Fransanın nüfuzlu
«Fiqaro maqazin»
jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən
bəhs edən məqalə dərc olunmuşdur
Fransanın
Kann şəhərində beynəlxalq musiqi festivalı çərçivəsində
keçiriləcək Azərbaycan mədəniyyəti həftəsi
ilə bağlı ölkənin nüfuzlu "Fiqaro
maqazin" jurnalında Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri
Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən
"Mehriban Əliyeva-cazibəli səfir " sərlövhəli
məqalə dərc olunmuşdur.
Məqalədə
bildirilir ki, yeni istedadlıları üzə çıxarmaq,
təhsilə qayğı kimi missiyaları yerinə yetirən
birinci xanım Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan
Gimnastika Federasiyasına rəhbərlik etməyə başlamış,
2005-ci ildə isə parlamentə üzv seçilmişdir.
Mehriban Əliyeva ölkəsinin mədəniyyətini dünyada
tanıtmağı qərara almış və bu məqsədlə
2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu təsis
etmişdir. Onun rəhbəri olduğu bu fond böyük
siyasi xadim və xalq tərəfindən ümummilli lider
adlandırılan Heydər Əliyevin şərəfinə
yaradılmışdır.
Azərbaycanın
mədəni dəyərlərinin qorunub saxlanmasında
Mehriban Əliyevanın xüsusi xidmətləri
olduğunu vurğulayan jurnal
oxucularına Heydər Əliyev Fondunun təhsil, səhiyyə
və elm sahələrinin inkişafı istiqamətində həyata
keçirdiyi mühüm layihələr haqqında məlumat
verir. Məqalədə qeyd olunur ki, məhz bu xidmətlərinə
görə fondun prezidenti Mehriban Əliyeva 2004-cü il avqustun
13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq
görülmüş, məhz onun sayəsində Azərbaycanın
ədəbiyyatı və musiqi ənənələri beynəlxalq
aləmdə tanınmışdır. Müxtəlif ölkələrə
rəsmi səfərlər etməklə və Azərbaycanda
beynəlxalq səviyyəli tədbirlər keçirməklə
ölkəsini dünyada layiqincə tanıtmağa müvəffəq olmuşdur.
"Fiqaro
maqazin" Bakıda keçirilən " Eurovision-2012"
beynəlxalq mahnı müsabiqəsini, gimnastika üzrə
Avropa və dünya çempionatlarını buna misal gətirərək
yazır ki, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq əlaqələrinə,
xüsusən Fransa ilə
sıx əməkdaşlıq əlaqələrinin
yaradılmasına xüsusi töhfələr vermişdir. Məqalədə
həmçinin bildirilir ki, Mehriban Əliyeva Fransa ilə ikitərəfli
əlaqələrin inkişafındakı xidmətlərinə
görə ölkənin ən yüksək mükafatı
olan Fəxri Legion ordeninə layiq
görülmüşdür.
Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun Fransanın müxtəlif mədəni abidələrinin
bərpasına göstərdiyi yardım da məqalədə
geniş yer alır. Versalda iki abidənin, Strasburqda XV əsrə
aid katedrakın beş vitrinin bərpasına yardım edildiyi,
Luvr muzeyində İslam İncəsənət Departamentinin
yaradılmasında fondun yaxından iştirakı xüsusi
vurğulanır.
Jurnal
daha sonra Mehriban Əliyevanın həyat yolu barədə məlumat
verməklə yanaşı, xoşməramlı səfir kimi
fəaliyyətindən də bəhs edir. Oxucularına onun
Pakistanda zəlzələ nəticəsində
dağılmış məktəb binasının yenidən
qurulmasına, Haitidə bir neçə mədəni abidənin
bərpasına, Fransa Terror Qurbanları Assosiasiyasına
yardım göstərilməsi barədə məlumat
çatdırır.
Mehriban
Əliyevanın ölkəsində təhsilin
inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən
"Fiqaro maqazin" Heydər Əliyev Fondu tərəfindən
ayrı-ayrı rayonlarda yüzlərlə məktəb
binasının təmir olunmasından, müasir tipli məktəb
binalarının tikilməsindən və lazımi
avadanlıqlarla təchiz edilməsindən, xəstə
uşaqlara göstərilən xüsusi qayğıdan söz
açır.
Məqalədə
daha sonra 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanan Azərbaycanın
mədəni dəyərlərinin Fransada təbliği sahəsində
Mehriban Əliyevanın xidmətləri xatırlanır.
İyulun 4-dən etibarən Kannda beynəlxalq musiqi festivalı
çərçivəsində keçiriləcək Azərbaycan
mədəniyyəti həftəsində birinci xanımın şəxsən
iştirak edəcəyi
vurğulanır.
Mədəniyyət
həftəsi barədə də oxucularına ətraflı məlumat
çatdıran jurnal fransız
tamaşaçılarının istedadlı azərbaycanlı
cazmen İfsar Sarabskinin, milli rəqs
ansamblının və digər musiqi kollektivlərinin konsertlərini
izləmək, "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" layihəsi çərçivəsində
təşkil ediləcək sərgi ilə yaxından
tanış olmaq imkanı qazanacaqlarını diqqətə
çatdırır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2013.- 3 iyul.- S.5.