«Rənglərin rəqsi»ni dünyaya bəxş edən Məryəm

 

Məryəm Ələkbərlinin avtoportretlərində sanki onun simasını ikiyə bölən xətt sezilir. Bəlkə də bu xətt nəhəng və heç də həmişə xeyirxah olmayan dünyamızdan Məryəmin özünə cəlb etdiyi böyük sevginin və əvəzində bu dünyaya imzaladığı sonsuz məhəbbətin qovuşduğu məkandır. Elə onun kətana köçürdüyü rəsmlər də bu xətdən keçən düşüncələrin, hiss və duyğuların nəticəsidir.

Azərbaycanlı rəssamın istedadına valeh olan Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin dediyi kimi: "O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu bacarır".

Azərbaycanın gənc rəssamı Məryəm Ələkbərlinin bu günlərdə Moskvanın Mərkəzi Rəssamlar Evində keçirilən "Ənənələr və müasirlik" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində açılmış sərgisinə gələnlər onun rəng duyumuna, rəngkarlıq palitrasına heyran qalırlar. Məryəmin əsərləri bu festivalda artıq ikinci ildir ki, nümayiş olunur. Ötən il münsiflər heyəti onun "Bahar ətirli diyar" ("Vesenniy kray") adlı silsilə rəsmlərini yüksək qiymətləndirmişlər və festivalın "Vera" ("İnam") mükafatına məhz Məryəm layiq görülmüşdür.

Bu il rəssamın "Rənglərin rəqsi" ("Xorovod krasok") adı altında toplanmış işləri onun daim zənginləşən iç dünyasının əksidir. "Çiçəklənən vadi" ("Svetuşaya dolina"), "Meyvələr və ağ küplə natürmord" (Natyurmord s fruktami i belım kuvşinom"), "Amazonka", "Nağıl motivləri" rəsmləri rənglərin parlaqlığı və rəng çalarlarının müxtəlifliyi ilə cəlb edir. Məryəm bu rəsmlərində ancaq özünün gördüyü və sevdiyi dünyanı əks etdirir. Yəqin elə buna görədir ki, rənglər də, - istər yağlı boya olsun, istər akril və ya quaş, - onun hökmünə tabe olub, sanki yallı gedirlər.

Dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Rusiya paytaxtının sənət aləmində kimisə təəccübləndirən əsərlər təqdim etmək müşkül işdir. Bu baxımdan həmvətənimizin burada tanınmış incəsənət xadimlərinin diqqətini cəlb etməsi, rəğbətini qazanması qürur doğurmaya bilmir.

Moskvanın Multimediya Art Muzeyinin direktoru Olqa Sviblova deyir: "Məryəmin əsərlərindən ətrafa hərarət yayılır.  Mən bu əsərlərin sehrinə düşmüşdüm".

Görkəmli Azərbaycan və Rusiya rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov "Ənənələr və müasirlik" festivalının açılış mərasimində vurğulamışdır ki, Məryəm Ələkbərlinin yaradıcılığı ildən-ilə inkişaf edir və bu il onun əsərləri üçün Mərkəzi Rəssamlar Evində böyük salon ayrılmışdır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fikrincə, gənc rəssam Məryəm Ələkbərlinin rəsmlərinin görkəmli Azərbaycan rəssamı Tahir Salahovun əsərləri ilə bir sırada sərgilənməsi incəsənətimizin böyük uğurudur.

Gənc olmasına baxmayaraq, bu gün Məryəmi Rusiya paytaxtındakı sərgiyə gətirən yol kifayət qədər zəngindir. Onun ilk 2 sərgisi 2010-cu ildə Bakıda - əvvəlcə "Art Garden", sonra isə "Qız qalası" qalereyalarında keçirilmişdir. Sonra Berlin, Paris, İstanbul, Ankara onun fərdi sərgilərinə ev sahibliyi etmişlər. 2011-ci ilin dekabrında Məryəmin rəsmləri UNESCO-da sərgilənmişdir.

 Məşhur Fransa sənətşünası Tyerri Dyufren Məryəm Ələkbərli haqqında yazır: "Mən Məryəmin rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görən kimi onun əsərləri vasitəsilə nə demək istədiyini anladım. Onun yaradıcılığı ilkin mənbəyə qayıdışdır. O mənbəyə ki, orada bütün rənglər yalnız işıq olduqları üçün bərabər hüquqa malikdirlər".

Məryəmin əsərlərindən ibarət "Mənim gözəl dünyam", "İlin fəsilləri", "Rənglərin rəqsi" albomları ingilis, fransız, alman və yapon dillərində nəşr olunmuşdur. Berlin sərgisi zamanı bu albomlarla tanış olan tanınmış Almaniya sənətşünası İngi Şmidtin sözlərinə görə, o, Berlin Rəssamlıq Akademiyasındakı tələbələrinə bərbəzəksiz, insanın daxili aləmindən yaranan rəsmlərdən danışır. Xanım Şmidt deyir: "Məryəmin rəsmləri insanın ən dərin hisslərinə toxunur. Mən Məryəmin albomunu tələbələrimə göstərib deyəcəyəm: "Baxın və Məryəmdən öyrənin!".

Məryəm Ələkbərlinin əsərlərinin kataloqunu vərəqləyərkən onun qardaşı Cavid Ələkbərlinin ürək sözlərini duyğulanmadan oxumaq olmur. Cavid yazır: "İnsanın qəlbi daim nura, saflığa can atır. Onu əhatə edən hər bir şeyin mahiyyətini, daxili aləmini, sirli mənasını  görən və öz əsərlərində əks etdirən Məryəm, bütün dünyanı olmasa da, başqalarının dərdinə şərik çıxmağı bacaran insanları dəyişməyə qadir incəsənətin sonsuz gücünü özündə hiss edir".

Məryəmin öz daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək, forma və rənglərlə cəsarətlə işləyərək, parlaq, ahəngdar bir dünya yaratmaq bacarığı onu fərqləndirən cəhətlərdir. "Paklıq" və "ümid" sözləri Məryəm Ələkbərlinin yaradıcılığına uyğun gələn ən münasib epitetlərdir.

 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan.-2013.- 2 iyul.- S.12.