməkdir.

Əslində, Ermənistanda bunu düşünənlər az deyil. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan "France-24" peyk kanalına müsahibəsində Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılmasının mümkünlüyünü dilə gətirməsi də qeyd edilənlərin təsdiqidir. O demişdir: "Müəyyən perspektivlər var, müəyyən ümidlər var. Lakin mən təbliğatla məşğul olmaq istəmirəm. Qarabağın yenidən Azərbaycanın tərkibinə qayıtmaq perspektivi varmı? Bəli, perspektiv mövcuddur".

Təbii ki, işğal olunmuş ərazilər xoşluqla qaytarılmasa, onda Azərbaycan Ordusu proseslərin gedişinə müdaxilə edəcək. Digər tərəfdən, erməniləri daha çox narahat edən məqamlardan biri də Azərbaycanın Rusiyadan aldığı yeni silahlardır. Bu səbəbdəndir ki, Ermənistanın Kanadadakı sabiq səfiri, "Modus Vivendi" analitik mərkəzinin direktoru Ara Papyan Moskvaya rəsmən nota təqdim etməyə çağırıb. O, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın öz müttəfiqi ilə müharibə şəraitində olan Azərbaycana iri partiya silah satmasını yolverilməz sayır. Xarici işlər nazirinin müavini Şavaş Koçaryan isə qeyd edir ki, Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır. Onun sözlərinə görə, bu, qüvvələr balansının pozulması deməkdir: "Biz də alırıq, lakin problem narahatlıq doğurur".

Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili işlər üzrə parlament komissiyasının sədri Koryun Nahapetyan isə bildirir ki, Rusiya silahının Azərbaycana satışı Ermənistanda narahatlıq doğurur: "Biz belə hərəkətlərin səbəbləri və məqsədlərini aydınlaşdırmaq üçün qanunverici və icra hakimiyyətləri səviyyəsində Moskvaya sorğu göndərmək istəyirik. Ermənistan bu məsələni sentyabrda Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə komissiyaları rəhbərlərinin koordinasiya müşavirəsində və oktyabrda Yerevanda keçiriləcək təşkilata üzv ölkələrin Parlament Assambleyası müdafiə və təhlükəsizlik komitəsinin toplantısında müzakirəyə çıxarmaq niyyətindədir. Biz Rusiyanın bu sövdələşməni imzalayanda nəyi əsas tutduğunu anlamaq istərdik. Bu, eləcə kommersiya marağıdır, yoxsa başqa amillər olub".

Bütün bunlar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ölkəsinin Rusiyaya güvənməsinə dair fikirlərinin, sadəcə, blef olduğunu bir daha sübut edir. Xatırladaq ki, bununla bağlı Ohanyan demişdir: "Azərbaycana silah satışı Ermənistanı narahat etməyə bilməz. Lakin Ermənistanla Rusiyanın münasibətləri yüksək səviyyədədir və qüvvələr tarazlığını saxlamaq üçün hər şey edir. Hər bir təchizata və tarazlığın pozulmamasına nəzarət edilir, o cümlədən silah tətbiq edilməməsi baxımından region ölkələrinin üzərinə müxtəlif öhdəliklər qoyan strateji tərəfdaş tərəfindən. Bizim Rusiya ilə sıx münasibətlərimiz vardır. Bu yaxınlarda hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm sənəd imzalanmışdır. Bu sənəd həmin əməkdaşlığı daha yüksək dövlətlərarası səviyyədə qurmağa imkan verəcək. Bu, iki ölkənin hərbi sənaye müəssisələrinin münasibətlərin dərinləşməsi və yeni müəssisələrin yaradılması barədə də müqavilələr imzalamalarına imkan verəcəkdir".

Lakin reallıq Ermənistanın müdafiə nazirinin dediklərinin əksini göstərir.  Azərbaycanda keçirilən möhtəşəm hərbi parad göstərdi ki, ermənilərin Rusiyaya olan ümidləri heç də özünü doğrultmur. Eyni zamanda ermənilər indi daha yaxşı başa düşürlər ki, Azərbaycan istənilən vaxt ərazilərinin işğalına son qoymaq iqtidarındadır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 2 iyul.- S.10.