Rəssam fırçasının qüdrəti

 

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində iz salmaq bəzən çox çətin olur. Amma yaradıcı insanların demək olar ki, hamısı buna səy göstərir, başqa sözlə desək, qalanlarla qalmağa çalışırlar. Etiraf edək ki, onları unudulmazlığa aparan bu yol axtarışlarla dolu çox çətinliklərdən keçir. Bəzən  zamanında duyulası şan-şöhrət qazanmış, cah-cəlal içində yaşamış sənət adamlarının belə adının tarixin onları xatırladacaq əbədiyyət saxlancından kənarda qaldığı da bu gün heç kimə sirr deyil.

Bu da çox vaxt  həmin yaradıcıların sənət ideallarına sona qədər sadiq qalmamalarından, ideologiyaya xidmətlərindən irəli gəlir. Qənaətimizcə, sənətdə qalmağın  yeganə yolu  yaradıcılıqda nümayiş etdirilən özünəməxsusluq və səmimilikdir.  Bu gün hər birimizə qürur bəxş edən Azərbaycan incəsənətinin, xüsusilə də onun təsviri sənət kimi önəmli sahəsinin şöhrətini davam etdirən yaradıcı məziyyətlərə malik  çoxsaylı rəssamlar  arasında əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun (1923-1990) özünəməxsus yeri vardır. Onun adı çəkiləndə hər bir sənətsevərin gözü qarşısında həm də qeyri-adi dərəcədə təvazökar olan rəssamın yaratdığı dadlı-duzlu karikatura və şarjlarının canlanması yəqin ki, bir yaradıcı kimi Nəcəfqulu İsmayılovun elə zamanında sənətdə qazana biləcəyi və çoxlarına nəsib olmayan  ən böyük qiymətdir.

Əslində, onun zəngin yaradıcılığı təkcə yumorla bağlı olmamışdır. Yəqin ki, onun daha çox satirik rəssam kimi xatırlanması bilavasitə həmin sahədə qazandığı böyük uğurlarla, əsərlərinin bənzərsizliyi ilə bağlıdır.

1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu  bitirən Nəcəfqulu İsmayılov bir çox həmkarları kimi keçmiş SSRİ-nin böyük şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarına getməmiş, təhsilsonrası bilavasitə doğma Bakıda yaradıcılığa başlamışdır. Amma yenicə fəaliyyətə başlayan gənc rəssam çox tezliklə xəyallarında gəzdirdiyi  yaradıcılıq planlarını ertələməyə məcbur oldu. Buna səbəb İkinci Dünya savaşının başlanması idi. O, arxa cəbhədə qalan və gündəlik bədii yaradıcılığı ilə döyüşçülərimizi düşmən üzərində qələbəyə ruhlandıran başqa həmkarları ilə birlikdə təbliğat xarakterli işlər görməyə başlayır. Onun həmin illərdə yaratdığı Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov və Adil Quliyevin portretləri yüksək bədii-estetik tutumuna görə bu gün də öz bədii-tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır. Müharibə illərində Bakıda təşkil olunan sərgilərdə gənc Nəcəfqulunun Şah İsmayıl Xətai, Xan qızı Natəvan, Qubalı Fətəli xan, Abasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və  Molla Pənah Vaqif  kimi görkəmli şəxsiyyətləri əks etdirən portretlər yaratması da səbəbsiz olmayıb, gecə-gündüz mübarizə aparan soydaşlarımıza necə bir şərəfli tarixin daşıyıcıları, qüdrətli şəxsiyyətlərin xələfləri olmalarını xatırlatmaq və onları qələbəyə ruhlandırmaq  məqsədi daşıyırdı. Müharibədən sonra da rəssamın portret janrına olan marağının azalmaması həm də onun bu sahədə yaddaqalan və özünəməxsus bədii keyfiyyətlərə malik əsərlər yaratması ilə bağlı idi. Bu mənada  ərsəyə gətirilən Şah İsmayıl Xətai, Cəlil Məmmədquluzadə, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa portretlərində rəssamın obrazların daxili aləmini, psixoloji yaşantılarını  bütün dolğunluğu ilə göstərmək istedadını müşahidə etmək mümkündür. Rəssamın görkəmli tarixi və ədəbi şəxsiyyətlərə xas fərdi mənəvi-psixoloji keyfiyyətləri böyük sənətkarlıqla ümumiləşdirməsinin nəticəsidir ki, kətan üzərində gerçəkləşənlər müsbət dəyərlərin daşıyıcısı olan obrazlar kimi  hamı tərəfindən rəğbətlə qarşılanıb. Elə zamanında Nəcəfqulu İsmayılovun portretlərinə xas olan bu bədii-estetik keyfiyyətləri çox incəliklə xalq şairi Bəxtiyar Vahabzadə də duymuşdu. O, özünün "Sadəlikdə böyüklük" kitabında rəssamın çəkdiyi portretlə "görüşü"nü belə təsəvvür edir: "Bir neçə il əvvəl dostlarımla bərabər "Ulduz" jurnalına baxırdıq. Gözəl bir şəkil gördüm: "Ana". Diksinən kimi oldum. Bu ana eynən mənim anama oxşayırdı. Bir az da diqqətlə baxdım, yox, bu nənəmə də oxşayırdı. Dostlarım da baxdı. Hər biri bu ananı öz anasına oxşatdı.  Şəklin müəllifi rəssam Nəcəfqulu idi. Dərhal ona telefon edib təbrik elədim. Məlum oldu ki, rəssam bu şəkli çəkərkən bir ananı nəzərdə tutmuş, lakin əsər bir ananın deyil, Azərbaycan anasının, bəlkə də ümumiyyətlə, analığın himni kimi meydana çıxmışdır. Ona görə ki, rəssam bir ananın şəxsiyyətində analığı qələmə almış, bədii ümumiləşdirmə yolu ilə getmişdir. Şəkildə ana Azərbaycan milli xalçasının fonunda təsvir olunur. Ana toxumaqda olduğu yun corabı yumaqla bərabər taxtın üstünə qoymuş, əlində məktub tutmuşdur. Buradakı daxili dinamika tamaşaçını düşünməyə vadar edir. Məktub yəqin ki, ananın oğlundan gəlmişdir. Fikir fikri çəkir, görəsən oğlu nə yazıb? Ana niyə düşüncəlidir? Niyə dalğındır? Bəlkə məktubda anaya xoş olmayan bir xəbər yazılıb? Bəlkə oğul ananı yanına çağırır? Şəkil o qədər dinamik və inandırıcıdır ki, ananın üzündəki düşüncə dərhal tamaşaçıya sirayət edir. Cansız tablodan aldığımız bu canlı təəssürat, əlbəttə, sənətin qüdrətidir..."

Görkəmli söz xiridarının "Ana" (1967) əsəri barəsində söylədiyi qiymətli poetik  fikirlərlə  razılaşmamaq çətindir. Belə ki, şair dəyərləndirməsi bilavasitə Nəcəfqulu İsmayılovun bütün yaradıcılığının  mayasını təşkil edən təsvir obyektinə səmimi münasibətdən qaynaqlanır. Belə sənətkar səmimiliyi sonda rəssamın onu başqalarından fərqləndirəcək  fərdi dəst-xəttinin, yaradıcı özünəməxsusluğunun yaranmasına gətirib çıxarmışdır desək, yanılmarıq. Etiraf edək ki, bu cür özünütəsdiq taleyini sənətə bağlayan hər adama müyəssər olmur. Demək lazımdır ki, rəssam bu fərdi bədii-yaradıcılıq keyfiyyətlərini portretlə yanaşı, süjetli tablo və mənzərə janrlarında çəkdiyi əsərlərdə, eləcə də zəngin qrafik yaradıcılığında da nümayiş etdirmişdir. Dediklərimizi ümumiləşdirməli olsaq, onda Nəcəfqulu İsmayılovun təsviri sənətimizdə öz sənətkar "mən"ini təsdiqləyən rəssamların sırasına daxil olduğunu qeyd etməliyik.

Yaratdığı mənalı, koloritli rəsmlərin qarşılığında daha çox satirik rəssam kimi tanınan sənətarın digər əsərlərində də tamaşaçını özünə cəlb  edə biləcək bədii məziyyətlər kifayət qədərdir. Bu mənada, ilk növbədə, onun işlədiyi "Nəsiminin edamı" (1958) əsərinin adını çəkmək istərdik. Otuzuncu illərdə diplom işi üçün bu mövzunu seçən rəssam  N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə yenidən bu süjetə qayıtmalı olmuşdur. Azərbaycan tarixinə həm də əqidəsinə sədaqətlik nümunəsi  sərgiləyən bir yaradıcı kimi daxil olan Nəsiminin ölüm ayağındakı dəyanəti bu gün də dillər əzbəridir. Elə Nəcəfqulu da çəkdiyi iriölçülü tablo üçün həmin anın təsvirini seçmişdir. Sonralar rəssam bu əsərdən söz düşəndə tez-tez şairin məşhur

 

 

"Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz", - 

 

 

beytini bu əsəri üçün  leytmotiv seçdiyini vurğulayardı. Doğrudan da, üfüqi kompozisiyada edam ərəfəsində təsvirə gətirilən şairin görkəmi səsləndirdiyi sözlərə müvafiq - qürurlu və cəlbedicidir. Qüruba enməkdə olan Günəşin yaratdığı isti rəng çalarlarının yaşanan gərginliyə özünəməxsus ruh verməsi də kifayət qədər duyulandır. Bütün bu müsbət məziyyətlər, heç şübhəsiz, rəssamın nümayiş etdirdiyi yüksək sənətkarlıq sayəsində gerçəkləşmişdir...

Bu yerdə əlavə edək ki, Nəcəfqulu İsmayılov xalqımızın uzaq-yaxın tarixinə olan marağını bütün yaradıcılığı boyu nümayiş etdirmişdir. Bu da, heç şübhəsiz, onun bu şərəfli və qürurverici tarixdə özünə yeni-yeni süjetlər tapa bilməsi ilə bağlı olmuşdur. Onun Şah İsmayıl Xətainin hökmdar və şair qüdrətini, Nəsrəddin Tusinin intellekt zənginliyini, Məhəmməd Füzuli şəxsiyyətinin müdrikliyini, Üzeyir Hacıbəylinin dühasının böyüklüyünü, Hüseyn Cavidin yenilməzliyini, Səttar Bəhlulzadənin sənətkar çılğınlığını, xeyriyyəçi Mahmud ağanın himayədarlığını özündə yaşadan portretlərin həm də bədii-tarixi əhəmiyyət daşıdığını vurğulamalıyıq. Bu əsərlərin məziyyəti onlarda təsvir olunan və hər birimizə zamanında olduğu kimi çox-çox sonralar da işıqlı əməlləri ilə qürurdoğuruculuq bəxş edən şəxsiyyətlərin obrazlarının yaddaqalanlığını  yeni-yeni  nəsillərə də inandırıcı şəkildə ötürə bilməsindədir.

Rəssamın bütün yaradıcılığı üçün səciyyəvi olan tarixiliyi onun çəkdiyi çoxsaylı mənzərələrdə də izləmək mümkündür. Doğma yurdumuzun ayrı-ayrı guşələrinin müxtəlif illərdə təsvirə alınmış görüntüləri kifayət qədər real-gerçəkçi bədii həllə tapındığından bir qayda olaraq özündə müəyyən zamanı yaşadan tarixi anın bədii görkəmini yaşatmaqdadır. Bu mənada Nəcəfqulu İsmayılovun yurdumuzun gözəlliklərinə vurğunluğunu əks etdirən "Qusar mənzərəsi" (1950),  "Qubadlı motivi" (1952), "Stansiyaya yol" (1952), "Pirşağı" (1957), "Dəniz sahili" (1961), "İstisu dağlarında" (1964), "Dağ mənzərəsi" (1968) və s. lövhələrinin adını çəkmək olar.

Vurğuladığımız kimi, Nəcəfqulu təsviri sənət məkanında daha çox bənzərsiz qrafika ustası kimi tanınmışdır. Bu da, heç şübhəsiz, rəssamın jurnal-kitab qrafikası sahəsində davamlı və məhsuldar çalışmasının nəticəsidir. Məlumdur ki, o, 1952-ci ildən başlayaraq 25 il ərzində respublikada yenicə nəşrə başlayan "Kirpi" satirik jurnalının baş rəssamı olmuşdur. Həmin müddətdə onun cəmiyyətdə çox məşhur olan bu jurnalda 500-dən çox müxtəlif mövzulara həsr olunmuş karikaturaları çap olunmuşdur. Nəcəfqulu İsmayılovun 1977-ci ildə Bakıda təşkil olunan fərdi sərgisinin kataloquna ön söz yazan yazıçı Seyfəddin Dağlının onu "Əzim Əzimzadənin xələfi" adlandırmasını da rəssamın yüksək sənətkarlığını təsdiqləyən dəyərləndirmə saymaq olar. Süjet aydınlığı ilə seçilən həmin satirik rəsmlərdə rəssamın dövrünün aktual problemlərinə, rastlaşdığı neqativ hallara və cəmiyyətdəki mənfi tiplərə  qarşı barışmaz mövqe nümayişini müşahidə etmək mümkündür. Bu rəsmlərdə müşahidə olunan mübaliğə, qrotesk, kinayə və ironiya onların hər birinin məna-məzmun və bədii cəhətdən yaddaqalanlığına səbəb olmuşdur desək, yanılmarıq. Rəssamın mübariz fırçasından çıxmış "İncəsənət meymunları", "Uşağın onillik attestatını düzəltdim, ali məktəbə də gərək onu siz düzəldəsiniz", "Atam, anam, qulluqçumuz və mən", "İnstituta imtahan verənlərin azarkeşləri", "İsti yuva" və s. rəsmləri  bu qəbildəndir.

Nəcəfqulu İsmayılovun satirik duyumunu bir qədər fərqli tutumlu ifadəsi onun bütün yaradıcılığı boyu çəkdiyi dostluq şarjlarında da  duyulmaqdadır. Rəssamın  Qara Qarayev, Fikrət Əmirov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Sabit Rəhman, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Mustafa Mərdanov, Nəsibə Zeynalova, Əlağa Ağayev və başqalarına həsr olunmuş şarjlarında bu məşhurların tanış portret cizgiləri  onların davranışında müşahidə olunan səciyyəvi adətlərlə qoşalaşdırıldığından rəsmlər cəlbedici və istər-istəməz təbəssüm doğurandır.

1962-ci ildə ölkəmizdə görkəmli satirik şairimiz M.Ə.Sabirin anadan olmasının 100 illiyi qeyd olunarkən yenidən nəşr olunan "Hophopnamə"nin bədii tərtibatının Nəcəfqulu İsmayılova etibar edilməsi də onun dahi söz ustasının şeirlərindəki çoxqatlı mənaya yaddaqalan bədii görüntü verə bilmək istedadına inamın göstəricisi idi. Bu gün duyulası zaman distansiyasından həmin kitabı bəzəyən 30-dan çox illüstrasiyanı dəyərləndirməli olsaq, onda, ilk növbədə, bu rəsmlərdə M.Ə.Sabir poeziyasına yönəli Ə.Əzimzadə yanaşmasının uğurla davam etdirildiyini söyləmək olar. Şairin məşhur beytlərinə Nəcəfqulunun çəkdiyi satirik rəsmlərdə tənqidlə yanaşı, oxucunu - tamaşaçını düşündürməyə məcbur edən bədii-estetik keyfiyyətlər də kifayət qədərdir. Onlarda müəyyən məqamlarda mövzuya Ə.Əzimzadə baxışı ilə səsləşən məqamlara rast gəlsək də, bütünlükdə Nəcəfqulunun bədii şərhi bütün mənalarda yeni və cəlbedici olmuşdur.

Rəssamın müxtəlif illərdə işıq üzü görmüş "Mirzə Fətəlinin tipləri" (1962) və "Köhnə Bakıda" (1988) kitablarında yer almış rəsmlərində də onun uzaq-yaxın keçmişimizə gözoxşayan bədii görkəm vermək bacarığını görmək mümkündür. Bu rəsmlərdə müəllifin qədim memarlığımıza, milli adət-ənənələrimizə və zəngin etnoqrafiyamıza bələdçiliyi özünün yaddaqalan bədii ifadəsini almışdır. Nəcəfqulunun daha sonra nəşr etdirdiyi "Azərbaycan geyimləri (tiplər)" albomu da onun illərlə yaratdığımız etnoqrafik dəyərlərin  qorunub saxlanılmasına xidmət edən və hər cür təqdirəlayiq bir yaradıcılıq nümunəsidir.

Nəcəfqulu İsmayılov hər bir kitab rəssamı üçün önəmli hesab oluna biləcək mətni incəliklərinə kimi "oxumaq" və ona oxucuya əyanilik bəxş edə biləcək bədii tutum verə bilmək istedadını bir çox kitablara verdiyi tərtibatlarda sərgiləyə bilmişdir. Onun Cəlil Məmmədquluzadənin əsərlərinə ("Ölülər", "Qurbanəli bəy", "Usta Zeynal") çəkdiyi illüstrasiyalarda yazıçı təxəyyülünün nəticəsi olan koloritli obrazların oynaq qrafik cizgilərdə hifz olunan gözoxşayan və düşündürücü ifadəsini görürük.

Nəcəfqulu İsmayılovun çoxşaxəli yaradıcılığında adətən heykəltəraşların müraciət etdikləri qalvanika, qalvanoplastika, barelyef  kimi heykəltəraşlıq formalarına müraciət etməklə, özünün  rəngkarlıq və qrafika duyumunu plastik biçimdə ifadə etməsini də Azərbaycan rəssamlığı üçün yenilik saymaq olar. Elə M.Ə.Sabir, C.Məmmədquluzadə, Q.Qarayev, S.Bəhlulzadə, C.Cabbarlı, A.Şaiq, F.Əmirov, Ü.Hacıbəyli və başqalarına həsr olunmuş rəsm nümunələrində məhz adları çəkilən müxtəlif sənət növlərinin bədii prinsiplərinin uğurlu qovşağını görmək mümkündür.

Rəssamın yaradıcılığı boyu bir neçə dəfə teatr tamaşalarının tərtibatına cəlb edilməsini də onun rəngkarlıq və qrafika sahəsində gerçəkləşdirdiyi ən müxtəlif mövzular üçün  cəlbedici məkan həlli tapması, obrazları yaddaqalan görkəmdə təqdim edə bilməsi ilə əlaqələndirmək olar. Teatr həvəskarlarının yaşlı nəsli indi də Nəcəfqulu İsmayılovun "Ölülər" (C.Məmmədquluzadə), "Nişanlı qız" (S.Rəhman), "Hamlet" və "Otello" (V.Şekspir) tamaşalarına verdiyi bədii tərtibatları, yaratdığı geyim eskizlərini yaxşı xatırlayırlar.

Nəcəfqulu İsmayılovun səmərəli yaradıcılıq fəaliyyəti  layiqincə qiymətləndirilmiş və 1985-ci ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Heç şübhəsiz, bunu, ilk növbədə, təvazökarlığı çoxlarına nümunə ola biləcək rəssamın müxtəlif mövzu və janrlarda yaratdığı rəngkarlıq və qrafika əsərlərinin müxtəlif muzey və qalereyaların ekspozisiyalarını bəzəməsi, sərgi salonlarında onun bənzərsiz təxəyyülünün nəticəsi olan lövhələrinin tamaşaçılar tərəfindən arzulanan olması şərtləndirmişdir. Rəssamın adının bu gün müxtəlif elmi tədqiqat əsərlərində, Azərbaycan təsviri sənətinə həsr olunmuş kitablarda  vurğulanması göstərir ki, o, milli təsviri sənət tariximizdə iz salan və buna görə də zaman-zaman xatırlanacaq sənətkarlardandır...

 

 

Ziyadxan ƏLİYEV,

sənətşünas, əməkdar incəsənət xadimi

 

Azərbaycan.-2013.- 3 iyul.- S.11.