Geologiya İnstitutunun əməkdaşları Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlamışlar

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlamışdır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Krımın Kerç yarımadasında aparılan işlərdə məqsəd Xəzər və Qara dənizlərdə palçıq vulkanlarının əmələgəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir.

Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərlik etdiyi ekspedisiya qrupu tədqiqatları Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) dəniz geologiyası və çöküntü filiz əmələgəlmə bölməsinin alimləri ilə birgə həyata keçirirlər. A.Əliyevin dediyinə görə, tədqiqatlar 2012-ci ilin noyabrında Geologiya İnstitutu ilə Ukraynadakı sözügedən qurum arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunmuşdur. UMEA-nın əməkdaşları ötən ay azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarının geniş intişar tapmış olduğu Şamaxı-Qobustan regionunda tədqiqatlar aparmışlar. Hazırkı ekspedisiya təcrübə mübadiləsinin davamıdır və palçıq vulkanlarının seysmikliklə əlaqəsinin öyrənilməsi baxımından da hər iki tərəf üçün əhəmiyyətlidir.

İyunun 27-də başlamış tədqiqatlar iyulun 3-də başa çatacaqdır.

 

Azərbaycan.-2013.- 3 iyul.- S.11.