Belarusun milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur

 

İyulun 2-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilmişdir.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç qonaqları salamlayaraq bildirmişdir ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran səfir bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulamışdır.

Bu ilin iyununda Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümünün qeyd edildiyini deyən səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun iki ölkə arasındakı münasibətlərin inkişafında xidmətlərini xatırlatmışdır. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləmişdir. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Abid Şərifov münasibətlərimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. Baş nazirin müavini Azərbaycanın sürətli iqtisadi inkişafı, bütün sahələrdə əldə etdiyi uğurlardan da danışmışdır.

Sonra iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin müşahidə şurasının sədri Xanlar Fətiyevə diplom təqdim olunmuşdur.

Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 3 iyul.- S.7.