Piroska Darvasi: «Bakıda özümü doğma evimdə olduğu kimi hiss etdim»

 

Xəbər verdiyimiz kimi, iyunun 28-29-da Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının 10 illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransın iştirakçılarından biri, Macarıstan Siyasi Tarix İnstitutu Kitabxanasının şöbə müdiri xanım Piroska Darvasi AzərTAc-a müsahibəsində demişdir:

- Bakıda keçirilən konfrans yeni məlumatlar əldə edilməsi baxımından mənim üçün çox uğurlu oldu. Həm də bu, mənim kitabxana işi ilə bağlı iştirak etdiyim ilk beynəlxalq tədbir idi. Burada iki gün ərzində səmərəli fəaliyyət göstərdik, müxtəlif ölkələrdən olan həmkarlarımla birgə bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Zənnimcə, bu konfrans bütün iştirakçılar üçün çox faydalı oldu.

Macarıstanda Azərbaycanı yaxşı tanıyırlar, ölkəniz haqqında çoxlu məlumatlar vardır. Düşünürəm ki, azərbaycanlılar da mənim ölkəm haqqında çox şeylər bilirlər. Hesab edirəm ki, qarşılıqlı məlumatlar əsasında bir-birimizi tanımağımız əlaqələrimizin daha da yaxınlaşmasına və möhkəmlənməsinə kömək edir. İnanıram ki, beynəlxalq konfrans ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfəsini verəcəkdir. Azərbaycan tarixçilərinin, kitabxanaçılarının, arxiv işçilərinin də nə vaxtsa Macarıstanda beynəlxalq konfransda iştirakına ümid edirəm.

Bakının gözəlliyinə heyran qaldım. Xüsusilə, qədim İçərişəhər, Xəzərin sahilində axşam mənzərələri məni daha çox valeh etdi. Burada insanlar çox mehriban və gülərüzdürlər. Bu, Bakıda özümü doğma evimdəki kimi rahat hiss etməyimə səbəb oldu.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.11.