Avstriyanın nüfuzlu
«Society» jurnalında Prezident
İlham Əliyevin bu
ölkəyə rəsmi səfərinə, Vyanada
Azərbaycan Mədəniyyət Mərkəzinin
açılması və «Fly to Baku» sərgisinin
keçirilməsinə dair geniş məqalələr dərc olunmuşdur
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin təşəbbüsü, birbaşa maliyyə və təşkilati dəstəyi ilə Avstriyada çox ciddi və geniş auditoriyaya malik olan, tanınmış "Society" jurnalının bu günlərdə işıq üzü görmüş buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriya Respublikasına ilk rəsmi səfəri, habelə Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Vyanada keçirilmiş "Fly to Baku" sərgisi və digər tədbirlər haqqında geniş reportaj və fotoqalereya əksini tapmışdır.
Jurnalın
əsas hissəsini əhatə edən məqalələrdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
bu il mayın 12-dən 14-dək Avstriyaya səfəri
zamanı Avstriyanın federal Prezidenti Haynts Fişer, federal
kansler Verner Faymann və digər dövlət rəsmiləri ilə,
Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatların
başçıları, həmçinin Avstriyanın
aparıcı şirkətlərinin rəhbərləri ilə
görüşləri, bu ölkənin İqtisadiyyat
Palatasında keçirilmiş Azərbaycan-Avstriya biznes forumu,
Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı
və digər mühüm tədbirlər barədə məlumatlar
yer almışdır.
ARDNŞ-in
Avstriyadakı nümayəndəliyi və AzərTAc-ın
Avstriyadakı xüsusi müxbiri tərəfindən
hazırlanmış məqalədə aparılan
danışıqların əsas mahiyyəti barədə
fikirlərə, bu səfərin ikitərəfli münasibətlərin
gələcək inkişafına göstərəcəyi
müsbət təsirə geniş yer verilmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova ilə müsahibə əsasında hazırlanmış "Azərbaycan mədəniyyəti Avropanın mərkəzində" sərlövhəli məqalədə Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrin tarixinə nəzər salınmış, yeni yaradılmış Mədəniyyət Mərkəzinin gələcəkdə bu əlaqələrin daha da dərinləşməsinə, həmçinin Azərbaycan mədəniyyətinin Avropanın musiqi və mədəniyyət paytaxtı sayılan Vyanada geniş təbliğinə böyük töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Bundan əlavə, Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Vyanadakı möhtəşəm imperator sarayı - Hofburqda mayın 14-dən 26-dək keçirilmiş Azərbaycanın müasir incəsənətinin bir çox eksponatları ilə zəngin olan sərginin təntənəli açılış mərasimindən reportaj, Leyla Əliyevanın çıxışından çox gözəl iqtibaslar yerləşdirilmiş, sərginin tarixi və məqsədləri haqqında məlumat verilmiş, Azərbaycanın gənc istedadlarının adları sadalanmışdır. Həmin reportajda həm sərginin açılış mərasimini, həm orada keçirilən qəbulu, həm də açılışdan sonra ayrıca yüksək səviyyəli qonaqlar üçün təşkil olunmuş xüsusi "Fly to Baku" VİP qala şam ziyafətini əks etdirən fotoqalereya dərc edilmişdir.
Bütün məqalələrdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyi tərəfindən təqdim edilmiş, səfərin və həmin ərəfədə keçirilmiş bütün tədbirlərin təfərrüatlarının əksini tapdığı çoxlu sayda fotolar dərc olunmuşdur.
Ümumiyyətlə, tam cəsarətlə demək olar ki, cari ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya çoxdan gözlənilən rəsmi səfəri, konsertlərin, habelə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş K-1 üzrə beynəlxalq kikboks turnirinin keçirilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Fly to Baku" müasir incəsənət sərgisinin yüksək səviyyədə təşkili, bir sıra digər mühüm tədbirlərin təşkil olunması - bütün bu tədbirlərin doğurduğu çox ciddi müsbət rezonans nəticəsində Vyanada may ayı yaddaşlarda rəmzi olaraq Azərbaycan adı ilə qalacaqdır.
Hazırkı "Society" jurnalı 1945-ci ildə Avstriyanın federal kansleri Karl Rennerin təşəbbüsü ilə təsis edilmiş "BMT jurnalı" və 1992-ci ildə Q.Tauxhammerin əsasını qoyduğu "Society" jurnalının birləşməsi nəticəsində yaranmışdır. İldə dörd dəfə nəşr olunan jurnalın hər buraxılışının tirajı 40 min nüsxədən ibarətdir.
Əsasən
ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət
mövzularında materialların dərc olunduğu jurnal iki
dildə (alman və ingilis) çıxır. Avstriyanın
dövlət və hökumət dairələri, bu ölkədəki
beynəlxalq təşkilatlar və diplomatik korpus jurnalın əsas
abunəçiləri sırasındadır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.-2013.- 3 iyul.- S.5.