Azərbaycan polisinin yaranmasının 95
illiyi münasibətilə Polis Akademiyasında mərasim
keçirilmişdir
Prezident İlham Əliyev
mərasimdə iştirak
etmişdir:
Prezident İlham Əliyevin nitqi
-
Hörmətli Daxili İşlər Nazirliyinin əməkdaşları!
Mən
sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi
heyətini Polis Günü münasibətilə təbrik edirəm,
sizə yeni uğurlar arzulayıram.
Bu
gün biz Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin
açılışını qeyd edirik. Çox gözəl
mərkəzdir, çox gözəl memarlıq əsəridir,
eyni zamanda, daxili tərtibat da göz oxşayır. Əminəm
ki, bu mərkəz çox səmərəli fəaliyyət
göstərəcək və akademiyada təhsil alan
kadrların hazırlanmasında mərkəzin çox
böyük rolu olacaqdır.
Bildiyiniz
kimi, ulu öndər Heydər Əliyev polis orqanlarının
formalaşmasında xüsusi rol oynamışdır. Məhz
onun rəhbərliyi ilə Azərbaycanda müasir polis
orqanları yaranmışdır. 1993-cü ilə qədərki
vəziyyəti biz yaxşı xatırlayırıq, siz də
xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin
ilk illərində polis orqanlarında hökm sürən
özbaşınalıq, anarxiya ölkəyə çox
böyük zərbə vurmuşdur. O vaxt -
bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın
uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik
pozulmuşdu, daxili çəkişmələr baş verirdi
və bu çəkişmələr nəticədə vətəndaş
müharibəsinə gətirib çıxarmışdı.
Tarix
üçün bu vacib müddətdə əgər polis
orqanları və polis orqanlarına rəhbərlik edən
şəxslər öz vəzifə borcunu ləyaqətlə
yerinə yetirsəydilər, bəlkə də ölkə bu
qədər ağır vəziyyətlə üzləşməzdi.
İş burasındadır ki, Daxili İşlər Nazirliyinin
o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın,
özbaşınalığın inkişafında və ya
tüğyan etməsində əsas rol oynamışlar. O vaxt
daxili işlər orqanlarının rəhbərləri faktiki
olaraq ölkədə kriminogen vəziyyət
yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və
onun müavinləri özləri quldurluqla məşğul
idilər. O illər hamımızın yaxşı
yadındadır - özbaşınalıq, reket, qanunsuz hərəkətlər
faktiki olaraq cəmiyyətdə polisə qarşı
münasibəti, hörməti sıfıra endirmişdi.
Belə
ağır vəziyyətdə ulu öndər xalqın tələbi
ilə hakimiyyətə gələndə əlbəttə
ki, bütün başqa sahələrlə bərabər,
polis orqanlarının müasir səviyyədə
formalaşmasına çox böyük təkan vermişdir.
Polis orqanlarının inkişafı, polisdə sağlam
ab-havanın yaranması, polis orqanlarının öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirməsi - bütün
bu məsələlər ölkəmizin ümumi
inkişafına çox müsbət təsir göstərmişdir.
Çünki
yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda
sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə
olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə
kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi,
iqtisadi inkişaf ümumiyyətlə, dayanmışdı. Sənaye
sahəsində isə tənəzzül elə idi ki,
bütün sənaye müəssisələri demək olar
ki, iflic vəziyyətə düşmüşdü.
Hər
bir ölkənin inkişafı üçün əsas şərt
sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində
hökm sürən prosesləri izləyərkən bir daha
görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər
də öz həllini tapa bilməz. Sabitlik pozulduqda
inkişafdan söhbət gedə bilməz. Ona görə
sabitliyin bərpa edilməsi o illərdə ən başlıca
vəzifə idi. Ulu öndərin qətiyyəti,
müdrikliyi, xalqın ona olan inamı və polis
orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və
artıq 20 ildir ki, Azərbaycan dünya miqyasında ən
sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz
uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha
demək istəyirəm ki, bütün inkişafın təməlində
dayanan amildir.
Biz əlbəttə
ki, gələcək planlarımızı da bəyan
etmişik və planlarımız çox açıqdır.
Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda
çox böyük quruculuq işləri aparılır.
Sosial məsələlər öz həllini tapır. Azərbaycan
dünya miqyasında ən sürətlə inkişaf edən
ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi
sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət
yoxdur. Əsas nailiyyətimiz
ondan ibarətdir ki, biz ulu öndərin qoyduğu yola sadiqik.
Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu
siyasətin davam etdirilməsi bizim gələcək
uğurlarımızı da şərtləndirir.
Əlbəttə
ki, Azərbaycan bu gün dünya miqyasında çox
etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz
artıq dünya miqyasında öz böyük əhəmiyyətini
göstərməkdədir. O ki qaldı daxili vəziyyətə,
Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir.
Bütün iqtisadi layihələr uğurla icra edilir.
İqtisadiyyatımız artır. İqtisadiyyatın
bütün sahələri inkişafdadır. Cəmiyyətdə
çox müsbət ovqat, ab-hava vardır. Azərbaycana gələn
yüksək səviyyəli qonaqlar mənimlə
görüşlər əsnasında bunu daim
vurğulayırlar. Əlbəttə ki, Bakının gözəlliyi,
Azərbaycanın inkişafı onlara çox böyük təsir
göstərir. Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə
çox gözəl ab-hava vardır. İnsanların rahat
yaşamaları, səhər, axşam, gecə vaxtlarında
ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə
çıxmaları - bütün bunlar bizim üçün
artıq bir reallıqdır.
Amma
bir çox ölkələrdə vəziyyət tam
başqadır. İndi biz görürük ki, müxtəlif
bölgələrdə, müxtəlif qitələrdə
qarşıdurmalar, etirazlar, daxili çəkişmələr
böyük fəlakətlərə gətirib
çıxarır. İnsanların böyük əksəriyyəti
vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə
hər üç-dörd ildən bir dəyişən hakimiyyət
də bax, bu narazılığın əlamətidir.
İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət
onların hansısa problemlərinin həlli ilə məşğul
olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus olurlar.
Bizim
üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan
cəmiyyətində, vətəndaşlarda gələcəyə
çox böyük inam vardır. Bütün rəy
sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları
gələcəkdə onları daha da gözəl şəraitin,
gözəl həyatın gözlədiyinə inanırlar.
Biz əlbəttə ki, bu müsbət meyilləri gücləndirməliyik,
Azərbaycanın uğurlu inkişafını təmin etməliyik
və edəcəyik. Son illər ərzində
apardığımız siyasət onu göstərir ki, bu,
düzgün siyasətdir. Azərbaycan dünya miqyasında
nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə
öz inkişafını davam etdirir. Bu inkişaf
insanların rifah halının yaxşılaşmasında da
özünü göstərir.
Əlbəttə,
ictimai asayiş Azərbaycanda daim yüksək səviyyədə
qorunmalıdır. Xüsusilə, yenə də deyirəm,
1992-1993-cü illəri biz yaxşı xatırlayırıq.
Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə
idarəedilməz vəziyyətə düşür. Bu
gün ictimai asayiş polis orqanları tərəfindən
layiqincə qorunur.
Azərbaycanda
bax, bugünkü vəziyyətin, bu sabitliyin,
inkişafın, gələcəyə inamın təməlində
dövlət siyasəti dayanır. Düzgün, müdrik
dövlət siyasəti ki, bu siyasətin mərkəzində
Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis
işçilərinin fəaliyyəti, onların peşəkarlığı,
ictimai asayişin onlar tərəfindən qorunması bu
sabitliyi daha da möhkəmləndirir.
Mən
çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar
uğurla gedir, peşəkarlıq artır. Bax, bu akademiyada
hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda
cinayətkarlığa qarşı mübarizə yüksək
səviyyədədir. Azərbaycanda kriminogen durum çox
müsbətdir. Başqa ölkələrlə müqayisədə
görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə
nazir tərəfindən hər gün məlumat verilir ki,
gün ərzində təqribən 30-40 cinayət törədilir.
Cinayətlərin mütləq əksəriyyəti o qədər
də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300
min əhalisi olan ölkə üçün 30-40 cinayət
çox cüzi bir rəqəmdir.
Bu,
onu göstərir ki, cəmiyyətdə hökm sürən
sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə
ki, kriminogen durumun da müsbət səviyyədə
qalmasına xidmət edir. Çünki işsizliyi,
yoxsulluğu həddən artıq çox olan ölkələrdə
cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər
bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı
orqanizmdir. Azərbaycanda son illər ərzində işsizlik
demək olar ki, aradan qaldırılıb, cəmi 5,2 faizdir.
Yoxsulluq şəraitində yaşayanların sayı 6 faizdir
və mən qarşıya vəzifə qoymuşam ki, yoxsulluq
aradan qaldırılmalıdır.
Yəni,
cinayətkarlığın inkişafına rəvac verən
amillər Azərbaycanda demək olar ki, aradan
qaldırılır. Bu vəziyyət məni çox
sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən,
Bakı ən təhlükəsiz şəhərlərindən
biridir. Bakıda sutka ərzində insanlar rahat
yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər.
Siz polis işçiləri bunu yaxşı bilirsiniz,
çünki bu vəziyyətə nəzarət edirsiniz.
İnsanlar doğrudan da, həyatdan zövq alırlar.
Azərbaycanda
mütəşəkkil cinayətkarlığa qarşı
çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində
deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil
cinayətkarlıq aradan qaldırılıbdır.
Ayrı-ayrı təzahürlər olur, amma dərhal
onların qarşısı alınır. Hesab edirəm ki, biz
bu istiqamətdə də çox böyük uğurlara nail
olduq. Başqa ölkələrlə müqayisədə Azərbaycanda
bu sahədəki vəziyyət çox müsbətdir.
Polisin
texniki təminatı da yüksək səviyyədə həll
edilir. Bu məsələ daim diqqət mərkəzindədir.
Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm
ki, profilaktika məsələlərini də uğurla həll
etməyə imkan verir. Şəhərimizin müxtəlif
yerlərində quraşdırıImış təhlükəsizlik
kameraları öz müsbət rolunu oynayır, həm
profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin
açılması üçün onların çox
böyük faydası vardır. Azərbaycanda cinayətlərin
açılması da yüksək səviyyədədir. Bu
da polis işçilərinin peşəkarlığından
xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən
uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar
sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan
texnoloji tərəqqiyə çox böyük diqqət
göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda
tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin
həlli üçün biz bu texnologiyalardan səmərəli
şəkildə istifadə edirik.
Yəni,
bir sözlə, deyə bilərəm ki, son illər ərzində
bu istiqamətdə çox ciddi addımlar
atılmışdır. Əminəm ki, Azərbaycanda bu
müsbət dinamika gələcəkdə davam etdiriləcəkdir.
Daxili
Qoşunlar da inkişafdadır. Daxili Qoşunların təminatı
yüksək səviyyədə həll edilir. Ən müasir
texnika, döyüş avadanlıqları gətirilir. Daxili
Qoşunlar böyük qüvvədir və əlbəttə,
Daxili Qoşunların da cəmiyyətdə çox
böyük funksiyaları vardır. Hər an, hər zaman
Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində
olmalıdırlar və belə də olacaqdır.
Polis
orqanları qarşısında duran vəzifələrlə
bağlı bir neçə kəlmə demək istərdim. Əlbəttə,
ilk növbədə, asayişi qorumaq polisin əsas
funksiyasıdır. Deyə bilərəm ki, polis
işçiləri bu vəzifəni uğurla icra edirlər.
İnsanlara polis əməkdaşları tərəfindən
daim diqqət, qayğı göstərilməlidir, kobudluğa
yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal
tədbir görülməlidir.
Cinayətkarlığa
qarşı mübarizə yüksək səviyyədə
aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm
ki, bütün istiqamətlər üzrə nümunə ola
bilər, o cümlədən cinayətkarlığa
qarşı mübarizə sahəsində də bizim təcrübəmiz
hesab edirəm ki, başqa ölkələr üçün də
maraqlı ola bilər. Yəni, polis orqanları və onun əməkdaşları
bu istiqamətdə də çox ciddi olmalıdırlar.
Polis
əməkdaşları korrupsiya və rüşvətxorluğa
qarşı mübarizədə də ön sıralarda
olmalıdırlar. Bilirsiniz ki, Azərbaycanda bu xoşagəlməz
hallara qarşı çox ciddi mübarizə aparılır,
ciddi tədbirlər görülür və polis əməkdaşları
nümunə olmalıdırlar.
Bütövlükdə
cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin,
ümumiyyətlə, inkişaf səviyyəsini göstərir.
Polis orqanlarına cəmiyyətdə çox böyük
hörmət olmalıdır və bu hörmət polis
orqanları tərəfindən qazanılmalıdır. Polis
orqanlarının əməkdaşları özlərini
insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara
hörmət daha da çox olsun. Polisə olan hörmət
dövlətə olan hörmətdir. Polis əməkdaşları
qanunun keşiyində dayanırlar. Polis əməkdaşları
cinayətkarlığa qarşı mübarizə
aparırlar. Onlar öz həyatlarını risk altına
qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni,
cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik
şəraitində yaşamasını polis orqanları təmin
edirlər. Onların çox böyük funksiyaları,
çox böyük zəhmətləri vardır. Mən
görülmüş bu işləri yüksək qiymətləndirirəm
və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm
və müdafiə edəcəyəm.
Xatırlayıram
ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda
qondarma "narıncı inqilab" etmək istəyəndə
polis orqanlarının qətiyyətli hərəkətləri
bütün bu xoşagəlməz halların
qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət
indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq
qurumlar tərəfindən təzyiqlərə də məruz
qalırdı. İndi əlbəttə ki, bizə heç
kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu
cəhdlər artıq tükənibdir. Amma o vaxtlar
güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri
pislənilsin, guya onlar həddindən artıq hərəkət
etmişlər, polis orqanlarının əməkdaşları
cəzalandırılsın. Yəni, qarşımıza şərt
qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək
istəyirəm, polis orqanlarının bir nəfər də
olsun əməkdaşı cəzalandırılmayacaqdır.
Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi
təmin edirlər. Onlar öz həyatlarını risk
altına ataraq Azərbaycan dövlətinin rahat
yaşamasını təmin edirlər.
Bu
gün də demək istəyirəm ki, polis orqanları
bütün hərəkətlərini qanun çərçivəsində
aparırlar, bütün qanunsuz hərəkətlərə
öz layiqli cavabını verirlər və verəcəklər.
Heç kimdə şübhə olmasın ki, əgər kimsə
yenə də bizim gücümüzü sınamaq istəsə,
öz layiqli cavabını alacaqdır.
Mən
bir daha demək istəyirəm ki, Azərbaycanın
bugünkü uğurlu inkişafı realdır. Bu, bizi,
dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri
isə məyus edir. Azərbaycan həddindən artıq
önəmli ölkəyə çevrilibdir. Azərbaycanın
coğrafi vəziyyəti, bizim geosiyasi məsələlərlə
bağlı tutduğumuz mövqe, enerji resurslarımız, nəqliyyat
infrastrukturumuz, digər amillər, yəni, iqtisadi inkişaf,
Azərbaycanın siyasi cəhətdən
güclü ölkə olması, əlbəttə ki, bizə
diqqəti artırır. Əlbəttə, Azərbaycan bir
güclü dövlət kimi bəzi dairələr
üçün böyük maraq doğurur. Biz buna etiraz
etmirik. Çünki biz beynəlxalq aləmin bir
parçasıyıq və bu gün beynəlxalq aləmin ən
ali qurumunun - BMT Təhlükəsizlik Şurasının
üzvüyük. Dünyada bundan yuxarı səviyyə
yoxdur.
Əlbəttə
ki, biz bütün əməkdaşlığa
açığıq və beynəlxalq əməkdaşlıq
üçün öz konkret addımlarımızı
atırıq. Ancaq bir daha demək istəyirəm ki,
bütün ölkələrlə, bütün qurumlarla bizim
münasibətlərimiz qarşılıqlı maraqlar,
qarşılıqlı hörmət üzərində
qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim
üçün əsasdır. Bu, bizim prinsipial
mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq
hüquq normalarına söykənir.
Ancaq
şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə
çəkmək, müəyyən dərəcədə
bizim siyasətimizə təsir etmək cəhdləri
vardır. Buna oxşar digər cəhdlər bu gün də
var, gələcəkdə də olacaqdır. Əsas odur ki,
Azərbaycan dövləti öz müstəqil siyasətini
aparır və aparacaqdır. Bu müstəqil siyasətin təməlində
Azərbaycan xalqının iradəsi dayanır və eyni
zamanda, Azərbaycanda hökm sürən sabitlik və
ictimai-siyasi asayiş bizim gücümüzü daha da
artırır.
Biz
müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil
Azərbaycan region üçün sabitləşdirici bir
amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə
ki, heç bir qüvvə bizi müstəqil siyasətdən
döndərə bilməz. Daxili vəziyyətlə
bağlı bizim heç bir
problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır.
Bütün təşəbbüslərimiz xalq tərəfindən
dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər
isə öz iç üzünü bir daha
açmışlar. Onlar bir daha göstərirlər ki,
müstəqilliyin nə olduğunu başa düşmürlər.
Bir daha göstərirlər ki, qul psixologiyası ilə
yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim
bir böyük qardaş axtarışındadırlar. Daim
kiminsə ayağına yıxılmaq istəyirlər. Daim
kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni,
budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi:
Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil
siyasət, ləyaqətli siyasət və heç kimin
qarşısında baş əyməmək siyasəti, digər
tərəfdə öz şəxsi maraqlarını təmin
etmək üçün istənilən yola getməyə
hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə
də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax
budur, bugünkü siyasi palitra.
Əlbəttə,
Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi
çox açıq-aydın görür. Görür ki, kim
ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir.
Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil
dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz.
Nəyin bahasına olursa-olsun, müstəqilliyi
qoruyacağıq, Azərbaycanın uğurlu
inkişafını təmin edəcəyik.
Polis
orqanlarının da bu işdə çox böyük rolu
vardır. Əminəm ki, polis işçiləri həmişə
olduğu kimi, dövlətə, dövlətçiliyə
öz sədaqətini göstərəcəklər.
Bir
daha, əziz dostlar, sizi bayram münasibətilə ürəkdən
təbrik edirəm.
* * *
Daxili
işlər naziri general-polkovnik Ramil USUBOV
çıxış edərək dedi:
- Möhtərəm
Prezident! Cənab Ali Baş Komandan!
İcazə
verin, bütün şəxsi heyət adından və öz
adımdan Sizi bir daha salamlayım, Azərbaycan polisinin
yaranmasının 95 illik yubileyi ərəfəsində
keçirilən tədbirdə vaxt tapıb iştirak etdiyinizə,
burada polis haqqında, daxili işlər orqanları haqqında
dediyiniz dəyərli fikirlərə görə dərin təşəkkür
və minnətdarlığımı bildirim.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin
Daxili İşlər Nazirliyinin tərkibində təsis
edilmiş ilk milli polis orqanları böyük vətənpərvərliklə
xalqın asayişinin, gənc demokratik respublikada dövlətçiliyin
keşiyində durmuşdur. Məhz tarixi ədalətin
bərpasını zəruri sayan və varislik prinsipini rəhbər
tutan xalqımızın ümummilli lideri Heydər Əliyev
1998-ci ildə imzaladığı fərmanla iyulun 2-ni "Azərbaycan
Polisi Günü" elan etdi.
Cümhuriyyətin
süqutundan sonrakı 70 il ərzində
daxili işlər orqanları sovet dövlətinin siyasətini
həyata keçirsə də, bütövlükdə
böyük təcrübə qazanmış, təşkilati
cəhətdən möhkəmlənmişdir.
Danılmaz həqiqətdir ki, həmin dövrdə
daxili işlər orqanlarının tarixində ən
mühüm mərhələ dahi Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illər olmuşdur. Ulu öndərin strateji
uzaqgörənliyi və böyük vətənpərvərliyi
sayəsində milisin peşəkarlıq və bilik səviyyəsinin
yüksəlməsinə nail olunmuşdur.
Şəxsi heyətin milli dövlətçilik
ideologiyası ruhunda formalaşmasının nəticəsi idi
ki, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə
qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan
və uzun müddət rəşadətlə vuruşan yeganə
nizami qüvvə polis və sonralar isə Daxili Qoşun hissələri
idi.
Bu döyüşlərdə 1695 əməkdaşımız
və hərbi qulluqçumuz şəhidlik zirvəsinə
ucalmış, 1710 nəfər xəsarət
almışdır. Göstərdikləri şücaətə
və fədakarlığa görə 68 nəfərə
"Azərbaycanın Milli Qəhrəmanı" adı
verilmişdir. Onu da məruzə edim ki, cənab Prezident,
ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı
91 polis əməkdaşı həlak olmuş, 2221 nəfər
yaralanmışdır.
Tarixi
faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa
edildikdən sonra yaranmış mürəkkəb vəziyyət,
torpaqlarımızın işğalı və separatizm şəraitində
siyasi-iqtisadi böhranın dərinləşməsi, respublikaya
rəhbərlik edən şəxslərin səriştəsizliyi,
qanunsuz silahlı dəstələrin və cinayətkar
qrupların vətəndaşların azad və təhlükəsiz
yaşamaq hüququnu pozması Azərbaycanı daxildən
parçalayır, onun bir dövlət kimi mövcudluğunu
sual altında qoyurdu.
Belə ağır vəziyyətdə xalqın təkidli
tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda siyasi rəhbərliyə
qayıdan ümummilli lider Heydər Əliyev daxili sabitliyi təmin
etməklə ölkəni vətəndaş müharibəsi
təhlükəsindən xilas etdi.
Həmin illərdə müstəqilliyimizin taleyi daxili
sabitlikdən bilavasitə asılı idi. Həyati vacib bu sahədə
daxili işlər orqanlarının mühüm rolunu nəzərə
alan ulu öndər milli maraqlara uyğun
olaraq fəaliyyətimizin başlıca istiqamətlərini
müəyyən etdi. Polisin sıraları səriştəsiz,
təsadüfi şəxslərdən təmizləndi. Peşəkar kadrların irəli çəkilməsi
ilə xalqa və dövlətə xidmət prinsipi təmin
olundu. Ümummilli liderin şəxsi rəhbərliyi
altında hərtərəfli islahatlara başlanıldı.
Dahi
öndərin 1994-cü il avqustun 9-da
"Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi tədbirləri
haqqında" imzaladığı fərman ilə ölkədə
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizənin uğurlu başlanğıcı qoyuldu. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti
altında görülən tədbirlərlə əllərdə
olan on minlərlə odlu silah və sursat
yığıldı. Yüzlərlə
cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli
və xüsusilə ağır cinayətlərin, o cümlədən
dövlət çevrilişlərinin qarşısı
alındı.
Bütün
bunlarla əlaqədar ümummilli lider Heydər Əliyev qeyd
edirdi: "Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda
ictimai-siyasi sabitlik yaratdıq. Xalqımızı
cürbəcür bəlalardan, dövlət çevrilişi
cəhdlərindən, Azərbaycanı parçalanmaq təhlükəsindən
xilas etdik".
Respublikada asayişin mühafizəsi sahəsində
baş verən müsbət dəyişiklikləri o
dövrün cinayətkarlığının statistikası
da tam aydınlığı ilə əks etdirir. 1992-ci illə
müqayisədə 2002-ci ildə cinayətlərin
açılması 67 faizdən 95 faizə yüksəldi.
Ümumi cinayətlərin sayı 31 faiz,
bağlı qalmış cinayətlər isə 13 dəfə
azaldı.
Bu gün Azərbaycan haqqında danışılanda fəxr
edə biləcəyimiz çox uğurlar vardır. İstisnasız
olaraq, onların hamısının əsasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müəyyən etdiyi strateji inkişaf xətti durur.
Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdə möhtərəm Prezidentimiz cənab İlham
Əliyev bu barədə demişdir: "Bizim xoşbəxtliyimiz,
Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir
ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü
illər ərzində Azərbaycan böyük və
uğurlu yol keçmişdir. Dövlət
quruculuğu prosesi müvəffəqiyyətlə
aparılmış və gözəl nəticələrə
gətirib çıxarmışdır".
Həqiqətən də dövlətçiliyin ən
böyük məktəbi olan Heydər Əliyev məktəbini
keçdiyimiz ilk on ilin yekunları ondan əvvəlki tarixin
heç bir dövrü ilə müqayisə edilə bilməz. Həmin illərdə
cəmiyyətin istənilən sahəsində olduğu kimi,
daxili işlər orqanlarını formalaşdıran da,
möhkəmləndirən də məhz ulu öndər Heydər
Əliyev olmuşdur.
Hörmətli
tədbir iştirakçıları!
Hamınıza yaxşı məlumdur ki, Zati-aliləri cənab
İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan
Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz
inkişafın yeni mərhələsinə qədəm qoydu.
Lakin bu
dövr də heç də asan olmadı, bir neçə dəfə
respublikamızda dövlət çevrilişinə cəhd
halları baş verdi. Bu antidemokratik,
xalqımızı, ölkəmizi yenidən fəlakətlərə
sürükləməyə cəhd cinayətlərinin
qarşısı Prezidentimiz, Ali Baş Komandan cənab
İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi,
hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə
operativ müdaxiləsinin Zati-aliləri tərəfindən təşkili
nəticəsində alındı.
Məhz ictimai asayişin etibarlı qorunmasının məntiqi
nəticəsi olaraq, cənab Prezidentin rəhbərliyi ilə
xalqımız və dövlətimiz üçün
taleyüklü sayılan mühüm layihələr reallaşdırıldı. Şəxsi
heyətin anda sədaqətini həmişə yüksək
qiymətləndirən dövlət başçısı tərəfindən
daxili işlər orqanlarının da inkişafı
üçün bütün lazımi tədbirlər həyata
keçirildi.
Möhtərəm Prezidentin təşəbbüsü
ilə 2004-cü ildə qəbul edilmiş polisin fəaliyyətinin
təkmilləşdirilməsinə dair Dövlət
Proqramı əsasında struktur islahatlarının
aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi,
vətəndaşlara xidmət və asayişin təminatının
mütərəqqi formalarının tətbiq edilməsi
üzrə əhəmiyyətli işlər
görülmüşdür.
Daxili işlər orqanlarının keçdiyi
böyük inkişaf yolunun daha bir əyani təsdiqi
açılışlarında, cənab Prezident, Sizin də
iştirak etdiyiniz çoxsaylı infrastrukturun istifadəyə
verilməsidir.
Bütövlükdə, 1993-2013-cü illər ərzində
ümumi dəyəri 220 milyon manat olan 223 obyektin tikintisi və
ya yenidən qurulması başa
çatdırılmış, minlərlə nəqliyyat vasitəsi,
xüsusi texnika alınmışdır. Həmin
müddətdə vəzifə və rütbəyə
görə maaşların artırılması ilə
bağlı 16 sərəncam imzalanmışdır.
Bu gün
müasir dövrün təhdid və
çağırışlarına cavab olaraq insan hüquq və
azadlıqlarının qorunması, hər bir əməkdaşın
nümunəvi davranışı ilə cəmiyyətdə
fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik,
qanunçuluq, anda sədaqət prinsipləri üzərində
qurması, peşəkarlıq səviyyəsinin artırılması,
ixtisaslı və geniş dünyagörüşlü gənc
kadrların hazırlanması, cənab Prezident, tələb və
tövsiyələrinizə uyğun Daxili İşlər
Nazirliyinin başlıca vəzifələri olmaqla həyata
keçirilir və bundan sonra da bu, davam etdiriləcəkdir. Bununla yanaşı, möhtərəm cənab
Prezident, vətəndaşların qəbuluna və müraciətlərinə
xüsusi həssaslıqla yanaşmaq barədə verdiyiniz
tapşırıqlar 2004-2013-cü illərdə nazirliyin
aparatında və respublikanın bölgələrində
yerinə yetirilib. Bu dövr ərzində
48 min vətəndaş yerlərdə qəbul edilmiş, 277
mindən çox ərizə və şikayətə
baxılmışdır.
Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa
qarşı mübarizədə və əmin-amanlığın
qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin
hər 100 min nəfərinə düşən cinayətlərin
sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər
olmaqla, əksər dünya ölkələri ilə
müqayisədə faizlə yox, dəfələrlə
azdır. Bu dövrdə cinayətlərin illik orta
açılması 90 faizdən yuxarı olmuş, 23 minə
yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş,
axtarışda olan 82 mindən artıq təqsirləndirilən
şəxs tutularaq istintaqa və yaxud da ədalət məhkəməsinə
verilmişdir. Əllərdə qanunsuz
saxlanılan 41 min odlu silah yığılmış, onun tətbiqi
ilə törədilən cinayətlərin sayı 9 dəfə
azalmışdır. Həyata keçirilən
məqsədyönlü profilaktik tədbirlərin nəticəsi
olaraq, qeydə alınan hüquqazidd əməllərin
yalnız 10 faizə qədəri ağır və xüsusilə
ağır cinayətlər olmuşdur.
Azərbaycanın dünyada etiraf edilən sabit ölkə
imici onu həm də beynəlxalq forum və sammitlərin
davamlı surətdə keçirildiyi bir məkana
çevirmişdir. Ötən 20 ildə cinayətkarlığa
qarşı mübarizədə və daxili təhlükəsizliyin
qorunmasında nümunəvi xidmətlərinə görə
662 əməkdaşımız dövlət
mükafatlarına layiq görülmüşdür.
Möhtərəm
Prezident, cənab Ali Baş Komandan!
Sizin hər bir kollektivə gəlişiniz orada
çalışan bütün əməkdaşlara yeni ruh,
yeni qüvvə verir. Daha yaxşı işləmək stimulu,
xoşbəxt gələcəyə dərin inam yaradır.
Hər zaman olduğu kimi, bizə, bu gün də
bayram sevinci, bayram əhval-ruhiyyəsi bəxş etdiniz.
Biz xalqımızın qəlbən sevdiyi,
dünya liderləri arasında sayılıb-seçilən
Prezidentimizlə fəxr edirik.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti
adından Zati-alinizi əmin edirəm ki, qarşımızda
qoyduğunuz tələbləri və tövsiyələri
böyük məsuliyyət hissi ilə yerinə yetirəcək,
gələcəkdə də ölkəmizdə cinayətkarlığa
qarşı mübarizədə bütün qüvvə və
bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə
sağ olun!
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 3 iyul.- S.1,3.