Bakıda hərbçilər arasında
birinci Dünya Futbol
Kubokunun təntənəli açılış mərasimi
keçirilmişdir
İyulun 2-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təntənəli açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Dalğa-Arena" stadionunda təşkil edilən mərasimdə Müdafiə, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın, futbol üzrə Azərbaycan yığma komandasının və yarışda çıxış edəcək 16 dövlətin futbol komandasının nümayəndələri, həmçinin ölkə futbolunun veteranları iştirak etmişlər.
Əvvəlcə birinci Dünya Futbol Kubokunda iştirak edən komandalar təqdim olunmuşdur.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, ölkəmizin dövlət bayrağı və Beynəlxalq Hərbi İdman Şurasının bayrağı qaldırılmışdır.
Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum çempionata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Hamad Kalkaba Malboum demişdir ki, Afrika, Amerika, Asiya və Avropa ölkələrini bir araya gətirən hərbçilər arasında birinci Dünya Futbol Kuboku əsasən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində Beynəlxalq Hərbi İdman Şurası üçün xüsusi bir tədbirə çevrilmişdir. Beynəlxalq Hərbi İdman Şurası 2011-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində hərbçilər arasında 5-ci Yay Dünya Oyunlarının və 2013-cü ildə Fransanın Annesi şəhərində hərbçilər arasında ikinci Qış Dünya Oyunlarının uğurla həyata keçirilməsinə nail olmuşdur. İnanıram ki, Bakıda keçirilən yarış da uğurla başa çatacaqdır.
Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, Azərbaycan idmanı yeni dirçəliş dövrünü yaşayır. Sevindirici haldır ki, dövlətimiz tərəfindən idmançılara göstərilən diqqət və qayğı daim artır. Bundan ruhlanan idmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğurla çıxış edir, ölkəmizin idman şərəfini layiqincə qoruyur və Vətənimizə medallarla dönürlər.
A.Rəhimov qeyd etmişdir ki, ölkəmizdə futbolun qədim tarixi vardır. Bu gün qarşımızda duran konkret məsələlərdən biri də bu idman növünü qoruyub yaşatmaq və inkişaf etdirməkdir. Ölkəmizdə idmana, o cümlədən futbola böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" imzalamışdır. Dövlət Proqramının icrası məqsədi ilə artıq bir sıra tədbirlər həyata keçirilmiş və bu proses davam edir. Çox sevindirici haldır ki, hərbçilər arasında da futbola böyük maraq vardır. Ümid edirəm ki, Bakıda keçirilən birinci Dünya Futbol Kuboku yarışı gərgin idman mübarizəsi şəraitində keçəcəkdir.
Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev yarış iştirakçılarını Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adından salamlamış, hər bir komandaya qələbə arzulamışdır.
Nazir demişdir ki, Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də bir çox uğurlar əldə etmişdir. Bu, ilk növbədə, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra respublikamızda idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf etməyə başlamış və respublikamız idman ölkəsinə çevrilmişdir. Bunun nəticəsi olaraq Azərbaycan idmançıları qısa müddət ərzində Avropada və dünyada keçirilən idman yarışlarında və Olimpiya oyunlarında yaddaqalan uğurlar əldə etmiş, o cümlədən ordu idmançılarının qazandıqları medalların sayı artmışdır.
Nazir demişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür. Azərbaycanın ordu idmançıları o zamandan bugünədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda iştirak edərək 85 qızıl, 74 gümüş və 112 bürünc medal qazanmışlar. Təsadüfi deyildir ki, bu vaxtadək Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə Azərbaycanda 2004-cü ildə cüdo, 2006-cı ildə güləş və 2008-ci ildə boks üzrə dünya çempionatları uğurla keçirilmişdir.
S.Əbiyev vurğulamışdır ki, qədim idman ənənələrinə malik Azərbaycan torpağından xoş və zəngin təəssüratla doğma ölkələrinizə qayıdacağınıza əminəm. Arzu edirəm ki, Azərbaycan hərbçilərinin yığma futbol komandası çempionatda Azərbaycan Silahlı Qüvvələrini və xalqımızı ləyaqətlə təmsil etsinlər.
Sonra çempionatda iştirak edən komandaların təntənəli keçidi olmuşdur.
Rəsmi
hissədən sonra əməkdar incəsənət xadimi,
polkovnik Abdulla Qurbaninin ssenarisi əsasında ədəbi-musiqili
xoreoqrafik kompozisiya təqdim edilmişdir.
Azərbaycan.-2013.- 3 iyul.- S.7.