Silahlı Qüvvələrimiz xalqımızın şərəf ünvanıdır

 

Prezident İlham ƏLİYEV: "Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır"

 

 

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi tamam oldu. 95 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Silahlı Qüvvələr xalqımızın şərəf, qürur ünvanıdır. Az qala bir əsr yaşı olan ordumuz hazırda özünün ən mükəmməl dövrünü yaşayır. Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır. Hər bir dövlət öz ordusunun inkişafı üçün əzmlə çalışır, bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Ümumilikdə götürəndə ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin güzgüsü sayıla bilər.

Azərbaycan da dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlərdə ordu quruculuğu pərakəndə halda idi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirildi. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Onun hər bir çıxışı ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad isə xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə inamını bir daha artırdı. Silahlı Qüvvələrin güclənməsi müstəqil dövlətimizin əsas uğurlarından biridir. Ordumuzun tarixi, əslində, müstəqilliyimizin və suverenliyimizin tarixidir. Bu tarixi xalqımız öz azadlığı və istiqlalı uğrunda mübarizə aparan övladlarının həyatı və qanı bahasına yaradıb.

Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçib. Müasir texnikalar alınıb və onların şəxsi heyət tərəfindən mənimsənilməsi prosesi başlanıb. Orduya çağırış sistemi təkmilləşdirilib, ölkədə hərbi vətənpərvərlik atmosferi yaradılıb. Azərbaycan artıq düşmən qarşısına düşünülmüş bir hərbi strategiya ilə çıxıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü ordunun yaranmasına səbəb olub. İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu beynəlxalq hərbi tədqiqat mərkəzləri, Ermənistan ordusunun generalları belə etiraf edirlər. Bugünkü Azərbaycan ordusu Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını yerinə yetirməyə hazır olan ciddi bir dövlət strukturudur. Ordu ilə cəmiyyət arasında sıx əlaqələr mövcuddur. Orduda xidmət hər bir gəncin şərəf məsələsinə çevrilib. Bütün bunlar ölkə rəhbərliyinin ordu quruculuğuna prioritet bir məsələ kimi yanaşmasının bariz nümunəsidir və şübhə yoxdur ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Silahlı Qüvvələrimizin qüdrətli olması üçün nə lazımdırsa edəcək.

 Hərbi paradlar Azərbaycan ordusunun gücünü göstərir. Son hərbi parad da yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı. Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir.

Eyni zamanda, Azərbaycan bu gün yerli istehsala da böyük diqqət göstərir. Son 8 il ərzində Azərbaycanda hərbi müdafiə sənayesi inkişaf edib. Hərbi zavodlarda 750 adda məhsul istehsal olunur. Bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Prezident İlham Əliyev hərbi paraddakı çıxışında bir daha bildirib ki, gələcəkdə də müdafiə sənayesində yerli istehsalın gücləndirilməsi ilə bağlı böyük planlar var. Azərbaycan artıq çox güclü hərbi sənayeyə malikdir. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, eyni zamanda, ölkəmizin ixrac imkanları da artmaqdadır.

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi  siyasəti də dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Buna bariz nümunə olaraq, cari il iyun ayının 24-də dövlət başçısının sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Müdafiə xərclərinin hər il artırılması, yeni yaşayış binalarının tikilməsi üçün büdcədən vəsaitin ayrılması, Ali Baş Komandan tərəfindən hərbi qulluqçulara daimi mənzillərin verilməsi dövlət qayğısının təzahürüdür.

Bu il ərzində hərbi qulluqçular 241 daimi, 487 yeni tikilmiş xidməti mənzillə təmin edilib və 271 xidməti mənzil isə əsaslı təmir edilərək onların istifadəsinə verilib. Bu ilin sonunadək 467 xidməti mənzil inşa edilib istifadəyə veriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq qurumları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı ildən-ilə inkişaf edir. Azərbaycan Respublikası dünyanın 31 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda daha 25 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 400-ə qədər müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir. Hazırda 21 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı fəaliyyət göstərir. NATO-nun 7 regional qərargahında isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri xidmət edirlər.

Bütün bunlar Azərbaycan dövlətinin ordu siyasətinin verdiyi nəticədir. Günü-gündən qüdrətlənən Azərbaycan və onun müasir ordusu dünyanın diqqət mərkəzindədir. Məhz bu faktlara əsaslanan Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddakı çıxışında əminliklə vurğulayıb: "Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər, - bir daha demək istəyirəm, tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır".

 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 3 iyul.- S.10.