Azərbaycanın Gömrük Xidməti
ÜGT sədrinin Avropa ölkələri üzrə
müavini seçilmişdir
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldəki baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Sessiyadan əvvəl Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Uruqvay, Braziliya, Qazaxıstan, Moldova, Ukrayna və bir sıra dövlətlərin gömrük xidmətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə əsasən sessiyanın gündəliyi, eləcə də bu ali quruma keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılmışdır. Sonra Azərbaycan, Avropa İttifaqı, Rusiya Federasiyası və İrlandiya gömrük xidmətlərinin rəhbərlərinin birgə görüşü olmuş, ÜGT sədrinin Avropa region üzrə müavini vəzifəsinə keçiriləcək seçkilərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Gömrük Əməkdaşlıq Şurasının sessiyasında ÜGT-nin baş katibi Kunio Mikuriya hesabat məruzəsi ilə çıxış etmiş, ötən bir ildə təşkilatın fəaliyyəti, görülmüş işlər, eləcə də ən önəmli tədbirlər barədə məlumat verilmiş, hesabatla bağlı müzakirələr aparılmışdır. Sessiyada regionlar üzrə aparılan məsləhətləşmələr çərçivəsində 51 ölkəni özündə birləşdirən Avropa regionu üzrə keçirilən görüş öz aktuallığı və prinsipiallığı ilə yaddaqalan olmuşdur. ÜGT-nin Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə, eləcə də baş katib vəzifəsinə seçkilər qısa müzakirələrlə yekunlaşsa da, ÜGT sədrinin müavini vəzifəsinə namizədlərlə bağlı məsələ geniş müzakirə edilmişdir. Belə ki, ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə üç namizəd irəli sürülmüşdür. Onlardan biri artıq 2 ildir bu postda çalışan Norveç Gömrük Xidməti, digəri MDB-yə üzv ölkələrin və Türkiyənin namizədi olan Azərbaycan Gömrük Xidməti, üçüncüsü isə Avropa İttifaqının namizədi idi.
Müzakirələrdən sonra Azərbaycanın Gömrük Xidməti 2013-2014-cü illər üçün ÜGT sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilmişdir.
Sessiyada
həmçinin ÜGT sədrinin digər regionlar üzrə
müavinləri seçilmiş, təşkilatın Siyasi
Komissiyasına, Maliyyə və Audit komitələrinə
namizədlər təsdiqlənmişdir. ÜGT-nin
baş katibi vəzifəsinə isə yeganə namizəd
olaraq yenidən Kunio Mikuriya, sədri postuna xanım Josefin Fihili
seçilmişlər.
Azərbaycan.-2013.- 3 iyul.- S.7.