«İpək Yolu» IV
Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Musiqi Kolleci tələbələrinin
konserti olmuşdur
Azərbaycan
Bəstəkarlar İttifaqı (ABİ) və Şəki
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən "İpək Yolu" IV Beynəlxalq
musiqi festivalı artıq beşinci gündür ki, musiqisevərləri,
şəhərin qonaqlarını maraqlı və rəngarəng
konsert proqramları ilə sevindirir.
AzərTAc
xəbər verir ki, iyulun 2-də festival çərçivəsində
Şəki Musiqi Kollecinin konsert salonunda kollecin tələbələrinin
iştirakı ilə geniş konsert proqramı təqdim
olunmuşdur.
Konsertdən
əvvəl məlumat verilmişdir ki, 1958-ci ildən fəaliyyət
göstərən bu musiqi ocağında indiyədək 5 minə
yaxın orta ixtisas təhsilli musiqiçi
hazırlanmışdır. Kollecdə 6 şöbə -
fortepiano, orkestr alətləri, xalq çalğı alətləri,
xanəndəlik, xor dirijorluğu və musiqi nəzəriyyəsi
şöbələri fəaliyyət göstərir.
Hazırda kollecdə 403 tələbə musiqi təhsili
alır. "İpək Yolu" Beynəlxalq musiqi
festivalında fəal iştirakına görə kollecin
kollektivi 2010-cu ildə təşkilatçılar tərəfindən
diplomla mükafatlandırılmışdır.
Sonra
kollecin xor, xalq çalğı alətləri orkestri və
kamera ansamblı geniş konsert proqramı ilə
çıxış etmişdir. Tamaşaçılar
orkestrin ifasında Müslüm Maqomayevin "Radio
marşı" əsərini, xor və orkestrin ifasında
Qara Qarayevin "Xoşbəxtlik mahnısı"
kantatasını, İsmayıl Əliyevin "Bir əlində
qanun, birində Quran" odasını, kamera ansamblının
ifasında Üzeyir Hacıbəylinin
"Aşıqsayağı" və "Arazbarı" əsərlərini
dinləmişlər.
Konsertdə
həmçinin ulu öndər Heydər Əliyevin 90 illiyinə
həsr olunmuş Gənc ifaçıların II respublika
müsabiqəsinin diplomantları, kollecin tələbələri
Türkan Məmmədli, Xəyal Bəkirov, Leyla Əliheydərli,
Nuranə Bəkirova və Allahverdi Abdurəhimovun ifasında
klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri
səslənmişdir. Konsert alqışlarla
qarşılanmışdır.
Azərbaycan.-2013.- 3 iyul.- S.8.