Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslər
maraqla qarşılanmışdır
Şəkidə
uğurla davam edən "İpək Yolu" IV Beynəlxalq
musiqi festivalının üçüncü günündə
tamaşaçılara Koreya Respublikasından olan solistlərin
ifasında qədim musiqi nümunələri və rəqslərdən
ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.
AzərTAc
xəbər verir ki, yay teatrında keçirilən konsertdə
Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan
Bəstəkarlar İttifaqının (ABİ) rəhbərləri,
Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin
səfirliklərinin nümayəndələri, sənət
adamları və şəhər sakinləri iştirak
etmişlər.
Konserti
Koreya Respublikasının Azərbaycandakı səfiri
Çoi Suk-İn açaraq "İpək Yolu"
festivalının iştirakçılarının xalq
musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti
haqqında geniş məlumat əldə etmək
imkanlarının olduğunu bildirmişdir. Səfir bu möhtəşəm
tədbirə dəvət olunmasından qürur duyduğunu,
hər dəfə Şəkiyə səfər edəndə
onun gözəl incəsənəti və zəngin mədəni
irsinə heyran qaldığını
vurğulamışdır. Koreya musiqiçilərinin
"İpək Yolu" Beynəlxalq musiqi festivalında hər
il iştirak etmələrindən məmnunluq duyduğunu
bildirən Çoi Suk-İn bu gün musiqiçilərdən
ibarət böyük bir qrupun bu festivalın tərkib hissəsi
olmaq üçün uzun yol qət edərək Şəkiyə
gəldiyini diqqətə çatdırmışdır. Səfir
bu festivalın Koreya milli musiqisi ilə yaxından tanış
olmağa, eyni zamanda, ölkələrimiz arasındakı mədəni
əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə
əminliyini bildirmişdir.
Konsertdən
əvvəl məlumat verilmişdir ki, Koreya musiqi mədəniyyətində
mahnı və rəqslər əsas yer tutur. Musiqi nümunələri
zəngin məzmuna və özünəməxsus cəhətlərə
malik olmaqla, əsrlər boyu ustad sənətkar nəsillərinin
ifaçılıq təfsirində bizə gəlib
çatmışdır.
Konsertdə
ifa olunan mahnı və rəqslər tamaşaçılar tərəfindən
maraqla qarşılanmışdır.
Azərbaycan.-2013.- 2 iyul.- S.11.