«Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan prezidentliyə namizəd ola bilərmi?»
Yeni Azərbaycan Partiyasının
sədr müavini-icra
katibi, deputat Əli Əhmədovun APA-ya
müsahibəsi
- Bu
gün "Milli Şura"nın iclasında müxalifətin
vahid namizədi təsdiq olundu. Rüstəm İbrahimbəyov
müxalifətin vahid namizədi kimi Yeni Azərbaycan
Partiyasını nə dərəcədə narahat edir?
-
Öncə anlayışlarda dəqiqləşmə aparmaq
istərdim. Rüstəm İbrahimbəyov "Milli
Şura"nın vahid namizədi təsdiq olunub. "Milli
Şura" bütün müxalifəti təmsil etmir və
deməli, onun adından qərar çıxarmaq səlahiyyətində
deyil. İkincisi, ayrı-ayrı müxalifət partiyaları
öz namizədini irəli sürüb və seçkidə
öz namizədi ilə iştirak etmək niyyətini gizlətmir.
Seçkilərə rəsmi start verilməsinə az qalıb
və biz yaxın zamanlarda namizədlərlə bağlı həqiqi
mənzərənin şahidi olacağıq. Bu gün isə
məlum olan budur ki, hansısa məcburiyyət sanki ənənəvi
müxalifətin bir qismini bir araya toplaşmağa vadar edir.
Müxalifətin bəzi təmsilçilərinin mətbuata
verdiyi açıqlamalarda müəyyən işarələr
açıq görünməkdədir.
Uzun
illərdir İsa Qəmbər və Əli Kərimli
müxalifətin vahid namizədi olmağa çalışsa
da, buna nail ola bilmədilər. Daim "xalqın dəstəyindən"
dəm vuran nə Qəmbər, nə də Kərimli bu dəstəyi
ala bildi. İndi onların hər ikisi sakitcə, kənardan gətirilən
birisinin ətrafında birləşdiklərini bəyan edirlər.
Düşünmürəm ki, onların Rüstəm
İbrahimbəyovun ətrafında birləşib "sədaqət
andı" içməsi onun xarizmasının təsiri
altında baş verib. Görünən odur ki, belə
tapşırıq alıblar və həmişə olduğu
kimi, tapşırığı yerinə yetirirlər.
Heç özləri də bunu gizlətmirlər və Pənah
Hüseynin dili ilə əsl həqiqətin nədən ibarət
olduğunu ifadə edirlər. Sadəcə fərq ondadır
ki, indi Rüstəm İbrahimbəyovun ətrafında birləşmək
haqqında tapşırıq başqa mərkəzdən
verilir. Görəsən, Rüstəm İbrahimbəyovu
"vahid namizəd" seçib ona sədaqət andı
içən İsa Qəmbər və Əli Kərimli fikirləşiblərmi,
Qarabağın Azərbaycana mənsub olduğunu şübhə
altına alan birisinin Azərbaycanın prezidentliyinə namizədliyini
irəli sürməyə mənəvi haqqı
çatırmı? Müxalifətin anlamında milli maraq,
müstəqillik, demokratiya gözə kül üfürməkdir.
Ancaq xalq hər şeyi görür, dərk edir və
lazımi nəticə çıxarır. Satılanları
xalq sevmir. Rustəm İbrahimbəyovun "vahid namizəd"
kimi Yeni Azərbaycan Partiyasını "narahat" etməsi
məsələsinə gəldikdə, onu deyə bilərəm
ki, güclər balansında fərq o qədər
böyükdür ki, bu "narahatlıq" barədə
düşünməyə belə dəyməz.
Namizədin
şansı onun ictimai dəstəyi ilə müəyyən
olunur. Rüstəm İbrahimbəyov
nədənsə dəstəyini sanki xaricdə
axtarır, necə deyərlər, turne təşkil edir, xaricdə
görüşlər keçirdiyi barədə məlumatlar
yayır. Onun bu sayaq görüşləri varmı-yoxmu, bir
yana qalsın, ancaq belə görüşlərin Azərbaycanda
prezident seçkilərinə nə dəxli var? Prezident
seçkilərinin taleyini həll etmək səlahiyyətində
olan yeganə subyekt Azərbaycan xalqıdır. Yeni Azərbaycan Partiyasının namizədinin
gücü xalqın dəstəyindədir. Xalqın
böyük əksəriyyətini dəstəkləməyə
həvəsləndirən Azərbaycanın 10 illik əzəmətli
inkişaf tarixi kimi etibarlı əsas var. Əks tərəfin
ortaya qoyacağı heç nə yoxdur. İnsanların
artıq çoxdan inanmaq istəmədiyi mənasız vədlərdən
savayı...
-
"Milli Şura"nın kənardan gətirilmə ideya
olması barədə söhbətlər səngimir. Bu
söhbətlərin nə qədər əsası var?
- Bu
suala ətraflı cavab verməyi o qədər də aktual
hesab etmirəm. Ən azından ona görə ki, bu məsələ
Azərbaycanda hamıya bəllidir. "Milli
Şura"nın üzvləri arasında da elələri
var ki, bu məsələ ilə bağlı
açıqlamalar verib, əslində onu təsdiqləyiblər.
İstənilən halda, xalqın iradəsindən kənar hər
hansı ideyanın Azərbaycanda dərin kök atması
inandırıcı görünmür. Müxalifətin xarici
amilə meyilli olması yenilik deyil. Siyasi ambisiyalarının
reallaşması üçün daxili qüvvələrdən
dəstək qazana bilməyənlər köməyi xaricdə
axtarırlar. Mən bunu yolverilməz və təhlükəli
hesab edirəm. Bununla yanaşı, indiki halda bu cür cəhdlərin
Azərbaycanın daxili siyasi həyatına ciddi təsir
göstərmək imkanlarını böyük hesab etmirəm.
-
"Milli Şura"nın keçid dövrü, müvəqqəti
prezident, parlamentin buraxılması və sairlə
bağlı hazırladığı fəaliyyət
proqramına münasibətiniz necədir?
-
"Milli Şura" adından elan edilən və haqqında
danışdığınız fəaliyyət proqramı Azərbaycanı
siyasi cəhətdən geriyə çəkmək cəhdlərindən
başqa bir şey deyil. Azərbaycan 20 ildir müstəqil
dövlətdir, mütəmadi olaraq Konstitusiyaya uyğun
seçkilər keçirilir. Ölkəmiz Avropa
Şurasının üzvüdür, Avropa İttifaqı ilə
bir çox layihələrdə yaxından iştirak edir, Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına üzv seçilib. Azərbaycan kamil bir dövlətdir,
sürətlə inkişaf edir, dünya birliyinin layiqli
üzvüdür. Azərbaycanda keçid dövrü
hökuməti yaratmaq söhbəti, səmimi deyirəm,
ölkəyə atılan ən böyük və ən
çirkin böhtandır. Bunu ancaq Azərbaycanı istəməyən,
onu ləkələmək niyyətində olanlar edə bilər.
Bu cür təkliflərin müəlliflərinin hərəkətinə
ancaq təəssüflənmək olar. Parlamentin
buraxılmasına gəldikdə isə, sadəcə, bu barədə
danışanların hüquqi nihilizmindən irəli gəlir.
Azərbaycanda parlamenti buraxmaq mexanizmi yoxdur. Hesab edirəm ki, parlamenti
buraxmaq mexanizminin olmaması Azərbaycanın siyasi sisteminin
sabitliyinin ən mühüm göstəricilərindən biri
hesab olunmalıdır. "Milli Şura"nın qəbul
etdiyi fəaliyyət proqramı siyasi dəyişikliklər
deyil, dağıdıcılıq proqramıdır. Bu cür
proqramlar əsasında bir çox ölkələrdə fəlakətlərə
səbəb olmuş ssenarilər həyata keçirilib. Həmin
ssenarilərin acısını xalq çəkir. Lakin Azərbaycanda
belə ssenarilərin baş tutması mümkün deyil. Nə
dövlət buna imkan verər, nə də xalq. Azərbaycan
xalqı mövcud sabitliyi yüksək qiymətləndirir və
qoruyur.
Azərbaycan.-2013.- 3 iyul.- S.5.