Polad Bülbüloğlu:
«Qəbələnin MDB-nin mədəniyyət
paytaxtı seçilməsi
Azərbaycan mədəniyyətinin çox zəngin
olduğunu göstərir»
"Qədim
tarixə və gözəl təbiətə malik Qəbələnin
MDB-nin mədəniyyət paytaxtı seçilməsinin Azərbaycan
üçün böyük əhəmiyyəti
vardır".
AzərTAc
xəbər verir ki, bu sözləri Qəbələdə
"MDB-nin mədəniyyət paytaxtları - 2013" dövlətlərarası
proqramının təntənəli açılış mərasimində
iştirak edən Azərbaycanın Rusiyadakı səfiri,
MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq
üzrə Dövlətlərarası Fondunun idarə heyətinin
sədri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində
demişdir.
P.Bülbüloğlu
vurğulamışdır ki, bu cür tədbirlər Azərbaycan
mədəniyyətinin çox zəngin olduğunu göstərir.
Bu, Azərbaycan mədəniyyətinin MDB ölkələrində
təbliği baxımından da çox böyük əhəmiyyət
daşıyır.
Səfir
demişdir: "Biz çox şadıq ki, bugünkü tədbirdə
10 ölkədən rəsmi qonaqlar, mədəniyyət
işçiləri iştirak edirlər. Bu gün Azərbaycanda
regionların sürətli inkişafı Prezident İlham Əliyevin
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanı uğurla davam etdirməsini bir daha göstərir.
Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələr
də inkişaf edir. Qəbələ son vaxtlar çox
gözəl və müasir bir şəhərə
çevrilmişdir. Qonaqlar Qəbələ ilə
tanışlıq zamanı ölkəmizin necə də
sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii
ki, bir azərbaycanlı kimi mən buna görə çox
sevinirəm. MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə
bu il ərzində bir neçə mədəni-humanitar tədbir
keçiriləcəkdir. Bunun üçün Qəbələdə
bütün lazımi şərait vardır".
Azərbaycan.-2013.- 2 iyul.- S.11.