Bakıda Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş elmi konfrans keçirilir

 

İyulun 2-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, 11 ölkəni təmsil edən tanınmış tədqiqatçılar da iştirak edir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın artıq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd etmiş, ölkəmizin qazandığı uğurlardan danışmış, Bakıda keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır.

Nazir demişdir: "Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir. Biz fəxr edirik ki, o dövrdə sufiliyin yaradılmasında, onun yayılmasında məhz Azərbaycanda dünyaya göz açmış Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin də rolu olmuşdur".

Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır.  O, zəngin, üçdilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir.       

Vurğulanmışdır ki, məhz həmin məktəb bu gün müxtəlif peşə sahələrinin insanlarını Azərbaycana gətirərək mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

 Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov  bildirmişdir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün Azərbaycanın həm İslam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva diqqətə çatdırmışdır ki, təmsil etdiyi qurumun mədəniyyət sahəsində əsas proqramlarından biri görkəmli şəxsiyyətlərin yubileylərinin və tarixi hadisələrin qeyd olunması proqramıdır. İki ildən bir üzv ölkələr UNESCO-ya öz namizədlərini təqdim edir və həmin namizədlər müəyyən meyarlardan keçdikdən sonra onların yubileylərinin bu beynəlxalq qurumun himayəsi altında keçirilməsinə başlanılır. Arıq Azərbaycan bu proqramda çox fəal iştirak etməkdədir.

G.Əfəndiyeva vurğulamışdır ki, Azərbaycanın UNESCO-dakı fəaliyyəti, ümumiyyətlə, çoxşaxəlidir. Bu günədək  bir çox görkəmli mütəfəkkir və ictimai elm xadimlərinin UNESCO səviyyəsində yubileylərinin təntənəli qeyd edilməsi bunun əyani sübutudur. Bu il də UNESCO səviyyəsində Azərbaycana aid üç yubiley tədbiri qeyd olunmaqdadır. Bunlardan biri görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, digəri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik, üçüncüsü isə bu gün qeyd etdiyimiz və bir neçə aydan sonra UNESCO-da da qeyd olunacaq böyük mütəfəkkirimiz Seyid Yəhya Bakuvinin vəfatının 550 illik yubileyi ilə bağlı olan tədbirlərdir.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi demişdir ki, Seyid Yəhya Bakuvi təkcə Azərbaycan xalqına məxsus deyil, o, dünyəvi bir alim, mütəfəkkir-filosofdur. Belə dahilərin yaratdıqları heç bir zamana sığmır, onların yaradıcılığı hər zaman öz aktuallığı ilə diqqəti cəlb edir. Onun zəngin təsəvvüfi-fəlsəfi və ədəbi əsərlərinin də əsasını sülhə, düzlüyə, dostluğa çağırış təşkil edirdi. Müasir zamanla onun yaradıcılıq axtarışlarını müqayisə etsək görərik ki, UNESCO-nun da əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq vasitəsilə davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Azərbaycan bu mənada bir nümunə kimi göstərilə və qəbul oluna bilər.

Konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransa Elmi Araşdırmalar Mərkəzinin araşdırmalar üzrə direktoru Tieri Zarkon və akademik Vasim Məmmədəliyev çıxış edərək konfransın işinə uğurlar arzulamışlar.

Bildirilmişdir ki, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyətinin artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən irəli sürüldüyünü görərik.

Bakıda təşkil edilmiş konfransın tarixi əhəmiyyət daşıdığını söyləyən natiqlər diqqətə çatdırmışlar ki, Seyid Yəhya Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan əvvəl yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur. O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir.

Vurğulanmışdır ki, Şamaxı şəhərində dünyaya göz açan Seyid Yəhya Bakuvinin əsərləri bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fikirləri bəşəriyyətə öz töhfəsini verməkdədir. Çünki bu əsərlərdə, fikirlərdə dünyaya sülh, demokratiya, insanlara bərabərlik, həmrəylik öz əksini tapmışdır. Elə buna görə də Seyid Yəhya Bakuvi kimi alimləri öyrənərək təbliğ etmək hər kəsin borcudur. Onun dünya elm tarixinə, eləcə də İslam dininə verdiyi töhfələr danılmazdır. Biz inanırıq ki, bu konfrans onun elmi irsinin daha dərindən öyrənilməsinə öz töhfəsini verəcəkdir.

Günün ikinci yarısında işini davam etdirən konfransda müxtəlif ölkələri təmsil edən alimlərin Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığına dair məruzələri dinlənilmişdir.

İyunun 3-də başa çatacaq konfransın iştirakçıları Seyid Yəhya Bakuvinin türbəsini də ziyarət edəcəklər.

 

Azərbaycan.-2013.- 3 iyul.- S.8.