«İpək Yolu» IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Musiqi Kollecində ustad dərsi keçirilmişdir

 

Şəki Musiqi Kollecində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, xalq artisti, tanınmış pianoçu Yeganə Axundova kollecin tələbələrinə ustad dərsi keçmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) üzvlərinin, kollecin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə çıxış edən Yeganə Axundova son illər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və ABİ-nin dəstəyi ilə keçirilən beynəlxalq musiqi festivallarının mühüm əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu festivallar Azərbaycanı dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. Gələn qonaqlar ölkəmizi ziyarət etməklə yanaşı, dəyərli musiqi xəzinəmizlə də yaxından tanış olmaq imkanı qazanırlar.

Sonra kollecin IV kurs tələbəsi Türkan Məmmədli pianoda İ.S.Baxın "Prelüdiya", L.V.Bethovenin "3 nömrəli sonata", Tofiq Quliyevin "Qaytağı", II kurs tələbəsi Nigar İsayeva isə F.Listin "Ov" etüdü və L.V.Bethovenin "16 nömrəli sonata" əsərlərini ifa etmişlər.

İfaçıları diqqətlə dinləyən professor Yeganə Axundova tələbələrə irad və tövsiyələrini bildirmişdir.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.11.