Qədim İçərişəhərlə tanışlıq isveçrəli qonaqlarda zəngin təəssürat yaratmışdır

 

İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 2-də İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da nümayəndə heyətində böyük maraq doğurmuşdur.

İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə davam etdirilmişdir.

Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Filippo Lombardi təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 3 iyul.- S.8.